Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"27 sentyabr günü xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Altı il bundan əvvəl həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açıb".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarıb, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaradıb:
"2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb. Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirib.
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.
Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman da unudulmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq 6 ildir ki, ölkəmizdə "Anım Günü" qeyd edilir. Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər.
Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər Parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi. Anım Gününün dərin ümummilli əhəmiyyəti vardır. Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir".