Sözünün mustafası olmayan kinomuzun Mustafası Orxan Saffari yazır...

02.02.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tez-tez özüm də yaşlı məmurları qınayıram. Əslində, yaxşı hal deyil ki, yaşı 70-i, 80-ı haqlayan adamlar kreslodan əl çəkə bilmirlər. Ancaq təəssüf ki, bu cür hallar təkcə siyasətdə deyil, elə mədəniyyət sahəsində də var.

Bəli, AYB sədri Anardan tutmuş ta Teatr Xadimləri İttifaqının sədri olan, 82 yaşlı Hacı İsmaylova qədər.

Görəsən, bu yaşda Hacı İsmayılova vəzifə niyə lazımdır? Bu yaşda nəvələri ilə oynasa, dövlətin də ona ayırdığı pulları yesə olmazmı? Yerinə daha gənc biri gələ bilməzmi? Nədir, yoxsa kadr tapa bilmirlər?

Ümumiyyətlə, 82 yaşlı Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov orada nə edir? Hansı yeniliklərə imza atılır, problemlərin həlli yolunda işlər görülür?

Ümumiyyətlə, Hacı İsmayılov kino sahəsində çox da sevilməyən adamdır. Özü də, lap gənclik illərindən. Görünür, onu çox adam, başda Rasim Ocaqov olmaqla ciddiyə almayıb. Bununla bağlı məşhur bir hadisə də var.

Belə ki, Hacı İsmayılov bir dəfə çəkilişə gecikir. Çatan kimi Rasim Ocaqova üzrxahlıq etsə də, bu an Rasim Ocaqov deyir ki, eybi yox, amma pulun var? Hacı İsmayılov hə deyir və Rasim Ocaqov ondan 10 manat alıb ikinci rejissora verir. Hacı İsmayılov əvvəlcə başa düşmür. Rasim Ocaqov Hacı İsmayılova hazırlanmağı deyir və özləri də çıxıb gedirlər. Hacı İsmayılov çəkiliş meydançasında tək qalanda məlum olur ki, qrupdan kiminsə ad günü imiş, onlar da doğum gününü qeyd etmək üçün pul yığıblar. 10 manat da Hacı İsmayılovdan alıb, fəqət onu məclisə aparmayıblar. Ümumiyyətlə, belə münasibət görən adam kinodan birdəfəlik getməli idi, ancaq Hacı İsmayılov vəzifəyə getməyi üstün tutur.

Aktyor kimi də uğurlu sima deyil Hacı İsmayılov.

Ən yadda qalan rolu “Mustafa”-dır ki, o da məişət səviyyəsində olduğu üçündür.

Belə də, Hacı İsmayılovun hansı ciddi rolu var? Hansı rolu elə oynayıb ki, tamaşaçı məyus olmayıb?

Onun çəkildiyi fiımlərdə yaxşı olan Hacı İsmayılovun özü deyil, həmin filmlərin ən məşhur filmlər olmasıdır. Filmlər məşhur olmasa, Hacı İsmayılovu görən olmaz. Çünki sinemotoqrafik görüntüsü yoxdur.

Hətta olub ki, Hacı İsmaylov dəvət olunduğu rolların sınağından keçə bilməyib. Məsələn,  “Papaq” filmində Hüseyn roluna onu dəvət etmişdilər, amma alınmadı, Kamil Məhərrəmovu çəkdilər. Niyə alınmadı? Məlumdur. Ümumiyyətlə, o, heç vaxt baş rolda da ola bilməz. Bunun üçün isə olmayan şey istedadıdır.

Hacı İsmayılov da məhz alternativsizliyin uğurudur. Sənət meydanı o qədər boşdur ki, Hacı İsmayılova sənətkar deyilir.

Hərdən Hacı İsmayılovu başqa rollarda təsəvvür edirəm. Məsələn, düşünürəm ki, Babək rolunu o oynayır. İlahi, Babək necə yazıq olardı? Vallah, Babək rolunu Hacı oynasaydı, onu ərəblər doğramağa ərinərdi, elə şillə-təpiyin altına salıb qovardılar.

Hacı İsmayılov özü demişdi ki, aktyor olmasaydım, müğənni olardım. Görünür, Allah musiqimizi bu cür qoruyub. Ancaq kinomuza verilən bu zülm necə?

Hacı ismayılovun sənət təfəkkürünü görmək üçün elə onun müsahibələrinə baxmaq lazımdır.

Təsəvvür edin ki, ona verilən “İncəsənət sahəsində bir çox rəsmi qurumlara yaşlı nəsil nümayəndələrinin rəhbərlik etməsi birmənalı qarşılanmır, daha çox gənc, yenilikçi gənclər arzu olunur…” sualına Hacı İsmayılov belə cavab verir:

“Əksinə, yaşlı və peşəkar insanların işləməsi lazımdır. Mən də gənc rejissorun film çəkməsinin əleyhinəyəm. Rejissorluq çətin sənətdir. Burada həyat təcrübəsi, insan münasibətləri barədə məlumatın geniş olması çox vacibdir. Kino təkcə lentin fırlanmasından ibarət deyil. Son vaxtlar da hiss edirəm ki, gənc teatr rejissorlarının çoxu kinoya daha çox meyl edirlər”.

İndi belə bir adamın sədr olması, sənətdə olması nəyi dəyişə bilər ki? 82 yaşı var, vəzifədədir və gənclərin də əleyhinə çıxır. Məgər onu vaxtında kinoya çəkənlərin hamısı yaşlılar olub? Ümumiyyətlə, bir sənət adamı necə belə söz deyə bilər ki?

Hacı İsmayılovun mətbuatda yayımlanan bütün müsahibələrinə, çıxışlarına baxmışam. İndiyə qədər bircə dəfə də sənətkar sözü, mövqeyi görməmişəm. Ya lazımsız narazılıqlar edib, ya da lətifə danışıb. O lətifə danışanda da adamın ağlamağı gəlir. Kinonun Mustafası olsa da, sözünün mustafası yoxdur.

Ona görə heç nə danışa bilmir ki, təsadüfi adamdır. Bəlkə də, doğrudan da elə müğənni, yəni pis müğənni olmalı imiş. Ancaq tale elə gətirib ki, aktyor olub. Təsəvvür edin ki, onun nəsildaşları olan bir çox görməkli aktyorlar da sənətkar hesab olunur, Hacı İsmayılov da.

Bu, ədalətsizlik deyil də nədir? Məbəd sayılan teatra qarşı pis münasibət deyilmi bu? O necə bir məbəddir ki, onun başında Hacı İsmayılov dayanır?

Tamaşaçı belə məbədə niyə də ehtiram göstərsin?!

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью