Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan xalq hərəkatı Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur.
Həmin günlərdə minlərlə insan azadlıq və müstəqillik tələbi ilə meydana toplaşaraq milli iradəsini ortaya qoyub. Bu hadisələr xalqın milli oyanışını gücləndirdi və Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda mühüm rol oynayıb.
“Cebheinfo.az”- a açıqlamasında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı həmin hadisələrinin görünməmiş miqyasından danışıb.
O bildirib ki, hadisələr özlüyündə böyük tarixi əhəmiyyət daşıyır:
“Milli Dirçəliş Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Bu gün bizim tariximizin ən parlaq və ən şərəfli səhifələrindən biridir.
Həmin dövrdə müxtəlif hadisələr baş verirdi. Məsələn, Qazaxıstanda Kolbinin vəzifəyə gətirilməsinə qarşı böyük etiraz olmuşdu. O zaman burada bəzi insanlar məndən soruşurdular ki, görəsən, bizdə belə bir hadisə baş versə, 5-10 min adam bir yerə yığışa bilər? Mən isə deyirdim ki, lazım olan qədər insan yığışa bilər. Hər birimiz öz oxucularımızı toplaya bilərik.
Heç kim güman etmirdi ki, birdən-birə Azadlıq meydanına, onun ətrafına, dənizədək uzanan əraziyə bir milyon yarım insan toplaşa bilər. Bu, özlüyündə böyük tarixi hadisə idi”.
Sabir Rüstəmxanlının sözlərinə görə, Meydan hərəkatı sonradan epopeyaya çevrildi:
“Əvvəlcə Ermənistanın torpaq iddialarına, Qarabağla bağlı əsassız tələblərinə qarşı başlayan bu hərəkat sonradan Azərbaycanın dövlətinin gücsüzlüyü, Moskvanın ermənipərəst siyasəti və Azərbaycana qarşı xəyanətkar mövqeyi milləti artıq şüarlarını dəyişməyə məcbur etdi.
Meydan hərəkatının sonlarına doğru artıq tələblər təkcə Ermənistana etirazla məhdudlaşmırdı, yalnız “Qarabağ bizimdir” deyilmirdi. Artıq “Azərbaycan müstəqil olsun”, “Azərbaycan bir olsun”, “Azərbaycan türk dünyasında öz layiqli yerini tutsun” kimi çağırışlar səslənirdi. Yəni hərəkatın tələbləri və şüarları getdikcə dəyişirdi. Bu da Meydan hərəkatının böyük uğuru idi. Deyək ki, ora qorxa-qorxa, ehtiyatla gələn insanlar meydandan artıq böyük cəsarətlə ayrılırdılar. Hər kəs Azərbaycanın bütövlüyünü, gücünü hiss edərək gedirdi”.
O qeyd edib ki, həmin gün xalq meydanda öz tarixini və gücünü dərk etdi:
“Azərbaycan rəhbərliyi həmin vaxt xalqın qarşısına çıxmağa cəsarət etmirdi. Meydan ancaq sözün düzünü deyənləri, inandığı və etibar etdiyi şəxsləri eşidirdi.
Həmin vaxt meydana ordu göndərildi. Əgər biz o zaman yanlış addım atsaydıq, 20 Yanvar hadisələri daha əvvəl törədilə bilərdi. Ancaq bunun qarşısını aldıq. Çünki baş verəcək hər hansı hadisənin günahı Azərbaycan xalqının boynuna yıxılacaqdı. Biz buna imkan vermədik.
Bundan sonra meydanda təşkilatlanma başladı. Xalq hərəkatı genişləndi, xalq öz gücünü hiss etdi. Xalq orada bir universitet keçdi. Mən elə orada demişdim ki, bu meydan bir universitetdir. Həmin meydanda xalq öz tarixini, coğrafiyasını, yaşadığı faciələri, bölünmüşlüyünü, repressiyalara məruz qalmasını, doğma torpaqlarından didərgin salınmasını eşidirdi. İnsanlar bütün bunları dinləyir, bilməyənlər də bilirdilər”.
Sabir Rüstəmxanlı bildirib ki, Meydan hərəkatı təkcə Azərbaycanın deyil, SSRİ-nin taleyinə təsir etdi:
“Xalq ilk dəfə orada üçrəngli bayrağımızı gördü, tanıdı və mənasını dərk etdi. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini anladı, müstəqil dövlət qurmağın nə qədər böyük xoşbəxtlik olduğunu hiss etdi.
Sonradan, 1991-ci ilin oktyabrına qədər xalq o müstəqillik uğrunda mübarizəsini davam etdirdi. Meydan onda dağıdılsa da, amma Meydan hərəkatı bitmədi, Azərbaycan müstəqilliyini bərpa edənə qədər bu mübarizə davam etdi.
Meydan hərəkatının təkcə Azərbaycanın müstəqilliyinin bərpasında deyil, bütövlükdə SSRİ-nin dağılmasında da böyük rolu oldu”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin