Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) Azərbaycan ədəbiyyatının xaricdə nəşrinə dəstək məqsədilə “Sözün baharı” (The Spring of Words) tərcümə dəstək proqramı layihəsinə start verib.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihə milli ədəbiyyatımızın beynəlxalq miqyasda tanıdılması, yerli müəlliflərin əsərlərinin müxtəlif xarici dillərdə nəşri və yeni oxucu auditoriyalarına çatdırılması istiqamətində mühüm təşəbbüsdür. Tərcümə dəstək proqramı Azərbaycan ədəbiyyatının ölkə sərhədlərini aşaraq dünya ədəbi məkanında daha geniş təmsil olunmasına, ədəbi irsimizin beynəlxalq mədəniyyət mübadiləsində yer almasına və Azərbaycan müəlliflərinin xarici nəşriyyatlarla əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Qeyd edək ki, “Sözün baharı” layihəsi MİMTA Yayımlarında nəşr edilən və müəllifliq hüquqları bu nəşriyyat tərəfindən təmsil olunan kitabları əhatə edir. Artıq qısa müddətdə bu istiqamətdə real nəticələr də əldə edilib. Belə ki, tərcümə dəstək proqramı çərçivəsində Azərbaycan yazıçısı Əziz Sultanın “Kapsul: Yaşıl dünya” əsərinin Türkiyənin Ephesus Yayınlarında nəşr olunması ilə bağlı müqavilə imzalanıb. Proqramın növbəti layihəsi üçün addımlar da atılır. Belə ki, müasir ədəbiyyatımızdan ikisinin əsərin Almaniya və Kanada nəşriyyatlarında tərcümə edilərək çap olunması istiqamətində danışıqlar aparılır.