Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“S&P Global” beynəlxalq reytinq agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın bank sektorlarının 2024-cü ildə olduğu kimi 2025-ci ildə də dayanıqlılığını qoruyub saxlayacağını proqnozlaşdırır.
“Report” "S&P"yə istinadən xəbər verir ki, kreditləşmənin ikirəqəmli artımı (15 %) və aktivlərin sabit keyfiyyəti regionda bankların kapitalının rentabelliyini və səviyyəsini dəstəkləməyə davam edəcək.
Agentliyin qiymətləndirməsinə görə, bu ölkələrdə bank tənzimlənməsi, nəzarət və korporativ idarəetmə əhəmiyyətli dərəcədə inkişaf etsə də, inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırıla biləndir.
Qazaxıstan və Azərbaycanda tənzimləyici nəzarət son illərdə əhəmiyyətli dərəcədə güclənib.
Eyni zamanda, Gürcüstanda bank nəzarəti regionda ən qabaqcıl hesab edilsə də, ölkədə demokratik standartların azalması tənzimləyicinin müstəqilliyinə mənfi təsir göstərə bilər.
Ermənistan, Gürcüstan və Özbəkistanda son illərdə müşahidə olunan iqtisadi artım əsasən Rusiya və Ukraynadan insan və kapital axını, həmçinin ticarət axınlarının artması ilə bağlı olub.
"S&P" 2025-ci ildə bu tempin bir qədər yavaşlayacağını proqnozlaşdırır.