Söz körpüsü adlı ədəbi görüş keçirildi

22.01.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İndi bəzən deyirlər, Meydan mitinqlərini, Xalq Cəbhəsini KQB təşkil edib. Elə deyil. Meydana milyon yarım insan toplaşırdı. Bunu KQB təşkil edə bilərdo?! Yox! Milləti meydana yığan ədəbiyyat idi, Sözün gücü idi".

Bu sözləri Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu gün Türkiyənin Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə dedi. O bildirdi ki, 1960-70-ci illərdə yazıçılarla, şairlərlə, sənət, söz ustaları ilə ali məktəblərdə, tələbə yataqxanalarında, zavodlarda və başqa kollektivlərdə müntəzəm görüşlər keçirilirdi və o görüşlərdə milli məsələlər, millətin problemləri, milli kimlik duyğuları müzakirə edirdi, salonlar, divarlar titrəyirdi. Xalq Şairinin sözlərinə görə, bu cür görüşlərin nəticəsində Qarabağ məsələsi ortaya çıxanda milli hisslər xalqı meydanlara çıxardı

Sabir Rüstəmxanlı deyib: " Sözün çox böyük təsir gücü var, ədəbiyyatı zəiflətmək, kiçiltmək olmaz".

"Söz körpüsü" adlandırılan bu ədəbi görüşün açılış törənində Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhan, Pedoqoji Universitetin prorektoru, professor Mahirə Nağıqızı, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, şair-publisist Kəmalə Abıyeva, şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, şair Ayaz Arabaçı, Türkiyədə nəşr olunan "Güftə" jurnalının baş redaktoru Vəli Ay, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli, tanınmış aktyor, qiraət ustası Kamran Yunus, yazıçı Rövşən Abdullaoğlu, yazıçı-publisist Bahəddin Həzi, yazıçı Təranə Vahid çıxış etdilər.

Görüşdə vurğulanan əsas fikirlərdən biri bu oldu ki, türk dövlətlərinin başçıları zaman-zaman bir araya gəlib, Türk birliyini inkişaf etdirmək üçün mühüm qərarlar verirlər. Ancaq türk xalqlarının ədəbiyyatları, mədəniyyətləri bir-biri ilə yetərincə sıx əlaqə qura bilmir.

Görüşdə ortaq türk xalqlarının ortaq ünsiyyət dili, ortaq əlifba, türk xalqlarının ədəbiyyatını dünya platformalarına çıxatmaq barədə maraqlı fikirlər səsləndi.

Tədbirdə qısa hekayə nominasiyası üzrə üç müəllif mükafatlandırdı. Həmçinin "Hazardan Akdenize" adlı antologiyanın təqdimatı keçirildi. Sonra ədəbi görüş panel sessiyaları ilə davam etdi.

Görüşün təşkilatçıları şair Aysel Nəsirzadə və şair, VHP Qadın Qolunun rəhbəri Aysel Xanlarqızı Səfərli qonaqlara və iştirakçılara təşəkkür etdilər.

İlahin,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью