Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Qarabağın mədəniyyət beşiyi olan qədim şəhər növbəti dəfə Azərbaycan ədəbiyyatının möhtəşəm sənət bayramlarından birinə – Vaqif Poeziya Günlərinə ev sahibliyi edir. Tarixlə müasirliyin, klassik irslə yeni ədəbi düşüncənin qovuşduğu poeziya məclisi sözün qüdrətini, milli-mənəvi dəyərlərimizə sevginizi və Azərbaycan ədəbiyyatının zənginliyini bir daha dünyaya göstərir.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il 16–18 iyulda Vaqif Poeziya Günləri “Sözün hekayəsi” şüarı altında keçirilir. Məclisin əsas məqsədi Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqifin zəngin irsini yaşatmaq, milli ədəbi dəyərləri qorumaqdır.
Dünən poeziya bayramı Vaqifin doğulduğu Qazaxda başlayıb. Bu gün isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilir. Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinlənilib. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – “Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdirilib.
Vaqif yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim olunub, müxtəlif toplantılar keçirilib.
Qeyd edək ki, builki poeziya günlərində mühüm yeniliklər də olacaq, “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı da Şuşada da təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alır.
Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – “Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək.
Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.
Fidan ƏLİYEVA
XQ