Sözün qırmızı xətti...

03.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

 Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti                        

Poeziya, söz dünyası insan ruhunun, insan qəlbinin ən həssas ifadəsidir. Elə şairlər, yazıçılar var ki, onların qələmi təkcə  misraları dilləndirmir, həm də ürəkləri danışdırır, qəlblər arasında səssiz körpülər salır. Söz dünyasına- ədəbiyyata anasının nağılları ilə gələn  şair, publisist Təranə Dəmirin zəngin yaradıcılığı ona böyük oxucu auditoriyası qazandırıb.  Uşaqlıq yaddaşına hopmuş  həmin nağıllar onun mənəvi dünyasını zənginləşdirmiş, sözə olan məhəbbətini daha da gücləndirmiş, həyatın gerçəkliklərini bədii dillə ifadə etmək bacarığını cilalamışdır. Elə buna görə də, Dəmir imzası ilə qələmə aldığı “Uzaqlar”, “Sərhədsiz sərhədlər”, “25-ci saat”, “Cəhənnəmdən gələn işıq”, “Sıfırdan əvvəl”, “Səssizliyin melodiyası”, “Daş arzular”, “Payız qadın”, “Üşüyəndə özünü yandıran şair” əsərləri   həyatın özündən doğulmuş canlı bir  tablo, insan talelərinin bədii salnaməsi təsiri bağışlayır.

Təranə Dəmir  yaradıcılığının cazibəsi ondadır ki, o, sözü insan  ruhunun süzgəcindən keçirərək  oxucusunu düşündürür. Şairənin hər bir əsərində  bəşər övladı özünü, yaşadığı cəmiyyəti və zamanın reallıqlarını görə bilir. Onun qəhrəmanları  süni obrazlar deyil, gündəlik həyatımızda qarşılaşdığımız  insanlar, onların ağrıları, acıları, sevincləri  və daxili mübarizələridir. Onun əsərlərini oxuduqca  özünü, yaşadığın cəmiyyəti və zamanın gerçəkliklərini görə bilirsən.

Müəllifin “Uzaqlar” əsərinin gücü ondadır ki,  yazılan hər misrada  fiziki məsafələrdən daha çox mənəvi  uzaqlığın fəlsafəsi açılır. Kitabda insanın doğmalarından, sahib olduğu dəyərlərindən və bəzən də öz mənəviyyatından uzaq düşməsi incə psixoloji çalarlarla  təsvir edilir. Müəllif  uzaqlıq ifadəsini yalnız cografi anlayış kimi deyil, həm də ruhun tənhalığı və insanın özünü axtarış yolu kimi təlqin edir.

 “Sərhədsiz sərhədlər” əsərini də oxuduqca  müəllifin mənəvi dünyası ilə üz-üzə dayanırsan. Yazar göstərir  ki, bəzən ən ağır, keçilməz  sərhədlər xəritələrdə deyil, insanların düşüncəsində, münasibətlərində və vicdanında qurulur, çəkilir. Adamlar  arasında görünməyən divarlar cəmiyyətin mənəvi inkişafına zərbə vurur. Təranə Dəmir  hər sətrində incə eyhamlarla bu görünməz sərhədləri açmağa çalışır. 

“25-ci saat” zamanın insan həyatındakı qiymətini və mənəvi məsuliyyətini ön plana çəkən əsərlərdən biridir. Şair, publisist  bəşəriyyətə demək istəyir ki, insanın ən böyük  sərvəti vaxtdır. Həyatda mövcud  olmayan “25-ci saat” arzuların, peşmançılıqların və ən nəhayət, gecikmiş qərarların sanki  rəmzinə çevrilir. Əsər hər kəsi yaşadığı bir  anın belə  qədrini bilməyə çağırır.

“Cəhənnəmdən gələn işıq” əsərində  Təranə Dəmir həyatın  ən qaranlıq məqamlarında  ümid işığının  sönmədiyini  göstərir. Burada insan iradəsinin gücü, mənəvi saflıq, xüsusilə xeyirin şərə qalib gəlməsi ideyası əsas xətt kimi diqqətdə saxlanılır. Əsərin  ideya gücü ondadır ki, hər kəs ən ağır sınaqlarda  ədalətin, haqqın, vicdanın işığına ümidini itirməməlidir.

“Sıfırdan əvvəl” həyatın başlanğıclarını, insanın özünü yenidən kəşf etməsini və mənəvi dirçəlişini  əks etdirən fəlsəfi məzmunlu əsərdir. Müəllif insan talelərindəki başlanğıcların təsadüfi deyil, daxili dəyişikliklərin nəticəsi olduğunu müdrikliklə ifadə edir. Ümumiyyətlə, Təranə Dəmirin   yaradıcılığında həyat hadisələrinə fəlsəfi baxış  deyilən sözün gücünü daha da artırır.

“Səssizliyin melodiyası” insan ruhunun  səssiz tərəflərini dilləndirən əsərdir. Burada sözsüz  hisslərin, baxışların, susqunluğun və qəlbin səslərinin  olduqca böyük məna  daşıdığı göstərilir. Şair hər misranın dili ilə anlatmağa çalışır ki, bəzən insanın deyə bilmədikləri söylədiklərindən daha təsirli olur.

 “Daş arzular” fəlsəfi, poetik bir əsərdir. Burada cəmiyyətin sərtləşən münasibətləri fonunda insan istəklərinin, niyyətlərinin sarsılmazlığı əks olunur. Həyatın çətinlikləri  arzuları daşlaşdırsa da, müəllif insanın ümidini itirməməsinin  vacibliyini ön plana çəkir. Əsərdə həyat uğrunda mübarizə,  sarsılmaz inam və mənəvi dözümlülük əsas ideyalardır. 

“Payız qadın”. Bu kitab  qadın taleyinin poetik və psixoloji portretidir. Əsərdə qadının sevgisi , fədakarlığı, nisgili, müdrikliyi və həyatın yaman üzü:  sınaqları qarşısındakı dözümü bədii boyalarla təsvir olunur. Payız fəslinin  pərişanlığı, özünəməxsus çalarları, rəngi ilə qadın taleyi  arasında yaradılan paralellər əsərə xüsusi  emosional dərinlik qazandırır.

Bu kitabların hər birində həyatın rəngləri sözə çevrilib oxucunu düşündürür. Ona görə  də inamla demək olar ki,  Təranə Dəmirin  əsərləri  canlı həyat lövhələri, insanlığın bədii tablosu kimi dəyərləndirilə bilər. Söz  aşiqinin  qələmi  insan talelərini sadəcə təsvir etmir, onları mənalandırır, hər bir obraz vasitəsilə cəmiyyətin mənəvi aynasını yaradır. Ədəbiyyatın da əsas missiyası məhz insanı insana tanıtmaq, onun ruhunu zənginləşdirmək və sabaha, gələcəyə daha böyük ümidlə baxmağa sövq etməkdir.

Təranə Dəmir yaradıcılığı bütövlükdə insan talelərinin ensiklopediyası təsirini bağışlayır. Onun zəngin yaradıcılığı göstərir ki,  anasının  söylədiyi nağıllarla başlayan söz yolu bu gün müasir  Azərbaycan ədəbiyyatında insanlığın, mənəviyyatın və həyat həqiqətlərinin bədii salnaməsinə çevrilmişdir.

 Qələmə müqəddəs bir varlıq kimi  sarılan incə qəlbli söz adamı, şairə Təranə Dəmirin yeni kitabı - “Qırmızı xətt” oxucuların ixtiyarına verilmişdir.  İlk oxuculardan biri kimi bu adın mənasını hər səhifəsində  hiss etdiyim üçün “Qırmızı xətt” məni də yazmağa sövq etdi. Bu kitab həyatın müxtəlif çalarlarını,  sevgi və ayrılıq dünyasının ağrı-acısını, insan övladının iç dünyasını, vicdanın səsini və zamanın düşündürdüyü həqiqətləri  poetik dillə oxucuya çatdıran  qiymətli bir nəşrdir. Kitabın hər səhifəsi müəllifin  həyat müşahidələrinin, düşüncələrinin və ilahi sözə olan sonsuz ehtiramının ifadəsidir.

Bu kitabın adı kimi içindəki hər misra bizi düşündürür, həyata baxışlarımızı formalaşdırır. Təranə  Dəmir poeziyasında səmimiyyət və vicdanın səsinə qulaq asmaq əsas xətt təşkil edir. Şairə hər bir oxucunu həyata fərqli  rakursdan baxmağa dəvət edir. Məhz buna görə də  Təranə Dəmirin zəngin yaradıcılığı  geniş oxucu auditoriyası tərəfindən məhəbbətlə qarşılanır.

“Qırmızı xətt” təkcə bir kitabın adı deyil, o, insanın keçməməli olduğu mənəvi sərhədlərin, sevginin, ləyaqətin, vicdan hissinin və həqiqətin  carçısıdır. Bu kitab hər bir oxucunu öz daxili aləminə boylanmağa, həyatın incə məqamlarına biganə qalmamağa çağırır. Elə buna görə də,  “Qırmızı xətt”Azərbaycan ədəbiyyatının poetik xəzinəsində dəyərli bir nəşr kimi zaman-zaman yaşayacaq. 

“Qırmızı xətt” sözün və vicdanın sərhədində insan ruhunu cilovlayır, sanki oxucu ilə dialoqa girir: Ey mənim söz dünyamın sakini, həyat güzgüdür, sən ona hər tərəfdən baxmalısan, təkəbbürdən uzaq olmalısan, mənəviyyatdan zəngin bir xəzinə varmı?!- deyərək  insanların qəlbində qurulan körpüləri dağıdanlara etirazını bildirir. Müəllif  həm də  insanlığın mənəvi yükünün  dəyərini hər şeydən  üstün tutur. Şair, publisist Təranə  Dəmirin misralarında sevgi təkcə hiss deyil, həm də məsuliyyətdir. Ayrılıq yalnız kədər deyil, insanı kamilləşdirən bir sınaqdır. Vətən isə sadəcə  cografi məkan deyil, ruhun əbədi ünvanıdır. Bu baxımdan “Qırmızı xətt” müxtəlif həyati mövzuları bir araya gətirərək bütöv bir mənəvi- estetik tablo yaradıb. Kitabdakı mövzularda müəllif  yaşadığımız həyatın ziddiyyətlərini böyük ustalıqla poetikləşdirib. Sadə görünən sözlər dərin mənalar kəsb edir, fəlsəfi düşüncələrin ifadəsinə çevrilir.

Bu kitab sairənin həm də  yaradıcılıq  istedadının göstəricisidir. Əsərdə poetik forma ilə məzmun arasında  harmoniyanın qorunması, obrazların təbiiliyi və dilin axıcılığı insanı düşündürür, həyata baxışlarını dəyişdirir.  Oxucu hər misrada müəllifin daxili aləmini, sözə olan məsuliyyətini və poeziyaya bağlılığını hiss edir. Yeni kitabın işıq üzü görməsi  Azərbaycan ədəbi mühitində  əlamətdar hadisələrdən biri kimi dəyərləndirilə bilər. 

 Həyatın rənglərini sözə çevirən,  ədəbiyyatımız üçün qiymətli əsərlər  yaradan şair, publisist Təranə  Dəmirə yeni-yeni kitablarının nəşrinin sevincini yaşamağı  arzulayırıq.

 Kəmalə  Abdinova
 XQ  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью