Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Soyuq günlərində cildimiz həssaslaşır.
Qış mövsümü dəri qatına mənfi təsir edir və dəri daha kövrək olur. Bəs soyuq havalarda üz dərimizi necə qoruyaq?
Bu barədə kosmetoloq Gülər İbrahimova Redaktor.az-a açıqlamasında deyib ki, qış fəslində ilk növbədə daxildən balansımızı qoruyub saxlamaq lazımdır: "Bunun üçün gün ərzində bol maye içməliyik.
Hər 30 kiloya təxminən bir litr su düşür. Yəni pasientin çəkisi 60 kiloqramdırsa, o, gün ərzində iki litr adi su qəbul etməlidir.
Bundan başqa, dərinin səthini qorumaq üçün tərkibi spirtli toniklər var. Bunların istifadəsini qış aylarında dayandırmaq lazımdır.
Çünki soyuq havanın təsiri və həmin toniklər üst-üstə gələndə dərini qurudur. Bunun yerinə üzü ilıq su ilə yumaq məsləhətdir.
Daha sonra dəri tipimizə uyğun nəmləndirici istifadə etmək mütləqdir.
Həmçinin bəzi prosedurlar var, hansı ki, tərkibində hialuron turşusu olan biovitalizantlardır və dərinin altına inyeksiya etdikdən sonra dərini qurumağa qoymur, nəm balansını qoruyub saxlayır.