Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski “SpaceX” şirkətinin rəhbəri İlon Maskdan Ukrayna üçün “Starlink” peyk rabitəsi sistemini yenidən tam fəaliyyətə qaytarmağı xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bu çağırışı britaniyalı jurnalist Pirs Morqanın “Senzurasız” şousunun efirində edib.
“Əgər siz “Starlink”in sürətini itirirsinizsə, nə baş verdiyi aydındır... Biz İlon Maskdan onu qoşmasını xahiş edirik”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, peyk rabitəsindəki böhran oktyabrın 14-nə keçən gecə kəskinləşib. Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Serhiy Sternenko məlumat verib ki, qurğular 160 km/saatdan artıq sürətlə hərəkət etdikdə rabitə kəsilib və bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm hərbi missiyaları pozulub. Mənbələr bu addımın ABŞ administrasiyasının xahişi ilə atıldığını ehtimal edirlər.
“Financial Times” qəzeti isə yazır ki, xəbərdarlıqsız tətbiq edilən bu məhdudiyyətlər cəbhədəki ukraynalı hərbçiləri tamamilə hazırlıqsız yaxalayıb. Hətta ukraynalı zabitlərdən biri yaradılan maneələri “nüvə zərbəsi” ilə müqayisə edib.