Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“SpaceX” şirkəti gələcəkdə “Starship” kosmik sisteminin köməyilə ildə 10 milyon tona qədər yükü orbitə çatdırmağı hədəfləyir.
XQ xəbər verir ki, bu barədə “SpaceX”in rəhbəri İlon Mask şirkətin rüblük hesabatının açıqlanmasının yekunlarına dair audiokonfransda bildirib.
İlon Mask şirkətin mövcud göstəricilərini və gələcək planlarını belə qiymətləndirib:
“Hazırda “Falcon” raketləri vasitəsilə ildə təxminən 2,5 min ton yükü orbitə çatdırırıq. Dünya üzrə yerdə qalan digər bütün daşıyıcılar isə birgə təxminən 300 ton yük daşıyır. Beləliklə, Yer kürəsindən orbitə çıxarılan bütün yüklərin 80-90 faizi bizim payımıza düşür. Hesab edirik ki, “Starship” bizə ildə bir milyon tondan çox yükü orbitə çatdırmağa, son nəticədə isə bu göstəricini ildə 10 milyon tona çatdırmağa imkan verəcək”.
Qeyd olunub ki, iyul ayında “SpaceX” şirkəti “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketi 13-cü sınaq uçuşuna göndərib. Şirkət ilk dəfə gəminin bölməsindən V3 versiyasına aid 20 “Starlink” peykini orbitə çıxarmağa nail olub, bundan sonra “Starship” Hind okeanına uğurla eniş edib.
Şirkətin strategiyasına əsasən, “Starship” kosmik sistemi universal olacaq. Ondan müxtəlif konfiqurasiyalarda Yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Aya, Marsa və daha uzaq göy cisimlərinə missiyalar üçün geniş istifadə edilməsi nəzərdə tutulur.