Sözə verilən dəyərin ünvanı

31.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hörmətli redaksiya, dəyərli Rəşad müəllim!

Türk musiqisinə xidmət mükafatının laureatı, Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının professoru, sənətşünaslıq doktoru İlqar Cəmiloğlunun Əli İmamverdi ilə həmmüəllifi olduğu «Türk dünyasının kültürəl dəyəri – Tar» kitabına həsr etdiyim «Dost məktubu» adlı məqaləni baş redaktoru olduğunuz “525-ci qəzet”də dərc etdiyinizə, eləcə də yazının məzmun və üslub baxımından təkmilləşdirilməsi üçün göstərdiyiniz diqqətə və etdiyiniz zəruri düzəlişlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sözə, ziyalı mövqeyinə və milli-mənəvi dəyərlərə həmişə xüsusi ehtiram bəsləyən bir insan kimi, qələmə aldığım yazının “525-ci qəzet” kimi nüfuzlu bir mətbuat orqanında işıq üzü görməsini özüm üçün əlamətdar hadisə hesab edirəm. Bu baxımdan, göstərdiyiniz diqqəti və xoş münasibəti yüksək dəyərləndirirəm.

Hörmətli Rəşad müəllim!

Müasir dövrdə informasiya bolluğunun, insanların mütaliəyə münasibətinin dəyişdiyi danılmazdır. Belə bir şəraitdə “525-ci qəzet”in öz nüfuzunu, oxucu etimadını və ictimai mövqeyini qoruyub saxlaması, milli mətbuatımızın dəyərli ənənələrini yaşatması xüsusi təqdirəlayiqdir.

“525-ci qəzet”in əhəmiyyəti onun yalnız baş verən hadisələri işıqlandırmasında deyil, həm də cəmiyyətin mənəvi həyatına təsir göstərmək, oxucunu düşündürmək, onu maarifləndirmək və milli özünüdərk hissini gücləndirmək imkanındadır.

Ətraf mühiti, təbiəti, insan münasibətlərini və cəmiyyətin ictimai-mənəvi mənzərəsini özündə əks etdirən əsərlər zaman keçdikcə tarixi yaddaşın ayrılmaz hissəsinə çevrilir. Bu mənada, “525-ci qəzet”in də Azərbaycan həyatının müxtəlif mərhələlərini, ictimai-siyasi proseslərini, mədəni nailiyyətlərini və ziyalı düşüncəsini öz səhifələrində yaşatması onun salnaməçilik missiyasını daha da əhəmiyyətli edir.

Əminəm ki, milli mədəniyyətimizi tanıtmaq, təbliğ etmək və sevdirmək, gənc nəsildə Vətənə, xalqa, ana dilinə, tariximizə və sənətimizə məhəbbət aşılamaq istiqamətində mətbuatın rolu əvəzsizdir. Vətənpərvərlik yalnız Vətəni sevdiyini bəyan etmək deyil; onun tarixinə hörmətlə yanaşmaq, mədəniyyətinə sahib çıxmaq, mənəvi sərvətlərini qorumaq və gələcək nəsillərə ötürməkdir. Qeyd etmək lazımdır ki, “525-ci qəzet” və onun kimi nüfuzlu mətbuat orqanları Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin dünyada tanıdılması və vətənpərvər gəncliyin yetişdirilməsi istiqamətində müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsinə mühüm töhfələr verir.

Hörmətli Rəşad müəllim, Sizə və qəzetin bütün əməkdaşlarına möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, “525-ci qəzet” bundan sonra da milli mətbuatımızın ən yaxşı ənənələrini yaşadaraq Azərbaycan xalqının mədəniyyətinə, mənəviyyatına və ictimai düşüncəsinə xidmət etsin, öz oxucularının etimadını və sevgisini daim doğrultsun.

Qoy qələminizin mürəkkəbi heç vaxt tükənməsin, sözünüzün dəyəri zaman keçdikcə daha da artsın, milli mətbuatımıza bəxş etdiyiniz töhfələr isə gələcək nəsillər üçün də örnək olaraq qalsın! Bu nəcib və məsuliyyətli fəaliyyətinizdə Sizə davamlı uğurlar arzulayır, dərin hörmətimi və səmimi ehtiramımı bildirirəm.

Hörmətlə,

Qorxmaz Axundov

Rusiya Azərbaycanlı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən «Şuşa» Azərbaycan Musiqi Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, M.Maqomayev adına «Yaroslaviya» Beynəlxalq Festival-Müsabiqəsinin laureatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью