“Soyuq müharibə” geri qayıdırmı?

04.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

NATO-nun Avropada nüvə planı

Şimali Atlantika Alyansı (NATO) Rusiyanın təhdidlərini nəzərə alaraq, Avropada nüvə silahından çəkindirməni gücləndirmək üçün planlar hazırlayır. “Deutsche Presse-Agentur”nın (“DPA”) iyulun 31-də verdiyi məlumata görə, təhlükəsizlik sahəsində vəziyyətin daha da gərginləşdiyi şəraitdə, nüvə silahı Polşa, Finlandiya və Litvada da yerləşdirilə bilər.

NATO-nun planında söhbət qoşunlara, aerodromlara, limanlara, komanda məntəqələrinə və hərbi infrastrukturun digər elementlərinə qarşı istifadə üçün nəzərdə tutulmuş qeyri-strateji nüvə silahlarından gedir. Bu cür sursatlar hədəflərə qırıcı təyyarələr və ya qanadlı raketlər vasitəsilə çatdırılır. Onlar strateji nüvə silahlarından daha az gücə malikdirlər.

NATO-nun baş katibi Mark Rutte “DPA”ya verdiyi müsahibədə ABŞ-ın əlavə nüvə silahlarının Avropada yerləşdirilməsi ehtimalını istisna etməmişdir. O, davam edən müzakirələrin təfərrüatları barədə şərh verməkdən imtina edərək bildirib ki, “biz heç kimin cavab tədbiri ilə üzləşmədən bizə qarşı nüvə zərbəsi endirə bilməyəcəyinə əmin olmalıyıq”.

“DPA” agentliyinin məlumatına görə, “soyuq müharibə”nin bitməsindən və nüvə arsenalının azaldılmasından sonra Avropada təxminən 100 ABŞ B61-12 nüvə bombası qalıb. Onlar “Nuclear Sharing” (“Nüvə paylaşımı”) proqramının bir hissəsi olaraq beş NATO ölkəsindəki altı hava bazasında - Almaniya, Belçika, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib.

Baş katib Ruttedən bir müddət əvvəl Litva prezidenti Gitanas Nausėda Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Vilnüsün NATO-nun nüvə əleyhinə sisteminə qoşulmağa hazır olduğunu açıqlamışdı. Eyni zamanda, o qeyd etmişdi ki, Litvanın hazırkı sülh dövründə öz ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı heç bir planı yoxdur.

İyunun sonunda Finlandiya Atom Enerjisi Qanununa düzəlişlər qəbul edərək, öz ərazisində nüvə silahlarının idxalı və yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmişdi və düzəlişlər iyulun 1-də artıq qüvvəyə minib.

İllərdir Avropada nüvə başlıqlarının sayı azalır. Lakin bu xəbərlər göstərir ki, indi bu tendensiyanın sona çatdığına dair açıq əlamətlər var. Yeni silahlanma yarışı yaxınlaşmaqdadır: Rusiyadan gələn təhdidlərə cavab olaraq, Şimali Atlantika Alyansı Avropada nüvə silahından çəkindirməni gücləndirmək üçün planlar hazırlayır. “DPA”nın araşdırmasına görə, ekspertlər hətta ABŞ-ın artıq Böyük Britaniyadakı Leykenhit Hərbi Hava Qüvvələri Bazasına B61-12 bombaları yerləşdirdiyini irəli sürürlər.

Aprel ayında İstanbulda keçirilən NATO-nun nüvə siyasəti Simpoziumunda Rutte tədbirlərin sadəcə mövcud sistemlərin dəyişdirilməsi və modernləşdirilməsindən kənara çıxa biləcəyinə işarə etmişdi. Daha sonra o, alyansın nüvə imkanlarının pisləşən təhlükəsizlik mühitinə necə uyğunlaşdırılacağı ilə bağlı vacib qərarlar qəbul edilməli olduğunu bildirdi.

İyun ayında Alyansın Nüvə Planlaşdırma Qrupunun son iclasından sonra təxminən 20 ildən sonra ilk dəfə bir bəyanat dərc edildi. Orada müttəfiqlər NATO-nun nüvə imkanlarını modernləşdirməyə, nüvə planlaşdırma imkanlarını gücləndirməyə və çəkindirmə mövqeyini uyğunlaşdırmağa davam etmək niyyətlərini bir daha təsdiqlədilər.

Analitik ekspert mərkəzlərinin mütəxəssisləri vəziyyətin nəzəri olaraq, prosesin necə inkişaf edə biləcəyini geniş şərh edirlər. ABŞ-ın nüvə silahları üzrə mütəxəssisi Robert Peters Almaniyanın xəbər agentliyinə bildirib ki, Vaşinqtonun növbəti 24 ay ərzində Avropada nüvə çəkindirmə qabiliyyətini gücləndirmək perspektivlərinə nikbin baxır. O, iddia edir ki, bu Prezident Donald Trampa Rusiya ilə açıq münaqişə ehtimalını azaltmağa kömək edəcək.

Beləliklə, Birləşmiş Ştatların yenidən nüvə silahlanması Trampın gələcəkdə Avropanın ənənəvi müdafiəsinə töhfəsini əhəmiyyətli dərəcədə azaltmaq planları ilə ziddiyyət təşkil etməyəcək. Peters hesab edir ki, Avropada, ehtimal ki, Polşa və Finlandiyada, əlavə 100-150 qeyri-strateji Amerika nüvə başlığı yerləşdirmək məqsədəuyğun olardı. Bu isə orada yeni saxlanc obyektlərinin tikilməsini tələb edərdi.

Lakin bu, o qədər də çətin iş deyil və bir neçə ay ərzində yerinə yetirilə bilər. Respublikaçılara meylli mühafizəkar “Heritage Foundation”da çalışan Peters bildirib ki, “Bizdə açıq-aydın döyüş başlıqları çatışmazlığı var”. O, qeyri-strateji nüvə silahlarının sayında Rusiyanın 10 dəfədən çox üstünlüyə malik olduğunu təxmin edir.

ABŞ hökumətinin sabiq rəsmisi və NATO-nun nüvə siyasəti üzrə keçmiş direktoru Cim Stoks da “yeni növ nüvə imkanlarının” tətbiq edilməsinin məqsədəuyğun olacağına inanır. “Lakin bu, alyansın döyüş başlıqlarının sayında Rusiyaya çatması demək deyil”, – deyə o vurğulayıb. “Hər şeydən əvvəl, bu yeni imkanlar Amerikanın genişləndirilmiş nüvə çəkindirmə qüvvələrinə və nəticədə müttəfiqləri üçün nüvə təhlükəsizliyi zəmanətlərinə davamlı sadiqliyini göstərə bilər”.

Stoks döyüş təyyarələri üçün nəzərdə tutulmuş B61 bombalarından əlavə, ABŞ-ın “soyuq müharibə” dövründə Avropada yerləşdirdiyi daha geniş nüvə sistemlərini qeyd edib. Məsələn, 1979-cu ildə alyans tərəfdaşları nüvə sistemlərini modernləşdirmək və yeni vasitələri yerləşdirmək qərarına gəliblər. Bunlara “Pershing II” kimi ortamənzilli ballistik raketlər və “BGM-109G Gryphon” kimi yerüstü qanadlı raketlər daxil idi.

Müdafiə məsələləri üzrə ekspert həmçinin hesab edir ki, hərbi baxımdan Amerika nüvə bombalarını Rusiyaya daha yaxın yerə köçürməyə ehtiyac yoxdur. Bu cür əməliyyatları Qərbi Avropadan da həyata keçirmək olar. Lakin digər müttəfiqlərin daha yaxından iştirakı məqsədəuyğun olardı, məsələn, nüvə əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulan döyüş təyyarələri, havada yanacaq doldurma, kəşfiyyat, müşayiət, təlimlər və ya idarəetmə üçün nəzərdə tutulmuş sahələrdə. Belə yanaşma, ölkələrin özlərindən Amerika nüvə silahlarını saxlamağı tələb etmədən müəyyən üstünlüklər təklif edə bilər.

“Biz istəyirik ki, Prezident Putin hər səhər oyansın, bir fincan qəhvə içsin və “bu gün hücum günü deyil”, desin”, – deyə Stoks “DPA”ya bildirib. O, əlavə edib ki, NATO yaranandan bəri bu sistem işləyir. Heç bir dövlət alyansa hücum etməyib.

Rutte və ekspertlər əsasən Fransanın rəhbərlik etdiyi Avropa nüvə çətiri yaratmaq səylərini ABŞ-ın mümkün əvəzedicisi deyil, sadəcə onun bir əlavəsi kimi görürlər. Baş katib “DPA” xəbər agentliyinə bildirib ki, Amerika nüvə çətiri müttəfiqlər üçün azadlıq və təhlükəsizliyin əsas zəmanəti olaraq qalır. Lakin Fransa təşəbbüsü əlavə qoruma təbəqəsi təmin edir. Stoks da Fransanın imkanlarını üstün bir tamamlayıcı kimi təsvir edib. Onun sözlərinə görə, Paris döyüş başlıqları, çatdırılma sistemləri və platformalar sahəsindəki Amerika imkanlarını əvəz edə bilməz. Bu eynən Böyük Britaniyanın imkanlarına da aiddir.

NATO daxilindəki mənbələrə görə, alyansın nüvə çəkindirmə potensialının genişləndirilməsi ilə bağlı qərarların elan edilib-edilməyəcəyi və necə elan ediləcəyi hələlik məlum deyil. Buna görə də seçimlərdən biri Rusiyanı konkret addımlar barədə qeyri-müəyyən vəziyyətdə saxlamaq olardı. Bu yanaşma mövcud təcrübəyə də uyğun gəlir. Beləliklə, NATO və ABŞ hökuməti Amerika nüvə silahlarının Avropada yerləşdirildiyini təsdiqləsələr də, onların dəqiq sayı və dislokasiya yerlərinin tam siyahısı məxfi olaraq qalır.

NATO-nun müzakirəyə çıxarılan bu niyyətləri və planları Qərb ölkələrində heç də birmənalı qarşılanmır. Elə Almaniyanın digər bir mətbu orqanı – “Junge Welt” nəşri NATO-nun Avropada nüvə silahlarının artırılması ilə bağlı planlarından ciddi narahatlığını bildirib. Müəlliflər xəbərdarlıq edirlər ki, alyansın bu addımları Moskvanın hərbi qisas almasına səbəb olacaq.

Nəşr vurğulayır ki, Şimali Atlantika Alyansı artıq davamlı olaraq nüvə arsenalını yenidən təşkil edir və bunu Moskvaya qarşı təsir uğrunda mübarizənin bir hissəsi kimi görür. Müşahidəçilər xüsusilə alyansın daxilində müzakirə edilən NATO-nun niyyətlərindən narahatdırlar. Buraya yeni nüvə silahlarının dəqiq yerləri barədə Moskvaya məlumat verməkdən imtina etmək də daxildir. “Junge Welt” nəşri vurğulayır ki, belə bir addım yalnız gərginliyi və qeyri-müəyyənliyi artıracaq və nəticədə Kremlin cavab ehtimalını artıracaq.

Alman nəşri yekun olaraq qeyd edir ki, “Moskva çətin, əli qoynunda oturub gözləsin və yəqin ki, buna cavab olaraq silahlanmağa başlayacaq”.

Amma silahlanmadan əvvəl Moskvanın beynəlxalq səviyyədə xəbərdarlıqları eşidilməyə başlandı. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov iyulun 28-də ABŞ, Almaniya və Böyük Britaniyanın nüvə silahının yayılmaması rejimini pozmağa çalışdığını qeyd etdi. O, həmçinin nüvə “üçlüyü”nün vəziyyətə görə məsuliyyəti gah Rusiyanın, gah Çinin, gah da Şimali Koreya və İranın üzərinə qoymağa çalışdığını vurğulayıb.

Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: dünyanın hazırkı gərgin siyasi şəraitində Rusiyanın nüvə silahından istifadə ssenarisi nə dərəcədə realdır?

Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının prezidenti Dmitri Trenin bilavasitə bu suala cavab olaraq deyib: “Rusiyanın nüvə doktrinası Moskvanın nüvə silahından qeyri-nüvə münaqişəsində istifadə şərtlərini aydın şəkildə müəyyən edir. Bu şərtlərə ya kütləvi hava və kosmik zərbələr, ya da Ukrayna kimi nüvə silahı olmayan bir dövlətin nüvə dövləti - ABŞ, Böyük Britaniya və ya Fransa ilə ittifaqda bizə və ya müttəfiqimiz Belarusa qarşı təcavüzü daxildir. Hazırda bu ölkələrin Ukraynadakı münaqişədə iştirak səviyyəsi daim artır. Düşmənlərimiz Rusiyanın nüvə silahından yalnız öz ərazisinə nüvə hücumuna cavab olaraq istifadə edəcəyinə inanırlar. Bu, təhlükəli və yanlış bir təsəvvürdür”.

Trenin daha sonra deyib: “Qərb açıq şəkildə Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi güdür və ölkəmizin ərazisinin dərinliklərinə raket və pilotsuz təyyarə zərbələrinin artmasına güvənir. Bu, birbaşa Rusiya ilə NATO arasında müharibəyə gətirib çıxarır”.

Trenin həmçinin vurğulayırb ki, “nüvə silahları, ilk növbədə, çəkindirmə vasitəsidir. Onlardan yalnız çəkindirmənin özü uğursuz olduqda istifadə olunur. Hələlik belə bir nəticəyə gəlmək olar ki, Qərbə qarşı nüvə vasitələrimiz “uğursuz” olub. Rusiyanın düşmənləri qorxularını itiriblər və “soyuq müharibə” dövründən fərqli olaraq qarşılarına daha qəti məqsədlər qoyublar. Amma unutmaq olmaz ki, nüvə silahlarının çəkindirici rolunu görməməzlikdən gəlmək birbaşa müharibəyə gətirib çıxarır. Ukraynadakı münaqişədə məhz bunu görürük”.

“Financial Times” qəzeti də son xəbərlərində ABŞ-ın Avropa ölkələrində nüvə arsenalının genişləndirilməsi ilə bağlı danışıqlar apardığı və Rusiyanın sərhədlərinə yaxın ölkələrin buna daha böyük maraq göstərdiyi təsdiqini tapıb.

Qəzet yazır: “Amerika rəsmiləri nüvə silahı daşıyan bombardmançı təyyarələrin artıq yerləşdiyi 6 ölkənin xaricində də bazalar yaratmaq istəyini bildiriblər. Bu, potensial olaraq daha çox ölkəyə öz ərazilərində nüvə zərbələri endirə bilən ikili təyinatlı Amerika təyyarələrini yerləşdirməyə imkan verəcək”.

“Financial Times” həmçinin onu da təsdiqləyir ki, NATO-nun Şərq cinahındakı ölkələr, xüsusən də Polşa və Baltikyanı ölkələr, Amerikanın nüvə silahı daşıyan bombardmançı təyyarələrini öz ərazilərində yerləşdirməkdə maraqlı olduqlarını bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu məsələlərlə bağlı sərt xəbərdarlıq etmişdir ki, ABŞ-ın nüvə arsenalını Strateji Silahların Azaldılması Müqaviləsindən kənara çıxarmaq planları Moskva tərəfindən cavabsız qalmayacaq.

Dünyanın onilliklər sonra yenidən sürətlə silahlanması, xüsusilə də nüvə başlıqları ilə silahlanması heç də yaxşı perspektiv vəd etmir.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью