Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 28 yanvar, Vüsalə Səfərova, AZƏRTAC
Müasir şəhər həyatında yaşayış komplekslərinin və binaların idarə edilməsi getdikcə mürəkkəbləşir. Sakinlər kommunal məsələlərdən tutmuş gündəlik xidmətlərə qədər müxtəlif prosesləri izləməkdə çətinlik çəkirlər. Bu problemi həll etmək üçün yaradılan “Mənzil Park” MMC bina idarəetmə sistemi ilə bina rəhbərlərininin, menecerlərin, komendantların, mühasiblərin və digər əməkdaşların iş yükünü azaldır, sakinlərlə ünsiyyəti rəqəmsallaşdırır və maliyyə hesabatlarını avtomatlaşdırır. Bu sistem vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur.
Yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platformasına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Mənzil Park” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib. “Mənzil Park” MMC-nin təsisçisi və icraçı direktoru Ələkbər Heydərov şirkətin fəaliyyəti barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?
- “Mənzil Park” layihəsi yaşayış binalarının, yaşayış komplekslərinin, villa şəhərciklərinin rəqəmsal idarəetmə platformasıdır. Layihəmizin əsas fəaliyyət istiqaməti idarəçilər və sakinlər arasında olan bütün idarəetmə və maliyyə proseslərini vahid və avtomatlaşdırılmış sistem üzərindən həyata keçirməkdir.
Şirkətimizin əsas məqsədi isə idarəçilikdə illərdir mövcud olan qarışıqlıq, qeyri-şəffaflıq, əl əməyinə əsaslanan uzun proseslər və kommunikasiya problemlərini aradan qaldırmaq və ya daha rahat hala gətirməkdir. Hazırda sözü gedən problemlər ilə üzləşən idarəetmə qurumları ödənişlərin izlənməsi, borcların hesablanması, elanların çatdırılması, sakinlərdən gələn müraciətləri və hesabatlılıq məsələlərini əsasən kağız üzərində aparır ki, bu da həm idarəçilər, həm də sakinlər üçün ciddi çətinliklər yaradır. Şirkətimiz bu problemləri idarəçilər üçün vahid platforma, sakinlər üçün isə mobil tətbiq vasitəsi ilə tam şəkildə həll edir.
- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?
- Yaşadığım binada su kəsintisi, liftin təmiri və digər texniki məsələlər zamanı çətinliklərlə üzləşirdim. Bu cür problemlər adətən idarəçilərə əvvəlcədən məlum olur, lakin sakinlər üçün tamamilə gözlənilməz vəziyyətə çevrilir. Mən də yaşadığım mənzildə dəfələrlə belə hallarla qarşılaşmışam və əksər hallarda problem artıq baş verdiyi an bundan xəbər tuturdum. Bu isə həm gündəlik planları pozur, həm də haqqlı narazılıq yaradırdı. İdarəçilər üçün isə sakinlərə məlumatların göndərilməsi, işlərin kağız üzərində görülməsi sözün əsl mənasında çətin və bitməz bir proses kimidir. Məhz bu təcrübələr məni düşündürdü ki, sakinlərin əvvəlcədən məlumatlandırıldığı, texniki işlərin şəffaf şəkildə paylaşıldığı və ödənişlərin rahat, rəqəmsal formada da həyata keçirildiyi bir sistem olmalıdır. “Mənzil Park” ideyası da bu real çətinliklərdən yarandı – sakinlərin sürprizlərlə qarşılaşmadığı, idarəetmənin isə daha planlı və əlçatan olduğu bir platforma yaratmaq istəyi ilə.
- Bu yolda sizi ən çox motivasiya edən nədir?
- Bu yolda bizim komandanı ən çox motivasiya edən əsas amil hazırladığımız məhsulun real həyatda konkret problemləri həll etdiyini görməkdir. “Mənzil Park” təkcə bir texnoloji platforma deyil, insanların gündəlik həyatında narahatlıq yaradan məsələləri aradan qaldıran bir həll yoludur. Digər tərəfdən, istifadəçilərdən gələn müsbət rəylər və “artıq işimiz xeyli asanlaşıb” kimi fikirlər bu yolda davam etməyimiz üçün ciddi stimul yaradır. Bir ideyanın kağız üzərindən çıxıb real insanların həyatına toxunması bizim üçün ən böyük uğur göstəricisidir.
- Bəs rəqabətli bazarda fərqlənməyin əsas yolu nədir?
- “Mənzil Park”ı bazardakı həllərdən fərqləndirən əsas cəhət odur ki, biz problemi kənardan müşahidə etməmişik, özümüzü problemin içinə ataraq həqiqətən lazımlı həlli ortaya çıxarmışıq. Ona görə də təqdim etdiyimiz həll süni və məcburi adaptasiya olunmuş deyil, tam olaraq yerli ehtiyaclara uyğun qurulub. Bu yanaşma bizə sadəcə bir idarəetmə sistemi yox, sakinlə idarəçi arasında etimadı bərpa edən, gündəlik gərginliyi azaldan və real fayda verən bir platforma yaratmağa imkan verib. “Mənzil Park”ın fərqi texnologiyada yox, texnologiyanın doğru yerdə və doğru problem üçün istifadə olunmasındadır.
- Startap qurmaq istəyən gənclərə ilk tövsiyəniz nə olardı?
- Startap qurmaq istəyən dostlara ilk və ən vacib tövsiyəm ideyanı yalnız kağız üzərində sevməmələri, real problemi real insanlar üçün həll etdiklərinə əmin olmalarıdır. Əgər ortada həqiqi ehtiyac yoxdursa, ən yaxşı texnologiya belə uzunmüddətli nəticə vermir.
Mənim təcrübəmdə ən böyük dərs bu oldu ki, startap “mükəmməl məhsul”la yox, davamlı öyrənmə və səhvlərdən nəticə çıxarmaqla qurulur. İnsanlarla danışmaqdan, istifadəçiləri dinləməkdən və ilkin versiyanı tez bazara çıxarıb real rəy almaqdan çəkinməsinlər.