Sözümüz bir olsa…

12.08.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Füzuli Məcidli , 

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin müşaviri

Son günlər sosial şəbəkələrdə və mediada “uzman”, yoxsa “mütəxəssis” müzakirəsi gedir. Məncə, məsələyə yalnız bu iki sözdən hansının daha doğru və ya daha uğurlu olması prizmasından baxmaq kifayət deyil. Mövzu daha genişdir və bizi bütövlükdə Türk dövlətlərinin gələcək dil və terminologiya siyasəti haqqında düşünməyə sövq edir.

Biz böyük bir dil və mədəniyyət coğrafiyasının – Türk dünyasının bir parçasıyıq. Azərbaycan, türk, qazax, qırğız, özbək, türkmən, tatar və digər türk dillərinin hər birinin öz inkişaf yolu, ədəbi ənənəsi və zəngin söz ehtiyatı var. Eyni zamanda, bu dillərin ortaq tarixi kökləri, qrammatik quruluşunda və əsas söz ehtiyatında böyük yaxınlıq mövcuddur.

Ona görə də düşünürəm ki, məsələyə daha geniş və uzunmüddətli strateji baxımdan yanaşmalıyıq.

Əgər türk dillərindən birində qədim və ya ümumtürk köklərinə söykənən uğurlu bir söz varsa, digər türk dillərinin həmin sözdən yararlanmasında qəbahət görmürəm. Əksinə, yüzillər ərzində ərəb, fars, rus və Avropa dillərindən aldığımız sözlərin bir qisminə türk dillərinin öz daxili imkanları hesabına uğurlu qarşılıq tapa biliriksə, bunun nəyi pisdir?

Söhbət bütün türk xalqlarının sabah eyni dildə danışmasından və ya milli dillərimizin özünəməxsusluğunun aradan qaldırılmasından getmir. Bu, nə məqsəd olmalıdır, nə də buna ehtiyac var. Hər bir türk dili öz tarixi, ədəbiyyatı və milli xüsusiyyətləri ilə yaşamalı və inkişaf etməlidir.

Amma dillərimizin bir-birinə yaxınlaşmasına şərait yaratmaq mümkündür və lazımdır.

Bunun ən real yollarından biri ortaq terminoloji bazanın yaradılmasıdır.

Türk Akademiyasında çalışdığım dövrdən terminologiya məsələlərinin ümumtürk miqyasında koordinasiyasının nə qədər vacib olduğunu yaxşı xatırlayıram. Bu istiqamətdə müxtəlif təşəbbüslər, komissiyalar və işçi mexanizmləri yaradılmışdı. Hesab edirəm ki, indi bu işi daha sistemli, daimi və institusional səviyyəyə qaldırmağın vaxtıdır.

Türk dövlətlərinin dilçiləri, terminoloqları və müxtəlif elm sahələrinin mütəxəssisləri müntəzəm şəkildə – ildə bir və ya iki dəfə – bir araya gəlməli, xüsusilə yeni yaranan terminlər üçün mümkün qədər ortaq qarşılıqlar müəyyənləşdirməlidirlər.

Məsələn, sabah süni intellekt, biotexnologiya və ya başqa yeni bir sahədə dünyaya yeni termin daxil olursa, niyə Azərbaycan həmin anlayış üçün bir söz, Türkiyə başqa, Qazaxıstan bir başqa, Özbəkistan isə tamam fərqli xarici mənşəli sözü qəbul etsin?

Niyə əvvəlcə özümüzdən soruşmayaq:

bunun türk dillərinin imkanları daxilində ortaq qarşılığını yarada bilərikmi?

Əgər yarada biliriksə, həmin termin mümkün qədər eyni və ya bir-birinə çox yaxın formada türk dillərinə daxil edilə bilər.

Bu gün başladığımız belə bir işin nəticəsini bəlkə sabah görməyəcəyik. Amma 20–30 ildən sonra yeni nəslin nümayəndələri Bakıda, Ankarada, Astanada, Daşkənddə, Bişkekdə və Aşqabadda elm, texnologiya, iqtisadiyyat və ictimai həyat haqqında danışarkən bir-birini indikindən daha rahat anlayacaq.

Əks halda qloballaşma və texnoloji inkişafın yaratdığı böyük xarici dil təsiri nəticəsində türk dilləri hərəsi fərqli istiqamətdə inkişaf edə və bir-birindən daha da uzaqlaşa bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi kimi, “bizim ailəmiz Türk dünyasıdır”. Ailə olmaq yalnız ortaq tarix və coğrafiya demək deyil. Ortaq mədəni yaddaş, ünsiyyət və bir-birini anlamaq imkanının qorunması da bunun mühüm hissəsidir.

Vahid Türk dili yaratmaq bəlkə çox mürəkkəb, hətta real olmayan məqsəddir. Buna ehtiyac da olmaya bilər. Amma bir-birinə daha yaxın türk dilləri yaratmaq tamamilə real məqsəddir.

Bunun üçün mövcud ortaq sözlərimizi qorumaq, türk dillərinin bir-birinin söz ehtiyatından daha fəal yararlanmasına şərait yaratmaq və xüsusilə bundan sonra yaranacaq terminlər üçün ortaq terminoloji siyasət formalaşdırmaq lazımdır.

Bu baxımdan “uzman”, yoxsa “mütəxəssis?” müzakirəsini mən yalnız bir söz haqqında mübahisə kimi görmürəm.

Əsas sual daha böyükdür:

Biz 20-30 ildən sonra türk xalqlarının bir-birini daha yaxşı anlamasını istəyirik, yoxsa dillərimizin getdikcə bir-birindən uzaqlaşmasına sadəcə tamaşa edəcəyik?

Əgər birincini istəyiriksə, bunun üzərində indidən işləməliyik.

Türk dünyasının siyasi, iqtisadi və mədəni yaxınlaşmasının yanında dil və terminologiya yaxınlaşması da uzunmüddətli strateji hədəflərimizdən biri olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью