Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu günlərdə tanınmış şair Rafiq Ələkbərin “Bu qapı bəlkə tövbədir?” adlı kitabı işıq üzü görüb. Burada toplanmış poetik nümunələrdə müəllifin həyata baxışı, insanın daxili aləminə münasibəti və zamanla bağlı düşüncələri müasir həyatın ovqatı ilə bir araya gəlir.
Lirik duyğuların fəlsəfi düşüncə ilə qovuşduğu şeirlər toplusunda mövzu rəngarəngliyi və müəllifin fərqli yanaşma tərzi oxucuda xoş təəssürat yaradır.
Qeyd edək ki, ötən əsrin 80-ci illərində ədəbiyyata gələn Rafiq Ələkbərin “Səndən ayrılanı, səndən küsəni” adlı ilk şeirlər toplusu 1999-cu ildə çap olunub. Ardınca “Mən Tanrı yolçusuyam” , “Ruhum əbədiyyətim” , “Eşq qəlbin ruhudur” , “Seçilmiş əsərləri”, “İlahi nur”, “İrfan və eşq görüşləri”, “Savalanla üz-üzə” və “Mənim fəlsəfəm” şeir kitabları nəşr edilib.
Yaradıcılığında nəsrə də xüsusi yer ayıran müəllifin 2007-ci ildə “Əsgər ac qalmayacaq” povesti çap olunub. Ötən il “İnsan alveri”, “Qəsdən ölüm” detektiv romanlardan ibarət kitabı ingilis və türk dillərinə tərcümə olunub. “Bu qapı bəlkə tövbədir?” müəllifin 16-cı kitabıdır.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rafiq Ələkbər “Qızıl qələm”, “Ustad sənətkar”, “Araz” ədəbi mükafatlarına layiq görülüb. 2017-ci ildə Türkiyədə çap edilən ədəbi əsərləri, o cümlədən “İrfani eşq” şeirlər kitabına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib və Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilib. 2021 –ci ildə çap olunmuş “Savalanla üz-üzə” kitabına görə şairə Akademiyanın Atatürk Beynəlxalq mükafatı və Avropa Şərəf Ordeni verilib.
XQ