Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən bankların 2026-cı ildə də əvvəlki iki ildə olduğu kimi dayanıqlılığını qoruyacağı gözlənilir.
“APA-Economics” xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, region üzrə orta kreditləşmə artımının 15–20% intervalında qalması, aktivlərin keyfiyyətinin sabitliyi, həmçinin gəlirlilik və kapital səviyyələrinin adekvat olması bank sektorunun mövqelərini dəstəkləyəcək.
S&P vurğulayıb ki, əlverişli iqtisadi artım perspektivləri, xüsusilə pərakəndə seqmentdə yüksək kredit tələbi, sağlam maliyyələşmə və likvidlik göstəriciləri, eləcə də möhkəm gəlirliliklə dəstəklənən sabit kapital buferləri 2026-cı ildə kredit keyfiyyətinin qorunmasına şərait yaradacaq.
Həmçinin, agentlik hazırda region üzrə maliyyə institutlarının 19%-nin reytinq proqnozunun “müsbət”, 81%-nin proqnozunun isə “sabit” olduğunu açıqlayıb.
Agentlik region üçün əsas risklər sırasında yüksəlmiş geosiyasi gərginlikləri, pərakəndə kreditləşmənin aqressiv artımı fonunda yarana biləcək disbalansları, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və kiber təhlükələrlə bağlı formalaşan yeni riskləri göstərir. Eyni zamanda, tənzimləmə, nəzarət və korporativ idarəetmədə irəliləyişlər olsa da, bu sahələrin hələ də inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırılan olduğu vurğulanır.