Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
Çağdaş Azərbaycan poeziyasının sayılıb-seçilən qələm sahiblərindən, poetik sözün milli təəssübkeşlərindən və əsl qədirşünaslarından biri də əməkdar müəllim, fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının sabiq deputatı Xanəli Kərimlidir. Onun həm elmi-pedaqoji fəaliyyəti, həm də poetik yaradıcılığı filoloji düşüncəmizdə və söz sənətimizdə zərif, unudulmaz izlər buraxmışdır.
Vətənpərvərlik, milli-mənəvi ucalıq, insana və insanlığa ülvi məhəbbət, doğma yurdun gözəllikləri, ata-baba əmanəti olan od-ocaq hərarəti, xalqın azadlıq arzuları, milli birlik və bütövlük ideyaları, Araz ağrısı və digər qutsal düşüncələr Xanəli Kərimli yaradıcılığının aparıcı mövzularındandır.
Müəllifin müxtəlif vaxtlarda oxuculara ünvanladığı "Ay işığında", "Anamdan məktub", "Bu da bir nağıldı...", "Mənə elə gəlir ki...", "Duyğularım, düşüncələrim", "Mənim könlüm bir ümmandır", "Payız duyğuları", "Tanrı müjdəsi", "Mən haqqın yazan əliyəm" adlı şeir kitabları səmimi hisslər, canlı, yanar duyğularla süslənmişdir. Onun əsərləri xarici dillərə çevrilmiş, şeir kitabları Türkiyə və İranda nəşr edilmişdir. Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan fəlsəfə doktoru X.Kərimli Cənubi Azərbaycan ədəbiyyatının tədrisi ilə bağlı elmi-metodiki vəsaitlər hazırlamışdır.
Alim, şair, pedaqoq ömrü yaşayan Xanəli Kərimli Azərbaycan ədəbiyyatına, təhsilinə və elminə dəyərli töhfələr bəxş etmiş, Azərbaycan məfkurəsinə bağlı vətəndaş və millət fədaisidir. Onun poeziyası milli ruhu, vətəndaşlıq duyğusunu və yüksək mənəvi dəyərləri səmimiyyət, sənət və həqiqət müstəvisində ifadə edir.
Milli müstəqilliyimizin bərpasından sonrakı poeziyamızda vətənpərvərlik mövzusu həmişə mühüm yer tutmuşdur. Müstəqillik dövrü poeziyamızda bu ideyanı yüksək bədii səviyyədə tərənnüm edən sənətkarlardan biri də Xanəli Kərimlidir. Onun yaradıcılığında Vətən sevgisi, milli birlik, şəhidlərin əziz xatirəsi, ana dili və dövlətçilik düşüncəsi əsas mövzular kimi diqqəti cəlb edir. Ədəbiyyatşünas-alimlərimiz Xanəli Kərimlini yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının görkəmli nümayəndələrindən biri kimi qiymətləndirirlər. Akademik İsa Həbibbəylinin fikrincə: "Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir. Yaxşı cəhət ondan ibarətdir ki, Xanəli Kərimlinin vətəndaşlıq lirikası sadəcə qələmə aldığı aktual mövzuları ilə deyil, daha çox bu bədii nümunələrdəki fikrin ifadə vasitəsi ilə yadda qalır. Daha doğrusu, Xanəli Kərimli bir qayda olaraq vətəndaşlıq lirikasını bədii biçimdə təqdim etməyi bacarır".
Xanəli Kərimlinin şeirlərində Vətən yalnız coğrafi məkan deyil, həm də xalqın qədim və zəngin tarixi, mənəvi dəyərləri və milli kimliyidir. Onun "Azərbaycan", "Azərbaycan bayrağı", "Şəhidlər xiyabanında", "Bu qan yerdə qalan deyil", "Naxçıvanım mənim", "Öz dilimsən" kimi şeirləri vətənpərvərlik ruhunun bariz örnəkləridir. Bu əsərlərdə Azərbaycanın dövlət rəmzləri, milli birlik, qəhrəmanlıq və şəhidlik mövzuları böyük məhəbbətlə tərənnüm olunur.
X.Kərimlinin sözlərində, misralarında bəzən zamanın nəbzi vurur, tarix yaşayır. İstiqlal şairlərimiz Məmməd Arazın, Xəlil Rza Ulutürkün yaradıcılığından qaya parçası kimi qoparaq dillərdə milli azadlıq ruhunu ifadə edən "Qalx ayağa, Azərbaycan!" nidası insanları mübarizəyə səsləyən çağırışa çevrilmişdi. Sovet imperiyasının parçalanması ərəfəsində erməni separatçılarının baş qaldırdığı, terror aktları törətdiyi, kəndlərimizi, yurd yerlərimizi yandırdığı, əhalimizi doğma ocaqlarından didərgin saldığı bir dövrdə bu müraciət zamanın çağırışı kimi səslənərək gündəmi zəbt etmişdi.
Amma bu poetik çağırışın fəlsəfi anlamına səthi yanaşanlar, öz qəbahətlərini gizlətmək üçün ondan pərdə kimi istifadə edənlər də oldu. Həyəcan təbilini xatırladan misra, təəssüf ki, bəzən sözbazların, sui-istifadəçilərin dilində çirkləndi, ağızlarda saqqız kimi çeynəndi. Şair sözün hikmətini, qüdrətini anlamaqda hissiyyatını itirmiş, andı, vədi ilə əməli arasında uçurum yaranmış "dil pəhləvanları"nın yaramaz əməllərini, məkrli niyyətlərini "Sağlığına" adlı şeirində açıq və sərt şəkildə qınamaq məcburiyyətində qalmışdır:
Vətənin şah damarını,
Zəli kimi soran deyir,
Torpağını, qeyrətini
Düşmənlərə sata-sata,
Çayxanada, meyxanada, toyxanada...
Bala-bala vuran deyir:
"Qalx ayağa, Azərbaycan!"
Səmimiyyətlə, cəsarətlə sözün qəhmarına çıxan, böyük sənətkarların vətənsevərləri birliyə, mübarizəyə səsləyən müqəddəs müraciətlərinin dəyərini obyektiv qiymətləndirən X.Kərimli məişət əyyaşlarını, xəyanətkarları və sümürücüləri sərt şəkildə qınamaqdan çəkinməmişdir.
Bu şeirin yazılma tarixi məlum olmasa da, sözlərdən zamanın portreti görünür, dövrün qarışıq axını müşahidə olunur, Qarabağ faciələrinin sədaları eşidilir.
Qarabağın qədrini-qiymətini yetərincə anlamayan, bu ecazkar məmləkətin bulaq başında, çay qırağında, meşə dərinliyində dəyərini duymayan nankorlara hayqıran şair "Bayrağını uca qaldır, ana Vətən" müraciəti ilə diyarımızın xalqın mənəviyyatında, ruhunda, düşüncəsində hansı ucalıqda dayandığını vəsf etmiş, yaxın tariximizin qara ləkələrlə dolu səhifələrini vərəqləmişdir:
Azərbaycan bir üzüksə,
o üzüyün qaşı sənsən, Qarabağım!
Azərbaycan bir bədənsə,
o bədənin başı sənsən, Qarabağım!
Sənsiz mənim ürəyim də
para idi, yara idi, Qarabağım,
Sənin belə quru adın
dərdlərimə çarə idi, Qarabağım.
İllərdi ki, şeytanlığın,
iblisliyin beşiyində dustaq idin.
Sinəmizə çalın-çarpaz çəkdirilən
bir dağ idin, Qarabağım...
Qarabağ nəqəratlı, Qarabağ ağrılı, "sinəmizə çalın-çarpaz çəkdirilən bir dağ"ın otuz ilə yaxın göynərtili simfoniyası ilə yaxından tanış olan şair Vətən coğrafiyasında bu diyarın yerini, önəmini, mənəvi üstünlüklərini poetik obrazlarla ifadə etmişdir. 2020-ci ilin zəfər dolu payız günlərində, qələbənin son nöqtəsinin qoyulacağı, düşmənin kapitulyasiya sənədinə imza atacağı gözlənilən tarixi günlərdə Xanəli Kərimlinin "Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir!" adlı şeiri yayımlandı. Bu əsər şairin döyüşən ordumuza mənəvi dəstəyinin ifadəsi idi.
Zəfər zəngi kimi səslənən, illərlə şairin ürəyində düyünlənib qalmış haqq, ədalət, cəsarət və həqiqət çağırışlarını yenidən alovlandıran "Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir!" şeiri daha geniş məram kəsb edir. Otuz illik Qarabağ sıxıntısının, ağrı və əzablarının sona yaxınlaşdığını duyan Xanəli Kərimli "Qarabağ havasına köklənən", ildırım sürəti ilə hücuma keçərək ardıcıl uğurlar qazanan ordu bölmələrimizin qarşısında Zəngəzur, Göyçə gölü və İrəvan xanlığı ilə bağlı tarixi yaddaşı, xalqın arzu və istəklərini xatırladır.
Xanəli Kərimli digər bir əsərində - "Özgə millət" şeirində əsrlərdən süzülüb gələn, tarixi yurd-yuvası bölüşdürülən, zaman-zaman zorla unutdurulan yaralı mövzunun qaysağını qoparır:
Çox demişik:
- Bu vətənin Dərbəndi də nisgillidir.
Borçalısı, Zəngəzuru,
Göyçəsi də dərd dillidir...
Vətənin qartımış problemlərinin, üst-üstə qalaqlanmış nisgillərinin səbəbi bəllidir. Zaman yetişib: Dərbənd, Borçalı, Qarayazı, Zəngəzur və Göyçə mahallarının dərdli taleyi milli yaddaşımızda yaşamaqdadır. Şairin bu mövzulara müraciəti tarixi yurd yerlərinin ağrısını, xalqın bütövlük arzusunu ifadə edir.
Şairin və onun qohum-əqrəbasının mənsub olduğu nəslə zəhmətkeş, azadlıqsevər, vətənpərvər və istiqlalçı nəsil demək olar. Bu ailənin övladları Vətənin başını uca edən, ölkənin ləyaqət və şərəfini qoruyan sahələrdə namus və qeyrətlə çalışmışlar. Xanəli müəllimin qardaşı oğlu, Azərbaycan Milli Ordusunun kapitanı Ceyhun Pirəli oğlu Qarabağ müharibəsi dövründə qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. Xanəli Kərimli onun əziz xatirəsinə həsr etdiyi "Şəhidlik nəğməsi" şeirində Vətənin azadlığı və suverenliyi uğrunda mübarizə aparan şəhidlərin əbədiyyətə qovuşduğunu qürur hissi ilə ifadə etmişdir.
Müəllif şəhidlik himnini xatırladan bu həzin nəğməni yalnız qardaşı oğlu Ceyhuna deyil, xalqımızın istiqlalı, Vətənimizin azadlığı uğrunda həlak olan bütün qəhrəman şəhidlərimizin əbədiyaşar ruhuna, unudulmaz xatirəsinə ithaf etmişdir. Şair şəhidlərimizin canı-qanı bahasına qazanılmış azadlığın, suverenliyin, müstəqilliyin dəyərini vurğulayır, bugünkü və gələcək nəsilləri Vətəni sevməyə, ona layiq övlad olmağa və göz bəbəyi kimi qorumağa səsləyir.
Xanəli Kərimlinin poetik yaradıcılığının əsas məğzi Vətənə, xalqa, milli-mənəvi dəyərlərə sədaqəti obrazlı dillə, səmimi və inandırıcı bədii detallarla ifadə etməkdir. Onun şeirləri sadə üslubu, emosional fikir gücü və vətəndaşlıq ruhu ilə seçilir. Vətənpərvərlik, milli kökə və azərbaycançılıq məfkurəsinə bağlılıq, torpaq və bayraq sevgisi poeziyasının əsas ideya istiqamətlərindəndir. Azərbaycanın, o cümlədən Naxçıvanın tarixi, təbiəti və doğma yurdun ecazkar gözəlliyi "Naxçıvanım mənim" şeirində də öz əksini tapmışdır.
Xanəli Kərimlinin poeziyası oxucuya Vətənə sevgi, milli qürur, dövlətçilik düşüncəsi və vətəndaşlıq məsuliyyəti aşılayır. Bu baxımdan şair çağdaş Azərbaycan poeziyasında vətənpərvərlik və yurdsevərlik məfkurəsinin uğurlu tərənnümçülərindən biri kimi tanınır.
Şair arzusuna çatmaq, ürəyinə yatan yüksək poetik duyğuları ifadə etmək üçün bəzən düşüncələrinin alovsaçan kürəsindən keçməli olur, hissiyyatla idrak arasında çarpışan fırtına ilə üz-üzə qalır:
Özüm, öz içindən od alan günəş,
Yanıram qəlbimlə dil arasında.
Bəzən dorağacı sınmış gəmi tək,
Batıram zamanın fırtınasında.
Poeziyanın əzablı yollarından, təbəddülatlar içində yaranma prosesindən bəhs edən "Mənim ömrüm, günüm" şeirində yanar duyğulu misralar şairin dəmirçi kürəsini xatırladan, od-alov saçan, eyni zamanda incə ruhlu qəlbindən keçir:
Od oldum ocağım, külüm olmadı,
Yandım duyğularda, ürəklərdə mən.
Ağrısız, acısız günüm olmadı,
Alışdım ümidtək bəbəklərdə mən
- deyən şair için-için yandıqca od-ocağının külü qalmasa da, yanğılı duyğularının yaddaşlarda izi, ürəklərdə sözü yaşayır. Sakit, istiqanlı və təmkinli təbiətə malik Xanəli Kərimlinin daxili aləminə nəzər saldıqca misralarından köz alan, qığılcım saçan atəş və alovun onun poetik dünyasının ayrılmaz hissəsi olduğu görünür.
Xan Əlinin "İkiliklər" adlandırdığı odlu misraların - Həzrət Əlinin ikidilli Zülfüqar qılıncı kimi sərt və kəskin fəlsəfi beytlərin missiyası əfsanəvi Simurq quşu kimi mənəvi közü dünəndən sabaha, gələcəyə daşımaqdır. Şairin qəlbindən, ruhundan qoparaq misralarında məskən salmış müqəddəs od - Odlar yurdunun çağdaş poeziyasında Vətən sevgisi, insanpərvərlik, mənəvi saflıq, humanist ideyalar, yüksək bədii emosiyalar, yanar duyğular və fəlsəfi düşüncələr bəxş etmişdir. Bu duyğular ədəbiyyatşünas-alim, pedaqoq və şair Xanəli Kərimlinin bədii yaradıcılığında yaşamaqda davam edəcəkdir.