Starmer 2026 cı ilin yayına qədər Baş nazir postunda qalacaqmı?

08.11.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyanın hakim Leyborist Partiyasının bir çox sıravi deputatı hesab edir ki, Baş nazir Kir Starmer 2026-cı ilin yayına qədər vəzifəsində qala bilməyəcək. Onların fikrincə, Starmer ictimai etimadı itirib və bu, onun siyasi taleyini sual altına qoyur.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Daily Mail" qəzetinin köşə yazarı Endryu Nil məlumat verib.

Jurnalistin sözlərinə görə, partiya daxilində artıq ciddi narazılıq yaranıb: “Bəzi deputatlar hesab edir ki, Starmeri istefaya göndərməzdən əvvəl gələn ilin mayında keçiriləcək bələdiyyə seçkilərinin nəticələrini gözləmək lazımdır. Çünki bu seçkilər İngiltərə, Şotlandiya və Uelsdə Leyboristlər üçün fəlakətli olacaq. Hazırda partiyanın çoxluğu — xüsusən də hökumətdə vəzifəsi olmayan arxa cəbhə deputatları — bu mövqeni bölüşür.”

Digər bir qrup isə düşünür ki, bu ağrını uzatmağın mənası yoxdur. Onlar Starmeri Yeni ilədək istefaya göndərmək istəyirlər. Çünki yaxınlaşan büdcə çıxışı həm Starmerin, həm də Maliyyə naziri Reyçel Rivsin məsuliyyətində olacaq və gözlənilir ki, bu, tam uğursuzluğa çevriləcək. Belə fikirlər partiya daxilində getdikcə daha çox tərəfdar qazanır.

Nil qeyd edir ki, Leyborist deputatları arasında artıq bir növ “konsensus” formalaşıb: “Starmer nə siyasətdə, nə də idarəetmədə faydalı fiqur hesab olunur. Baş nazirin günləri sayılıb”, – deyə köşə yazarı bildirib.

"Ipsos" şirkətinin 28 oktyabr tarixli sorğusuna görə, Starmer və Rivs Böyük Britaniyanın aparıcı siyasətçiləri arasında ən mənfi reytinqə sahibdir. Cəmi 20% respondent onların fəaliyyətini bəyənir, 60% isə mənfi münasibət bildirir.

4 noyabrda maliyyə naziri Reyçel Rivs bəyan edib ki, Leyborist hökuməti seçki öncəsi vədlərinə baxmayaraq gəlir vergisini, əlavə dəyər vergisini və sosial sığorta ödənişlərini artırmağa məcbur qala bilər. O, bu addımı “ABŞ-ın gömrük rüsumlarından tutmuş Ukraynada gedən müharibəyədək uzanan böyük xarici təzyiqlərlə” izah edib.

"YouGov"un son sorğusuna əsasən, sağ-populist "Reform UK" partiyası hazırda seçicilər arasında 27%-lik dəstək toplayaraq birinci yerdədir. Leyboristlər 19%-lə ikinci, Mühafizəkarlar və Yaşıllar isə hər biri 16%-lə ardınca gəlir. Növbəti parlament seçkiləri ən geci 2029-cu ilin avqustunda keçirilməlidir.

Ekspertlərin fikrincə, Starmerin mümkün istefası dərhal ümumi seçkilərin keçirilməsini zəruri etmir. Belə halda, Leyborist Partiyası daxilində yeni lider seçkisi keçiriləcək və həmin şəxs avtomatik olaraq hökumət başçısına çevriləcək. Xatırladaq ki, 2022-ci ildə Mühafizəkarlar eyni proseduru tətbiq edərək, bir il ərzində həm Boris Consonu, həm də Liz Trussu baş nazir postunda əvəzləmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью