SÖZÜN ÇƏKİSİ “LIKE” SAYI İLƏ ÖLÇÜLƏNDƏ...

21.09.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Niyə fərqli fikir düşmənə çevrilir?

Rəsul Mirhəşimli

Bir vaxtlar xəbər insanın qarşısına çıxırdı, indi isə insan xəbərin qarşısına çıxır. Bu, zahirən sadə görünən, əslində isə informasiya davranışımızda baş verən böyük dəyişiklikdir. Televiziyanın müəyyən etdiyi xəbər saatları, qəzetlərin səhər gözləntisi, radio xəbərlərinin ardıcıllığı arxada qalıb. İndi “TikTok”, “Instagram”, “YouTube” və “Telegram” istifadəçiyə xəbəri sadəcə çatdırmır, həm də onun hansı xəbəri görəcəyini, hansına reaksiya verəcəyini, hansı mövzuda qəzəblənəcəyini və hansı məsələyə laqeyd qalacağını müəyyənləşdirən informasiya mühiti yaradır.

Bizim cəmiyyətdə bu dəyişiklik xüsusilə sürətlə hiss olunur. 2025-ci ilin əvvəlində ölkədə internetə çıxışı olan insanların sayı 9 milyondan çox idi, sosial media istifadəçi identifikasiyalarının sayı isə 6,73 milyona çatırdı. Bu rəqəmlər sosial şəbəkənin artıq ayrıca bir kommunikasiya kanalı olmadığını, cəmiyyətin gündəlik həyatının mühüm hissəsinə çevrildiyini göstərir. İnsanların bir-biri ilə münasibəti, xəbərə münasibəti, ictimai hadisəyə reaksiyası, hətta bəzən mədəni və sosial mövqeyi bu platformalarda formalaşır.

“TikTok” sürətə, “Instagram” görüntüyə, “YouTube” izaha, “Telegram” isə operativliyə üstünlük verir. Lakin bu platformaların hamısını birləşdirən daha mühüm xüsusiyyət var, o da diqqət uğrunda rəqabətdir. Sosial şəbəkədə ən doğru fikir həmişə ən çox yayılan fikir deyil, daha emosional, daha kəskin, daha təəccüblü və daha asan istehlak edilən fikir çox vaxt üstünlük qazanır.

Nəticədə xəbər haqqında düşünməkdən əvvəl xəbərə reaksiya verməyə başlayırıq. Başlığı oxuyuruq, əsəbiləşirik, paylaşırıq, bir neçə saniyəyə hökm çıxarırıq və sonra növbəti xəbərə keçirik. Beləliklə, xəbər artıq düşünmək üçün materialdan çox, emosional reaksiya yaratmaq üçün vasitəyə çevrilir. Mənzərənin ən narahatedici tərəfi də budur. İnsan getdikcə informasiyanın sahibi yox, informasiyanın yaratdığı emosiyanın daşıyıcısına çevrilir.

İnsanların xəbərə əvvəlkindən fərqli yanaşmasının əsas səbəblərindən biri də informasiya mənbələrinin çoxalmasıdır. Əvvəllər bir hadisə barədə bir neçə əsas media mənbəyinin məlumatını müqayisə etmək mümkün idisə, indi eyni hadisə barədə onlarla versiya, yüzlərlə şərh, minlərlə paylaşım meydana çıxır. İnformasiya çoxaldıqca həqiqəti tapmaq asanlaşmır, əksinə, bəzən daha da çətinləşir. Çünki istifadəçi faktların çoxluğu ilə faktların etibarlılığını bir-birinə qarışdırır.

Burada daha bir problem meydana çıxır. Sosial şəbəkə müzakirəsi çox vaxt müzakirəyə yox, tərəf seçməyə çevrilir. Bir mövzu ortaya çıxan kimi onun bütün mürəkkəbliyini izah etməyə çalışan yanaşma deyil, “haqlıdır-haqsızdır”, “bizdəndir-onlardandır”, “vətənpərvərdir-xəyanətkardır” kimi maksimalist mövqelər önə keçir. Aralıq mövqelər, şübhələr, “bu məsələnin başqa tərəfi də ola bilər” düşüncəsi isə səs-küyün içində itib gedir.

Belə mühitdə rasional diskussiya aparmaq getdikcə çətinləşir. Çünki rasional diskussiya vaxt tələb edir. Faktı yoxlamaq, qarşı tərəfi dinləmək, öz mövqeyində səhv ehtimalını qəbul etmək, emosiyanı arqumentdən ayırmaq lazımdır. Sosial şəbəkənin sürəti isə bunların əksini tələb edir. Orada istifadəçidən tez reaksiya, qısa fikir, sərt ifadə və görünən mövqe gözlənilir.

Bəlkə də buna görə cəmiyyətin müəyyən hissəsində savadlı və elmli insanların sosial şəbəkə müzakirələrindən uzaq durması təsadüfi deyil. Elm adamı iddiasını sübut etmək, mənbə göstərmək, istisnaları nəzərə almaq və “bilmirəm” demək məcburiyyətindədir. Sosial şəbəkədə isə “bilmirəm” çox vaxt zəiflik kimi qəbul edilir, qəti danışmaq isə üstünlük təsiri yaradır.

Burada mühüm bir məqamı da nəzərdən qaçırmaq olmaz. Elmli insanların müzakirədən çəkilməsini yalnız sosial şəbəkə istifadəçilərinin intellektual səviyyəsinin aşağı olması ilə izah etmək doğru olmaz. Problem daha mürəkkəbdir. İntellektual hazırlığı zəif olan bəzi istifadəçilərin mürəkkəb məsələlərə həddən artıq sadə və maksimalist yanaşması əlbəttə ki, diskussiyanın keyfiyyətini aşağı sala bilər.

Ən təhlükəli vəziyyət isə budur ki, sosial şəbəkədə insan bəzən qarşısındakını inandırmaq üçün yox, onu susdurmaq üçün danışır. Məqsəd arqumenti məğlub etmək deyil, rəqibi nüfuzdan salmaq olur. Sözün çəkisi yox, reaksiyanın sayı əsas meyara çevrilir. Belə olanda müzakirə ictimai düşüncənin inkişaf vasitəsi olmaqdan çıxıb emosional toqquşma meydanına çevrilir.

Əslində, sosial şəbəkələrin günahı yalnız onların özündə deyil. Bu platformalar cəmiyyətdə əvvəldən mövcud olan xüsusiyyətləri də üzə çıxarır və böyüdür. Səbrsizlik, qarşı tərəfi dinləməmək, fərqli fikrə dözümsüzlük, özünü haqlı görmək, başqasının səhvini böyüdüb öz səhvini görməmək, bunlar sosial şəbəkədən əvvəl də vardı. Sadəcə əvvəllər bu xüsusiyyətlərin auditoriyası məhdud idi, indi isə bir insanın emosional reaksiyası saniyələr içində minlərlə insana çata bilir.

Sosial şəbəkələrin qarşısında seçim əslində bizimdir. Orada yalnız qəzəbimizi böyüdən bir auditoriya olacağıq, yoxsa düşüncəmizi genişləndirən bir ictimai məkan yaradacağıq? Bu sualın cavabı “TikTok”un, “Instagram”ın, “YouTube”un və ya “Telegram”ın özündə deyil. Cavab bizim informasiya ilə, fərqli fikirlə və ən əsası, bir-birimizlə necə davranmağımızdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью