futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında VI tur geridə qalıb.
”Qəbələ”nin və “Araz-Naxçıvan”ın sabiq çalışdırıcısı Elmar Baxşıyev “Futbolpress.az“a açıqlamasında ilk 6 turun yekunlarını və komandaların şanslarını dəyərləndirdi:
– Ümumi götürəndə belə bir mənzərə gözlənilən idi. Çempionat sanki iki hissəyə, yəni çempionluq və avrokuboklar uğrunda mübarizə aparan ilk 5 komandaya və digər 7 kollektivə bölünüb. Əgər o biri klublar da yuxarı pillələrə daha yaxın olsaydılar, yarış daha da maraqlı keçərdi. Lakin turnirin hələ ilk mərhələsindəyik və qarşıda uzun yol var.
– Liderlər qrupunda qərarlaşan “Neftçi”nin startını necə qiymətləndirmək olar?
– “Neftçi”nin startı doğrudan da yaxşı alındı. Lakin bunu xüsusi vurğulamaq lazımdır ki, komandanın bu iddiaya və müqavimətə nə dərəcədə davamlı olacağı məhz qarşıdakı turlardan sonra bəlli olacaq.
– Hazırda 4-cü və 5-ci yerlərdə qərarlaşan “Turan Tovuz” və “Zirə”nin avrokuboklar uğrunda mübarizəsini necə görürsünüz? Hansı komandanın şansı daha yüksəkdir?
– Heç kim zəmanət verə bilməz ki, bu komandalar ancaq 4-cü və 5-ci yerlər uğrunda yarışacaqlar, hətta onların daha yuxarı pillələrdə qərarlaşması da mümkündür. Çempionatın ilk turları olduğu üçün həmin klubların yalnız öz aralarında rəqabət apardığını demək düzgün olmaz. Ola bilsin ki, onlar cədvəlin daha üst sıralarına qalxdılar. Ümumiyyətlə, bu rəqabətə əlavə iki komanda da qoşulsaydı, turnirə olan maraq daha da artardı.
Ayxan Zayıdzadə