Sözün və duyğuların işığında

26.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Poeziya insanın mənəvi dünyasının, duyğu və düşüncələrinin sözlə ifadəsidir. Şairin qələmindən süzülən misralar bəzən bir duaya, bəzən sevgi etirafına, bəzən isə xalqın ağrı-acısının poetik ifadəsinə çevrilir. Bu mənada şair və qiraətçi Üzeyir Tahiroğlunun yaradıcılığında səmimiyyət, vətənpərvərlik, mənəvi dəyərlərə bağlılıq və insani duyğular mühüm yer tutur.

Bağırov Üzeyir Tahiroğlu “Qızıl qələm” və “Qızıl səs” mükafatları laureatı, “Şəhidin var, Azərbaycan” və “Çarəsiz eşq” kitablarının müəllifi, Gənc Yazarlar Birliyinin üzvüdür. O, həm şair, həm də qiraətçi kimi sözün ifadə imkanlarından yararlanaraq insanın daxili dünyasını, həyatın təzadlarını və mənəvi axtarışlarını oxuculara çatdırmağa çalışır.

Müəllifin şeirlərində Vətən sevgisi, şəhidlərimizin əziz xatirəsinə ehtiram, ilahi inam, məhəbbət, sədaqət və xeyirxahlıq kimi mövzular ön plana çıxır. Onun poetik üslubu sadə və anlaşıqlı ifadə tərzi, səmimi müraciətlər və xalq şeirinə xas ahənglə səciyyələnir.
“Allahım” şeirində insanın Uca Yaradana sığınması, mənəvi saflığa can atması, bədxahlıqdan və xəyanətdən qorunmaq arzusu ifadə olunur. “Ömür şən olsun” şeirində isə müəllif insanları mərhəmətə, qarşılıqlı sevgiyə, səmimiyyətə və xeyirxahlığa səsləyir.

Şairin vətənpərvərlik mövzusunda qələmə aldığı “Şəhid anası” şeiri övladını Vətən uğrunda itirmiş anaların ağrı-acısına, onların sonsuz həsrətinə həsr olunub. Əsərdə ana məhəbbəti ilə Vətən sevgisinin doğurduğu dərin mənəvi duyğular poetik ifadəsini tapır.


Gözlərin yaşlıdır,ürəyin qəmgin,
Dağ boyda bir oğul itirmisən sən.
Boğur səni qəhər,boğur səni qəm,
Həyatın olubdu sanki, sənin kəm,
Ağlama nə olar, Şəhid anası!

Gecələr röyana gəlir övladın,
Anırsan hər dəqiqə,sən onun adın.
Yüksəlir göylərə,hər gün fəryadın.
Sən bu acılara,necə dayandın?
Ağlama nə olar, Şəhid anası!

Oğlun Vətən üçün, canını verdi,
Düşmən qarşısında sinəsin gərdi.
Gör neçə düşməni, yerlərə sərdi.
Daşımaq çətindi, bu ağır dərdi,
Ağlama nə olar, Şəhid anası!

Saçların ağarıb,qırışıb üzün,
Daha qalmayıbdı,canında dözüm.
Axtarır hər yerdə oğlunu gözün.
Gözünün yaşına qurban olaram,
Ağlama nə olar,Şəhid anası!

“Əzizim” şeirində isə məhəbbət, sədaqət və sevdiyi insana ömür boyu dayaq olmaq arzusu lirik duyğularla tərənnüm edilir.

Ağlasan,ağlaram gülsən,gülərəm,
Öl desən inan ki, vallah ölərəm.
Sənə mən Allahdan xoş gün dilərəm,
Hər zaman yanında varam,əzizim!

Əlimi çəkmərəm,heç vaxt əlindən,
Qoymaram qırağa,səni gözümdən.
Bilirəm çıxmarsan,sən də sözümdən,
Hər zaman yanında varam,əzizim!

Gözümün nurusan,canımsan mənim,
Damarımda axan,qanımsan mənim.
Nə yaxşı sevdiyim,varımsan mənim,
Hər zaman yanında varam,əzizim!

Aldığım nəfəsim,vuran qəlbimsən,
Döyünən ürəyim,görən gözümsən.
Ən şirin söhbətim,şirin sözümsən,
Hər zaman yanında varam,əzizim!

Yanımda ol, canım, bir ömür boyu,
Sənsən bu ruhumun qidası, suyu.
Yolunda olmasın nə daş, nə quyu,
Hər zaman yanında varam, əzizim!


Üzeyir Tahiroğlunun təqdim olunan şeirlərini birləşdirən əsas cəhət insan qəlbinə ünvanlanan səmimi söz, mənəvi dəyərlərə bağlılıq və dünyanın daha mərhəmətli, daha işıqlı olması arzusudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью