Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaşıl div Şrek və onun dostlarından bəhs edən məşhur animasiya filminin beşinci hissəsinin (“Şrek 5”) yeni tizeri təqdim olunub.
Bizim.Media xəbər verir ki, animasiya filminin dünya üzrə kinoteatrlarda nümayişinə 2027-ci il iyunun 30-da başlanması gözlənilir.
Qeyd edək ki, “Şrek 5” uzun fasilədən sonra əsas animasiya seriyasının ilk yeni filmi olacaq. Beşinci hissənin rejissorları françayzinqin əvvəlki filmləri üzərində də çalışmış Uolt Dorn və Konrad Vernondur.
Dorn “Şrek”in bir neçə hissəsinin ssenari müəllifi və rəssamı olub. O, həmçinin “Şrek həmişəlik” animasiya filmində Rumpelştixenin obrazını səsləndirib. Konrad Vernon isə “Şrek 2” filminin rejissorlarından biri olub və Zəncəfilli Adam obrazını səsləndirib.
Xatırladaq ki, animasiya filminin tarixi 2001-ci ildən başlayır. Həmin il tamaşaçılar Şrek, Uzunqulaq və şahzadə Fiona ilə tanış olublar. Animasiya filmi dünya üzrə böyük uğur qazanaraq kinoteatrlarda təxminən 500 milyon dollar gəlir əldə edib və “Ən yaxşı animasiya filmi” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Daha sonra filmin üç tammetrajlı davamı, eləcə də Çəkməli Pişik haqqında iki spin-off ekranlaşdırılıb.
Əsas seriyanın sonuncu filmi – “Şrek həmişəlik” 2010-cu ildə işıq üzü görüb. Həmin vaxt Şrek və Fionanın hekayəsinin başa çatdığı düşünülsə də, illər sonra yaradıcılar sevilən qəhrəmanları yenidən ekranlara qaytarmaq qərarına gəliblər.
Bizim.Media