Sözə və peşəyə sədaqət nümunəsi Şakir Yaqubov

14.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsan haqqında həqiqi təsəvvür çox vaxt onun həyatda olduğu illərdə deyil, yoxluğundan sonra daha aydın şəkildə formalaşır. Çünki zaman keçdikcə gündəlik ünsiyyətin, şəxsi münasibətlərin, adi söhbətlərin arxasında qalan əsas məziyyətlər üzə çıxır, ayrı-ayrı xatirələr bütöv bir ömrün mənzərəsinə çevrilir. Kiminsə yoxluğunda nəyin əskildiyini, hansı dəyərin itirildiyini daha dərindən anlayırsan.

Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, istedadlı publisist, mahir redaktor, tərcüməçi və naşir, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun vəfatından dörd il ötür. 2022-ci il oktyabrın 15-də bu dünyadan köçən Şakir müəllim özündən sonra yalnız zəngin yaradıcılıq irsi deyil, həm də peşəkarlıq ölçüsü, jurnalist məsuliyyətinin canlı nümunəsi və bütöv bir ustadlıq məktəbi qoyub getdi.

Onu yaxından tanıyanlar, onunla bir redaksiyada çalışanlar, yazılarını oxuyanlar, redaktor tələbkarlığını görənlər yaxşı bilirlər: Şakir Yaqubovun jurnalistikadakı yeri tutduğu vəzifələrlə, aldığı fəxri adlarla, qazandığı mükafatlarla ölçülə bilməz. Bunlar, əlbəttə, onun əməyinə verilən layiqli qiymətdir. Ancaq Şakir müəllimin əsl böyüklüyü bilisiniz nədə idi? O, jurnalistikaya yalnız istedadını və biliyini deyil, ömrünü vermişdi. Bu peşəni, sadəcə, işlədiyi sahə yox, həyatının mənası, daxili məsuliyyəti, mənəvi meyarı sayırdı.

Mənim üçün də Şakir Yaqubov təkcə Azərbaycan mətbuatının seçilmiş nümayəndələrindən biri deyildi. O, həm də əziz dost, səmimiyyətinə, prinsipiallığına və peşəkarlığına həmişə hörmətlə yanaşdığım bir insan idi. Şakir müəllimin timsalında ustadlığın nə demək olduğunu, onun hansı zəhmət, tələbkarlıq və mənəvi bütövlük hesabına qazanıldığını görmək mümkündür.

Jurnalistikanın dəyişən zamanında dəyişməyən meyarlar

Şakir Yaqubovun peşəkar fəaliyyəti ötən əsrin 70-ci illərindən başlayaraq sovet dövrünün son onilliklərini, dövlət müstəqilliyimizin bərpası uğrunda mübarizənin və yeni milli mətbuatın formalaşmasının mürəkkəb mərhələlərini, müstəqillik illərində medianın keçdiyi dəyişiklikləri əhatə edir.

1951-ci il fevralın 25-də Astara rayonunun Balaca Şahağac kəndində dünyaya göz açmış Şakir müəllim jurnalistikaya erkən yaşlarından maraq göstərmişdi. Hələ məktəbli ikən yazdığı məktubun “Azərbaycan pioneri” qəzetində dərc olunması onun mətbuatla ilk ciddi təması idi. Sonralar Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alması, jurnalist sənətkarlığını öyrənməsi, müxtəlif mətbu orqanlarla əməkdaşlığı və 1974-cü ildən başlayan peşəkar fəaliyyəti onu Azərbaycan jurnalistikasının tanınmış simalarından birinə çevirdi.

“Azərbaycan gəncləri”, “Kommunist”, “Həyat”, “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” və digər nəşrlərdə çalışan Şakir Yaqubov müxbirlikdən redaksiya rəhbərliyinə qədər müxtəlif vəzifələrdə işləyib. Lakin onun peşəkar simasını müəyyənləşdirən əsas cəhət heç vaxt vəzifə pillələri olmayıb.

Şakir müəllim hansı redaksiyada çalışmasından, hansı mövzuda yazmasından asılı olmayaraq, işə öz meyarları ilə yanaşırdı. Faktın dəqiqliyi, fikrin aydınlığı, dilin səlisliyi, məntiqin bütövlüyü, məsuliyyət və intizam onun üçün jurnalistikanın müzakirəyə ehtiyacı olmayan əsas şərtləri idi.

Bu gün həmin meyarlar barədə danışmaq, bəlkə də, adi görünə bilər. Axı faktı dəqiqləşdirmək, fikri düzgün ifadə etmək, oxucuya aydın mətn təqdim etmək jurnalistin ən elementar vəzifəsidir. Ancaq peşənin əsas tələblərinin belə bəzən arxa plana keçdiyi müasir informasiya mühitində onların əsl dəyərini daha yaxşı anlayırıq.

Şakir müəllimin peşəkarlığı da məhz bu elementar görünən tələbləri yüksək sənətkarlıq səviyyəsinə çatdırmasında idi. O, yazının yalnız nə deməsini deyil, necə deməsini də düşünürdü. Sözün yerini, cümlənin ahəngini, mətnin daxili məntiqini, başlığın məzmunla əlaqəsini, faktın hansı kontekstdə təqdim olunmasını nəzərdən qaçırmırdı.

Onun redaktəsindən keçən mətn, sadəcə, qrammatik səhvlərdən təmizlənmiş yazı deyildi. Mətnin düşüncə sistemi dəqiqləşir, ifadə imkanları genişlənir, müəllifin demək istədiyi fikir daha aydın və təsirli şəkil alırdı.

Bu, hər redaktorun bacardığı iş deyil. Çünki redaktorluq yalnız dil qaydalarını bilməkdən ibarət deyil. Redaktor müəllifin fikrini anlamalı, mətnin zəif və güclü tərəflərini görməli, zəruri düzəlişin sərhədini müəyyənləşdirməli, bəzən də bir sözün dəyişdirilməsi ilə bütöv bir cümlənin mənasını necə dəyişəcəyini əvvəlcədən duymalıdır.

Şakir Yaqubov bu sənətin incəliklərini bilirdi. Onun redaktor kimi nüfuzu da məhz biliklə təcrübənin, tələbkarlıqla məsuliyyətin vəhdətindən yaranmışdı.

Ustadlıq titul deyil, qazanılan etimaddır

“Ustad” sözünü işlətmək asandır. Onu həqiqətən haqq etmək isə çətindir.

Ustadlıq nə yaş, nə vəzifə, nə də peşədə keçirilən illərlə qazanılır. Uzun müddət işləmək insanı təcrübəli edə bilər, lakin təcrübə öz-özünə müdrikliyə çevrilmir. Bunun üçün insanın bildikləri mənimsəməsi, səhvlərindən nəticə çıxarması, özünə qarşı tələbkar olması və qazandığı təcrübəni başqalarına ötürməyi bacarması lazımdır.

Şakir Yaqubovun ustadlığı da bu keyfiyyətlərin vəhdətindən yaranmışdı.

O, özündən əvvəlki jurnalistika ənənələrini mənimsəmiş, həmin ənənələrin dəyərli cəhətlərini qorumuş, eyni zamanda, dəyişən zamanın tələblərinə uyğun işləməyi bacarmışdı. Sovet dövrünün mətbuat sistemində formalaşmış peşə təcrübəsi müstəqillik illərində onun üçün yalnız keçmişin mirası olaraq qalmadı. O, həmin təcrübənin peşəkarlıqla bağlı tərəflərini yeni dövrün jurnalistikasına gətirə bildi.

Müstəqil dövlətçiliyimizin bərpasından sonrakı mürəkkəb illərdə milli mətbuatın yenidən formalaşması, yeni qəzetlərin yaranması, redaksiyaların təşkilatlanması, jurnalistlərin qarşısında yeni ictimai vəzifələrin meydana çıxması ciddi peşəkar bilik və təcrübə tələb edirdi.

Belə bir şəraitdə Şakir müəllimin redaksiya işi ilə bağlı təcrübəsi, təşkilatçılıq bacarığı, mətnə və informasiyaya münasibəti xüsusi əhəmiyyət daşıyırdı. O, jurnalistikanı yalnız yazmaq qabiliyyəti kimi dərk etmirdi. Qəzetin hazırlanması, materialların seçilməsi, səhifələrin qurulması, redaksiya əməkdaşlarının fəaliyyətinin uzlaşdırılması, operativliklə keyfiyyət arasında tarazlığın qorunması da onun üçün peşənin ayrılmaz hissələri idi.

Bu mənada Şakir Yaqubov həm yazı ustası, həm redaktor, həm də redaksiya işinin təşkilatçısı idi.

Bəlkə də, onunla bağlı ən səciyyəvi ifadələrdən biri “heç vaxt birinci olmayan birinci” sözləridir. Bu ifadənin arxasında zahirən paradoksal, əslində isə jurnalistika üçün son dərəcə vacib bir həqiqət dayanır: hər redaksiyada elə insanlar olur ki, onların rəsmi vəzifəsi nə qədər yüksək və ya aşağı olsa da, peşəkar rəyinin çəkisi hamı tərəfindən qəbul edilir.

Şakir müəllim belə insanlardan idi. Onun nüfuzu kabinetdən, tituldan və ya inzibati səlahiyyətdən qaynaqlanmırdı. O nüfuz hər gün görülən işlə, dəqiqləşdirilən faktla, cilalanan cümlə ilə, düzgün verilən qərarla, özünə və başqalarına qarşı nümayiş etdirdiyi tələbkarlıqla qazanılmışdı.

Sözün arxasındakı zəhmət

Şakir müəllimin jurnalistlik diapazonu kifayət qədər geniş idi. O, ictimai-siyasi mövzularda publisistik yazılar yazır, insan talelərinə müraciət edir, tarixi hadisələri araşdırır, müxtəlif sahələrdə baş verən prosesləri təhlil edirdi. 

İdman jurnalistikasında isə özünəməxsus üslubu ilə seçilirdi. Xüsusilə, futbol mövzusu onun yaradıcılığında xüsusi yer tuturdu. Futbol onun üçün yalnız meydanda baş verən hadisələr məcmusu deyildi, öz tarixi, xarakterləri, dramatizmi və ictimai məzmunu olan bir dünya idi. Bu sahədəki məlumatlılığı, müşahidə qabiliyyəti və yazı ustalığı onu idman jurnalistikasının nüfuzlu nümayəndələrindən birinə çevirmişdi.

Şakir Yaqubov müxtəlif ictimai-siyasi, mənəvi-humanitar mövzulara da eyni peşəkar məsuliyyətlə yanaşmağı bacaran journalist-publisist idi. Onun “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və digər kitablarında ayrı-ayrı dövrlərin hadisələri, insanları, ictimai münasibətləri və mənəvi məsələləri öz əksini tapıb.

Bu əsərlərin əhəmiyyəti yalnız müəllifin yazı qabiliyyəti ilə müəyyənləşmir. Onlarda jurnalistin şahidliyi, yaddaşı, müşahidələri və yaşadığı dövrə münasibəti də qorunub saxlanılıb. Şakir müəllim üçün yazmaq baş vermiş hadisəni sözlə çatdırmaqdan daha artıq məna daşıyırdı: o, hadisənin mahiyyətini açmağa, insan xarakterini göstərməyə, oxucunu düşündürməyə çalışırdı.

Bu baxımdan onun yaradıcılığını milli mətbuatımızın müəyyən bir mərhələsinin yaddaşı kimi də dəyərləndirmək olar.

Tərcüməçilik və redaktorluq fəaliyyəti də Şakir müəllimin peşəkar portretini tamamlayan mühüm cəhətlərdəndir. Müxtəlif əsərləri Azərbaycan dilinə çevirməsi, publisistik və elmi-kütləvi nəşrlərin hazırlanmasında iştirakı, çoxsaylı kitabların redaktəsi onun sözə münasibətinin bir yazı müəllifinin şəxsi yaradıcılıq çərçivəsindən daha geniş olduğunu göstərir.

O, sözün yalnız müəllifi deyil, həm də qoruyucusu idi.

Bəzən bir jurnalistin böyüklüyü yazdıqlarının sayında, çap etdirdiyi kitabların çoxluğunda axtarılır. Halbuki elə insanlar var ki, onların əməyi öz imzaları ilə təqdim olunan mətnlərlə məhdudlaşmır. Onlar başqalarının yazılarında, yetişdirdikləri gənclərin peşəkar vərdişlərində, redaktə etdikləri kitablarda, formalaşdırdıqları iş mədəniyyətində də yaşayırlar.

Şakir Yaqubovun yaradıcılıq irsi bu mənada onun müəlliflik sərhədlərindən qat-qat genişdir.

Tələbkarlıq və qayğı

Şakir müəllim haqqında danışarkən onun tələbkarlığını xüsusi vurğulamaq lazımdır. Çünki bu xüsusiyyət həm onu fərqləndirirdi, həm də bəzən onunla işləyənlərin qarşısında ciddi sınağa çevrilirdi.

O, keyfiyyətsiz yazıya, səthi yanaşmaya, yarımçıq hazırlanmış materiala, faktların dəqiqləşdirilməməsinə laqeyd qala bilmirdi. Redaksiya tapşırığının məsuliyyətini anlamayanlara münasibətdə sərt idi. Sözünü deməkdən çəkinmirdi, iradını gizlətmirdi.

Amma onun tələbkarlığını yalnız sərt xarakterin təzahürü kimi qiymətləndirmək düzgün olmazdı. Bu tələbkarlığın kökündə jurnalistikaya münasibəti dayanırdı. O, peşənin nüfuzunu qorumağı hər bir jurnalistin şəxsi məsuliyyəti hesab edirdi.

Şakir müəllimin münasibətində bir prinsip vardı: cibində jurnalist vəsiqəsi daşımaq hələ jurnalist olmaq demək deyil. Bu peşənin öz qaydaları, öz əxlaqı, öz məsuliyyəti var. Həmin qaydaları bilmədən, onlara əməl etmədən, öz üzərində işləmədən peşəkar nüfuz qazanmaq mümkün deyil.

Bununla belə, o, peşəyə ciddi yanaşan, öyrənməyə çalışan, özünü təsdiq etmək istəyən gənclərə qarşı da diqqətli idi. Təcrübəli jurnalistin gənc həmkarına dəstək verməsi, onun yazısına vaxt ayırması, səhvini izah etməsi, düzgün istiqamət göstərməsi yalnız fərdi münasibət məsələsi deyil. Bu, bütövlükdə jurnalistika məktəbinin yaşamasını təmin edən ənənədir.

Şakir Yaqubovun özündən sonrakı nəsillər arasında nüfuz qazanması da təsadüfi deyildi. O, jurnalistikanın çətinliklərini bilirdi, redaksiyanın gündəlik işinin məsuliyyətini yaşamışdı, uğurun arxasında hansı zəhmətin dayandığını görmüşdü. Buna görə də onun iradları çox vaxt konkret peşəkar təcrübəyə söykənirdi.

Əsl ustadın tələbkarlığı insanı özündən uzaqlaşdırmaq üçün deyil, daha yaxşı olmağa sövq etmək üçün lazımdır. Şakir müəllimin peşəkar irsindən çıxardığım nəticələrdən biri də budur.

Jurnalistikanın sürəti və sözün çəkisi

Bu gün informasiya dünyası əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə dəyişib. Xəbərlər saniyələr içində yayılır, sosial şəbəkələr informasiya mübadiləsinin əsas məkanlarından birinə çevrilir, jurnalistlə oxucu arasındakı məsafə qısalır. Yeni texnologiyalar məlumat toplamaq, mətn hazırlamaq və auditoriyaya çatmaq imkanlarını genişləndirir.

Bütün bunlar jurnalistikanın inkişafı üçün yeni imkanlar açır. Ancaq sürətin artması həmişə keyfiyyətin yüksəlməsi demək deyil. Məlumatın çoxalması həqiqətin daha asan müəyyənləşdirilməsi ilə nəticələnmir. Əksinə, faktla ehtimalın, xəbərlə şərhin, araşdırma ilə fərziyyənin sərhədləri bəzən daha da qarışır.

Belə bir şəraitdə Şakir Yaqubovun peşəkar irsi xüsusi aktuallıq qazanır.

O, bu günün texnoloji imkanları ilə işləməyib. Ancaq jurnalistikanın texnologiyadan asılı olmayan əsas prinsiplərini dərindən mənimsəmişdi. Faktı yoxlamaq, məlumatın mənbəyinə diqqət yetirmək, fikri aydın ifadə etmək, oxucunu yanıltmamaq, yazının məsuliyyətini dərk etmək – bunlar zamanla köhnələn vərdişlər deyil.

Əksinə, informasiya bolluğu şəraitində onların əhəmiyyəti daha da artır.

Müasir jurnalist hər hansı hadisə barədə xəbəri hamıdan əvvəl yaya bilər. Lakin peşəkar jurnalist olmaq üçün bu kifayət etmir. O, hadisənin mahiyyətini anlamalı, məlumatı yoxlamalı, səbəb və nəticələri ayırd etməli, ictimai əhəmiyyət daşıyan məqamları üzə çıxarmalıdır. Oxucunun etimadını qazanmaq üçün isə hər şeydən əvvəl öz sözünə cavabdeh olmalıdır.

Şakir müəllimin məktəbi bizə bunu xatırladır: jurnalistika təkcə yazı texnikası deyil, həm də düşüncə və davranış mədəniyyətidir.

Peşəkarlıq istedadla başlayır, zəhmətlə möhkəmlənir, məsuliyyətlə təsdiqlənir. İstedadlı insan yaxşı yaza bilər. Təcrübəli insan mürəkkəb mövzunu aydın izah edə bilər. Amma həqiqi jurnalist bunlarla yanaşı, sözünün nəticələrini də düşünməyi bacarmalıdır.

Şakir Yaqubovun uzun illər ərzində qazandığı nüfuzun əsas səbəblərindən biri məhz bu bütövlük idi.

Yarımçıq qalan bir arzu, tamamlanmış bir ömür

Şakir müəllimin ömrünün son illəri onun üçün ağır keçdi. Səhhətindəki problemlərə baxmayaraq, jurnalistikaya marağını, hadisələrə münasibətini, yaddaşında qoruduğu xatirələri yazıya çevirmək istəyini itirmədi. İmkan tapdıqca kompüter qarşısına keçir, keçmişin hadisələrini, gördüyü insanları, yaddaşının dərinliyində qalan məqamları qələmə alırdı.

Bu mənzərə mənə həmişə jurnalist peşəsinə bağlılığın ən təsirli nümunələrindən biri kimi görünür. Çünki insan üçün yazmaq artıq gündəlik iş rejiminin tələbi deyil, həyatının ayrılmaz ehtiyacına çevriləndə peşə ilə şəxsiyyət arasındakı sərhəd də aradan qalxır.

Şakir müəllim üçün jurnalistika belə bir ehtiyac idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər onun həyatının son illərinə təsadüf etdi. Bu, bütün xalqımız kimi, onun da sevincini bölüşmək istədiyi hadisə idi. Lakin səhhəti ona doğma Şuşanı görmək arzusunu həyata keçirməyə imkan vermədi.

Bu təəssüf doğuran məqamı xatırlayanda düşünürəm ki, insanın ömründə elə arzular olur, onların gerçəkləşməməsi belə yaddaşda xüsusi iz buraxır. Şakir müəllimin Şuşa ilə bağlı arzusu da onun Vətənə, xalqın taleyinə və tarixi hadisələrə münasibətinin bir ifadəsi idi.

Tale ona bu görüşü qismət etmədi. Ancaq o, Vətən tarixinin mühüm bir mərhələsini görmüş, xalqımızın böyük sevincinə şahidlik etmiş, öz ömrünü qalib Azərbaycanın vətəndaşı kimi başa çatdırmışdı.

Bu gün onun həyatına nəzər salarkən yarımçıq qalan arzularından çox, tamamlanmış bir ömrün mənəvi yekunundan söz açmağı zəruri sayıram. Çünki insanın həyatda hər istədiyinə çatması mümkün deyil. Əsas məsələ yaşadığı müddətdə nəyi bacardığı, kimlərə fayda verdiyi və özündən sonra hansı dəyərləri qoyub getdiyidir.

Şakir Yaqubov bu baxımdan arxayınlıqla xatırlana biləcək ömür yaşadı.

Ustadın yoxluğu, məktəbin davamı

Şakir müəllimin vəfatından sonra onun haqqında yazılan məqalələr, xatirələr, keçirilən anım tədbirləri bir həqiqəti təsdiqləyir: o, yalnız öz dövrünün tanınmış jurnalisti deyildi. O, peşəkar münasibəti, yaradıcılığı və insani keyfiyyətləri ilə başqalarının həyatına təsir göstərmiş şəxsiyyət idi.

Ustadlar haqqında danışmaq yalnız keçmişi xatırlamaq deyil. Həmin insanlardan nələrin öyrənilə biləcəyini müəyyənləşdirmək, onların təcrübəsini yeni nəslə çatdırmaq, dəyərli ənənələrin davamına şərait yaratmaqdır.

Şakir Yaqubovun yaradıcılığını, redaktorluq təcrübəsini və jurnalistlərə münasibətini öyrənmək bu gün də əhəmiyyətlidir. Onun kitabları, məqalələri, publisistik qeydləri, haqqında yazılmış xatirələr jurnalistika ilə ciddi məşğul olmaq istəyənlər üçün faydalı mənbələrdir.

Amma ustadın məktəbini yaşatmaq üçün yalnız əsərlərini oxumaq kifayət etmir. Həmin əsərlərdəki məsuliyyət prinsipini mənimsəmək, yazıda dəqiqliyə, dilə, məntiqə və peşə etikasına diqqət yetirmək lazımdır.

Şakir müəllimin xatirəsinə ehtiramın ən dolğun ifadəsi, məncə, budur.

Bu gün onun yoxluğunu hiss edənlərin hər biri Şakir Yaqubovu öz yaddaşında fərqli cizgilərlə yaşadır. Kimsə onu sərt, lakin ədalətli redaktor kimi xatırlayır, kimsə dərin məlumatlı publisist, kimsə futbolun mahir bilicisi, kimsə sədaqətli dost, kimsə də özünə yol göstərmiş ustad kimi… Bütün bu xatirələri birləşdirən ümumi cəhət isə Şakir müəllimin peşəsinə və insanlara münasibətindəki səmimiyyət, məsuliyyət və prinsipiallıqdır.

Onun vəfatından dörd il keçir. Bu müddətdə zaman öz işini görüb, gündəlik həyat davam edib, jurnalistika yeni mərhələlərdən keçib. Ancaq onun adı ilə bağlı peşəkar meyarlar, journalist məsuliyyəti və ustadlıq anlayışı öz əhəmiyyətini itirməyib. Mən onu bir daha ehtiramla xatırlayarkən illər əvvəl yazdığım “ustadlıq missiyası” ifadəsinin mənasını özüm üçün yenidən müəyyənləşdirirəm. Ustadlıq, əslində, insanın özündən sonra da davam edən məsuliyyətidir. Bu, yalnız yaxşı yazmaq, peşəni bilmək, sözün qüdrətinə yiyələnmək deyil. Həm də həmin peşənin ləyaqətini qorumaq, başqalarına örnək olmaq, öyrəndiklərini gələcəyə ötürməkdir.

Şakir müəllim bu missiyanı şərəflə yerinə yetirdi. Onun yoxluğu böyük itkidir. Ancaq elə itkilər var ki, zaman keçdikcə ağrı ilə yanaşı, mənəvi bir əminlik də yaradır: belə insanlar yaşadıqları ömürlə özlərindən sonra boşluq deyil, yol qoyub gedirlər.

Şakir Yaqubovun yolu isə sözə sədaqətin, peşəkar məsuliyyətin və ustadlığın yoludur.

Ruhun şad olsun, əziz Şakir müəllim!

Elşən ƏLİYEV,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью