Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yazarlarla hərbçilərin görüşü keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə çatdırmaq, müasir ədəbiyyatımızın gənc nəslə vətənpərvərlik ruhunu təbliğindəki rolunu dəyərləndirmək olub.
Tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri yazıçı-hüquqşünas Əlisəfa Azayev, jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy, Əhsən Qaybalıyev çıxış ediblər. Yazarlar Zəfər tariximizə həsr etdikləri kitablardan, həmin əsərlərdə Vətən müharibəsinin, Azərbaycan əsgərinin qəhrəmanlığının, şəhidlərimizin əziz xatirəsinin və xalqımızın Vətən sevgisinin bədii və publisistik ifadəsindən bəhs ediblər.
Tədbirdə iştirak edən şəhid ailələri – Vüqar İsmayılov, Simuzər Bağıyeva, Cəmafət Əzizova, Rəfiqə Dadaşova çıxış edərək Zəfəri xalqımıza qazandıran Ali Baş Komandanımızla, Milli Ordumuzla və canını Vətənə fəda edərək şəhidlik zirvəsinə ucalan övladları ilə qürur duyduqlarını vurğulayıblar.
Tədbirdə monitor vasitəsilə nümayiş etdirilən video və fotoçarxlar iştirakçılara duyğulu anlar yaşadıb.
Hərbçilərlə yazarların görüşü səmimi fikir mübadiləsi şəraitində davam edib.
Tədbirdə hərbi hissənin komandanlığı Vətənə sevgi, milli birlik, qəhrəmanlıq və Zəfər qüruru kimi dəyərlərin təbliğinin vacibliyini qeyd ediblər.
Hərbi hissənin komandanlığı tərəfindən görüşün yaradıcı qrupu və tədbirdə iştirak edən şəhid ailələri
Fəxri fərmanla təltif edildilər.
Sonda yazarlar öz əsərlərini hərbçilərə və “N” saylı hərbi hissənin kitabxanasına hədiyyə ediblər .