Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

22.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Stokholm, 22 sentyabr, AZƏRTAC

Stokholmda ümumi dəyəri artıq bir milyon İsveç kronuna (100 min dollardan çox) yaxınlaşan park skamyaları oğurlanıb.

AZƏRTAC xəbər verir ki, cinayətkarlar özlərini şəhərin rəsmi xidmət işçiləri kimi təqdim edirlər. İşçi geyimində olan şəxslər skamyaları sökərək qoşqu ilə aparırlar və bununla da yoldan keçənlərdə işləri bələdiyyənin tapşırığı ilə həyata keçirdikləri təəssüratı yaradırlar.

Stokholmun mərkəzində hadisənin şahidlərindən biri baş verənləri videoya çəkib. Skamyalar, həmçinin Köhnə şəhərdə və şəhərin digər hissələrində də oğurlanıb. Stokholm Nəqliyyat İdarəsinin məlumatına görə, bəzi hallarda cinayətkarlar skamyaların ayaqlarını kəsib, digər hallarda isə qayka açan alətdən istifadə ediblər.

Bir skamyanın qiyməti təxminən 25 min kron (2,5 min dollar) təşkil edir. İndi şəhər rəhbərliyi yeni skamyaların alınması və quraşdırılması üçün vəsait ayırmalı olacaq.

Şübhəli şəxslərin saxlanılması barədə hələlik məlumat yoxdur. Nəqliyyat İdarəsi ümid edir ki, polis hadisəni araşdıra və oğurlanmış skamyaları geri qaytara biləcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью