Söz də tapa bilmirsən, sözün bitdiyi yerdi

27.11.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamalə ABİYEVA

Bir qadın var

Bir qadın var...

İlləri saçlarında yaşayan,

Gözlərinin altında yorğun yollar daşıyan.

Bir qadın var.

Gözləyə-gözləyə hər günü.

Bir az da unutmağa sərf edib ömrünü.

Bir qadın var.

Hələ də qapısın döyən

küləyin səsində axtarır bir addım səsini...

Yatağının soyuq qalan küncünə baxır,

hələ də darıxır...

Bir qadın var saçlarına qarışan bir əl,

alnına toxunan bir nəfəs,

"necəsən" deyən bir səs.

hələ də ürəyinin ən gizli yerində sevilmək istəyi.

İçindəki çıraq sönməyib.

Heç nə işığını söndürə bilməyib.

Bir qadın var saçlarının vaxtsız,

gözlərinin baxtsız ağıyla,

keçmişin bütün qırıqlarıyla.

Ümidini bağrına basır oğrun-oğrun.

Bir qadın var hamının güclü bildiyi qədər gücsüz,

heç kimin bilmədiyi qədər yorğun.

Heç kimin bilmədiyi qədər sevgili.

tənhalığın dilini də öyrənib çoxdan.

Gecələr özü ilə danışır, səhərləri özü qarşılayır.

Zamana qarışmayan, zamanla yarışmayan,

qışa inanmayan...

Bir qadın var -

Ovuclarında yarımçıq bahar...

Yalnızlıq

Baxışların pəncərədən boylanar...

Evlərdən, ağaclardan, şəhərdən ötüb keçər,

sonsuzluğa yollanar.

Boşluğa dikilər.

Darıxar.

Heç nə düşməz yadına,

kimsə düşməz yadına.

Heç nəyə,

heç kimə darıxmamaqdı yalnızlıq.

Ya bir fincan qəhvə, ya şərab, ya çay...

Fərqi yox,

yalnızlığı ya udum-udum içərsən,

ya birnəfəsə başına çəkərsən.

Bir səs də yoxdu özləyəsən...

Kimsəni gözləmirsən,

Darıxmırsan,

Yalnızsan...                   

Susqunluq

Nələr çəkdim özüm bildim,

bir kimsəyə demədim.

Nələr gördüm gözüm bildi,

bir kimsəyə demədi.

Mən həyatın çətininə güldüm elə,

bu gülüşü üzüm bildi kimsəyə göstərmədi.

Sevincimi damcı-damcı yığdım,

amma ümman kimi göründü.

sevinc dolu ümman kimi göründüm.

Yadlar məni belə sevdi.

Mən yadlardan sevgi gördüm

Hər ağrıya dözə bildim.

Doğmaların xəyanəti ağır oldu.

Ürəyimdən yaralandım.

Amma yenə çabaladım,

çünki yenə bağışlamaq istədim. 

dözüm bildi. 

O da məndən üz döndərdi...

bağışlaya bilmədim...

Birdən sən ölsən

Birdən sən ölsən, necə yaşayaram mən?

Ümidlərimi oxşayıb,

Xəyallarıma qoşulub yanına gəlirəm, 

Harda olsan, səni tapa bilirəm.

Birdən sən ölsən, əlim üzülər hər təsəllidən.

Ölüm yağar ümidlərdən.

Ümidlərin ölümünə dözmək olmur,

Ümidləri dəfn eləmək ağrı olur... 

Bir bilsən...

Oyaq gecələrin səhərində

qucaqlayıb başını, sıxıb balışa

için-için ağlamaq,

illərə yas saxlamaq... necə ağır olur.

Görürsən bədbəxtliyin özünü,

şirin-şirin gülür üzünə.

göz yaşı da ovutmur, göz yaşı hər günahı yumur.

İllər üstünə hücum çəkir, ağlın ürəyini çarmıxa çəkir.

Yaddaşda yanır xatirələr,

tüstüsü gözlərdən çıxır.

Birdən sən ölsən,

neyniyərəm Səni görmək istəsəm?

İlahi, bu istək

necə dərdli və gözəldi.

Birdən sən ölsən, öləcəkmi bu gözəllik?

Demə "məni çoxdan öldürmüsən.

Bütün gözəllikləri məhv etmisən".

Demə...

Birdən mən ölsəm...

Demə "sən də çoxdan ölmüsən"...

...bilirəm...

İki günah

Yuxu yoran gecələr

yada düşür neçələr,

dara çəkir necələr,

etiraf etmədiyin,

kimsəyə demədiyin

günaha dönən səhvlər...

Daha deyə bilmirəm

Tanrı, məni bağışla,

bu ağrılardan qurtar.

Yaşadığım yamanlar,

rastladığım yalanlar

Ömrümdən yoxa çıxan

ürəyimdə qalanlar.

Ağrı oldu olanlar.

Ağır oldu gözümdə.

Üz çevirib dözüm də.

Anlamadım özüm də.

Alın yazımmı bunlar?

Alın yazısında da

bu qədər cəzamı var?

Tanrımı belə yazdı,

mənmi yazını pozdum?         

inanım, inanmayım?

İkisi də suç olar.

Bilmirəm, görən tanrı

hansını bağışlayar?

Qürbət

Bir başqadı qürbət də.

Yaz, yay bir başqadı,

Payız, qış da bir başqadı...

Bir başqadı qürbət də.

Bir başqadı ağacların çətri də, çiçəklərin ətri də.

daha çox dondurar, daha çox üşüdər qar,

yağış daha çox isladar.

Qərib-qərib boylanar binalar, 

yollar özləm daşıyar.

Bir qərib darıxar, yollara baxar.

Ruhu yollara qoşular.

Cismi qalar qürbətdə.

Bir səs gələr hər yerdən:

Vətən olmaz qürbətdən...

Elə sevərsən

Elə sevirsən ki, elə sevirsən,

Sevgin sığmır nə sözə,

nə baxışa, nə gözə.

Sevgi var ki,

onsuz yaşaya bilmirsən,

elə çox ki, daşıya bilmirsən.

Sığmır ruhuna, varlığına,

bu dünyanın darlığına.

Elə sevirsən.

Elə sevirsən ki,

önündə çarəsizsən.

gözündən bir damla düşsə,

dənizlər gözündən düşər.

Bir damlada boğularsan.

Təbəssümündə yenidən doğularsan.

Elə sevirsən!

Elə sevirsən ki,

bu sevgindən kövrəlirsən.

Kövrəlirsən gözəlliyindən,

əzizliyindən, təmizliyindən,

ağlamaq, hayqırmaq istəyirsən

xoşbəxtliyindən. 

Elə sevirsən -

Mən səni sevdiyim kimi.

Bütün nifrətlərə nifrət kimi,

Bütün sevgilərə heyrət kimi.

Elə sevirəm səni.

Sən bütün xəyanətlərin gedişi,

bütün namərdlərdən qurtuluşum,

Sən həyata, mövcudluğa toxunuşum.

Gözəlim!

Səninlə doğuldu bu sevgi, İzelim.

Yenildim

Qızıma

Bütün duyğuları sənlə yaşaya bildim.

Məyus baxışlarını daşıya bilmədim.

Bacarsan bağışlamağı...

Ayın solğun işığı gizlənir

gözlərinin dərinliyində.

Sükutunun ahı gözlərimin dərinliyində.

Susma.

Əllərinin susqunluğunu eşidirəm,

Yorğun gülüşündə "yaxşıyam"

sözünün kədərini hiss edirəm.

Yer kürəsi titrəyir səsin titrəyəndə -

Kainat kimi.

Daha axtarmıram həqiqətimi..

İçiboşlardan qorumağı bacarsaydım...

İnamım ümidsiz qalmazdı,

ümidim belə dərdli olmazdı...

Məyus baxışın, yorğun gülüşün,

səsinin titrəyi

ədalətin olmadığı etirafına dirənişim...

Haqqın olmayanlardan,

haqsızlıqla üzbəüz qalmandan

mən də yoruldum, bitmir yorğunluğum.

Kafirlərdən, kifirlərdən yoruldum.

Kafirlərin namaz qılmasından,

kifirlərin gözəl təqdimatından yoruldum.

Mən bunlara təkbaşına yenə də dözərdim,

Səninlə dözmədim.

Küsdüm, incidim, bezdim,

qəddar da oldum,

qisas almaq da keçdi ürəyimdən.

Ən gözəl duyğular susur ürəyimdə.

Yox olur. Bəlkə ölür...

Mən sevgiydim əslində,

nifrət etməyi də öyrəndim.

Amma nifrətə yenilmədim.

Hətta özümü xoşbəxt bildim,

tək bir duyğuya - bir sevgiyə yenildim.

Vətəni sevdim, nə edim?..

Qoru hər an

Bu dünyada adamlar var böyük-kiçik.

bu dünyada amallar var böyük-kiçik.

Böyük-kiçik ürəklər var,

böyük-kiçik istəklər var.

Gözlər var ki,

gördüyündən doya bilmir,

Əllər var ki, nəyi desən tuta bilir.

Böyü, qızım, böyüdükcə

səsindəki şirinliyi,

nəfəsində təmizliyi, əlindəki hərarəti,

qəlbindəki məhəbbəti qoru hər an.

Bu dünyanın yaraşığı -

gecələri ulduz bilən,

səhərləri günəş bilən,

insanları dayı, əmi, xala görən

gözündəki o işığı-həqiqəti qoru hər an.

Elə onlar dünyamızın bəzəyidir,

elə onlar dünyamızın gərəyidir.

Bu nə sevgidir

Ürəyini dağıdır, bu belə nə yanğıdı?

Azca doya bilmirsən, bu belə nə duyğudur?

Bu nə sevgidi belə əvvəli var, sonu yox.

Bircə gün ayrı düşsən, nisgili özündən çox.

Söz də tapa bilmirsən, sözün bitdiyi yerdi.

Baxırsan, həsrətinin gözü bitdiyi yerdi. 

Son nəfəsim gəlincə başına dönsəm azdı.

Yaşayınca-ölüncə "sevirəm" desəm azdı.

Yaşamağa bəs edir sığınsan  varlığına.

Ölməyə də güc verir məhəbbəti uğruna.

Anam Azərbaycanım, Atam Azərbaycanım,

qurban dediyim canım balam Azərbaycanım.

Bir qarış torpağına qəlbimi büksəm - azdır.

Bir ovuc torpağını gözümə töksəm -azdır.

Səni gözüm doyunca, səni özüm doyunca,

səni ömür boyunca nə qədər sevsəm azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью