Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Anderssonun qayıdışı İsveçin xarici siyasətini dəyişə bilərmi?
Dörd il əvvəl hakimiyyəti itirən sosial-demokrat lider Maqdalena Anderssonun İsveçdə yenidən baş nazirliyə qayıtmağa yaxınlaşması Stokholmun daxili siyasi gündəmini dəyişib. Hadisə eyni zamanda, Avropanın gələcək siyasi arxitekturası, təhlükəsizlik sistemi və qlobal güclər arasında mövqe axtarışları baxımından da mühüm əhəmiyyət daşıyır.
Sentyabrın 13-də keçirilən parlament seçkilərində sol mərkəzçi blok çox kiçik fərqlə üstünlük əldə edib. Hazırkı nəticələrə görə, Anderssonun rəhbərlik etdiyi qüvvələr parlamentdə 176 yer, sağ blok isə 173 yer qazanıb. İsveç parlamentində hökumət formalaşdırmaq üçün tələb olunan hədd 175 mandat olduğundan, bu üstünlük olduqca həssas siyasi tarazlıq yaradır. Parlament sədri Andreas Norlen artıq Anderssona hökumət qurmaq üçün mandat verib və hazırda koalisiya danışıqları davam edir.
Avropa İttifaqı son illərdə eyni vaxtda bir neçə strateji böhranla üz-üzə qalıb. Ukrayna müharibəsinin uzanması, qlobal iqtisadi qeyri-müəyyənlik, ABŞ-da dəyişən siyasi prioritetlər, Çinlə rəqabətin dərinləşməsi və Avropanın müdafiə imkanlarının yenidən nəzərdən keçirilməsi qitədə yeni siyasi liderlərə ehtiyac yaradıb. Belə bir şəraitdə İsveç kimi iqtisadi cəhətdən güclü, texnoloji baxımdan inkişaf etmiş və təhlükəsizlik məsələlərində nüfuzlu ölkənin hansı istiqamətə yönələcəyi Brüsseldə diqqətlə izlənilir. Anderssonun siyasi qayıdışı həm də Avropada sosial-demokratiyanın yenidən güclənməsi kontekstində qiymətləndirilir. Son illərdə bir çox Avropa ölkəsində sağ və ifrat sağ qüvvələrin yüksəlişi müşahidə olunsa da, İsveç seçkiləri fərqli tendensiyanın da mövcud olduğunu göstərdi. Uzun illər ərzində Avropanın ən sürətlə böyüyən sağ populist qüvvələrindən biri hesab edilən İsveç Demokratları bu dəfə geriləyərək üçüncü partiyaya çevrildilər. Halbuki İsveç uzun müddət ifrat sağın yüksəlişinin əsas nümunələrindən biri kimi təqdim edilirdi.
Yeri gəlmişkən, Anderssonun qarşısında duran əsas vəzifə seçkidə qalib gəlməkdən daha mürəkkəbdir. O, ideoloji baxımdan müxtəlif mövqelərə malik partiyaları eyni hökumət daxilində birləşdirməlidir. Mərkəz Partiyası ilə Sol Partiya arasında illərdir davam edən fikir ayrılıqları mövcuddur. Enerji siyasəti, vergilər, iqtisadi tənzimləmə və dövlət müdaxiləsinin səviyyəsi kimi məsələlərdə ciddi fərqlər qalmaqdadır. Ona görə də Anderssonun qarşıdakı aylarda uğuru ilk növbədə kompromis yaratmaq bacarığından asılı olacaq.
Xarici siyasət müstəvisində mənzərə daha aydındır. İsveçin yaxın gələcəkdə kəskin kurs dəyişikliyinə gedəcəyi gözlənilmir. Bunun əsas səbəbi ölkənin son illərdə keçdiyi tarixi transformasiyadır. Rusiya-Ukrayna müharibəsindən sonra İsveç iki əsrdən artıq davam edən hərbi bitərəflik siyasətindən imtina edərək NATO-ya qoşuldu. Maraqlıdır ki, proses məhz Anderssonun əvvəlki hökuməti dövründə başlanmışdı və sonradan tamamlandı. Bu səbəbdən onun hakimiyyətə qayıdışı NATO məsələsində geri dönüş anlamına gəlmir. Əksinə, İsveçin alyans daxilində daha fəal rol oynayacağı ehtimal edilir.
Amma əsas məsələ Stokholmun NATO daxilində hansı mövqedə dayanacağından daha çox, Avropa İttifaqının təhlükəsizlik siyasətində hansı rol oynayacağı ilə bağlıdır. Sözsüz ki, qitə təhlükəsizlik məsələlərində təkcə Vaşinqtona arxalana bilməz. ABŞ ilə strateji tərəfdaşlıq davam etsə də, Avropa öz müdafiə imkanlarını artırmalı, sənaye potensialını gücləndirməli və kritik texnologiyalar sahəsində daha müstəqil olmalıdır. Fransa Prezidenti Emmanuel Makron eyni ideyanın ən fəal tərəfdarlarından biri kimi çıxış edir. Almaniya da müdafiə xərclərini sürətlə artırır.
Belə bir şəraitdə İsveçin rolu xüsusi əhəmiyyət qazanır. Ölkə artıq Avropanın ən mühüm müdafiə sənayesi mərkəzlərindən biridir. “Saab” kimi şirkətlər döyüş təyyarələri, radar sistemləri və digər yüksək texnologiyalı müdafiə məhsulları istehsal edir. Baltik dənizi regionunda yerləşməsi isə İsveçə strateji üstünlük verir. Finlandiyanın NATO üzvlüyü və Baltik ölkələrinin təhlükəsizlik narahatlıqları fonunda Stokholm Şimali Avropanın müdafiə arxitekturasında açar oyunçulardan birinə çevrilib. Anderssonun hökumətinin də məhz bu istiqamətdə fəaliyyətini genişləndirəcəyi gözlənilir. Onun siyasi ritorikasında Avropa həmrəyliyi və kollektiv təhlükəsizlik anlayışları xüsusi yer tutur. Bu səbəbdən düşünmək olar ki, xarici siyasətdə insan hüquqları, beynəlxalq hüquq və çoxtərəfli əməkdaşlıq ənənəvi prioritetlər olaraq qalacaq.
Ümumən, sözün düzünü demək lazımdırsa, bu gün Avropa üçün əsas problemlərdən biri lider boşluğudur. Məsələn, Almaniya uzun müddət iqtisadi lider rolunu oynasa da, son illərdə daxili problemlərlə məşğuldur. Fransa siyasi parçalanma və iqtisadi çətinliklərlə üzləşir. Belə bir şəraitdə orta ölçülü, lakin siyasi nüfuzu yüksək olan dövlətlərin əhəmiyyəti artır. İsveç də məhz bu kateqoriyaya daxildir. Əhalisinin sayına görə Avropanın ən böyük dövlətlərindən biri olmasa da, İsveç innovasiya, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və müdafiə sənayesi sahələrində qitənin aparıcı ölkələri sırasındadır. Üstəlik, Stokholmun beynəlxalq imici uzun illərdir etibarlılıq, şəffaflıq və institusional sabitlik üzərində qurulub. Anderssonun potensial liderlik modeli də məhz sözügedən xüsusiyyətlər üzərində formalaşa bilər.
Züriyyə QARAYEVA,
politoloq
Maqdalena Anderssonun hakimiyyətə mümkün qayıdışı İsveçin xarici və təhlükəsizlik siyasətində kəskin dönüşdən daha çox, prioritetlərin yenidən balanslaşdırılması ilə nəticələnə bilər. Əsas təhlükəsizlik xəttində isə ciddi dəyişiklik gözləmək üçün əsas azdır. İsveç artıq NATO üzvüdür, Rusiyanı əsas təhlükəsizlik çağırışlarından biri kimi görür və NATO-nun Latviya, hava-müdafiə və dəniz missiyalarında iştirak edir. Andersson hökumətinin fərqi Aİ-nin öz müdafiə qabiliyyətinin, müdafiə sənayesinin və strateji dayanıqlığının gücləndirilməsinə daha çox siyasi ağırlıq verməsi ola bilər. Nəzərə alaq ki, seçki kampaniyasında da müdafiə məsələsində İsveçin əsas siyasi qüvvələri arasında böyük fikir ayrılığı olmayıb.
Aİ daxilində isə Anderssonun İsveçi xüsusilə Şimali Avropa–Baltik təhlükəsizlik xəttinin aparıcı aktorlarından biri kimi mövqeləndirməyə çalışması mümkündür. Bununla yanaşı, sosial-demokrat hökumət Aİ-də Ukraynaya dəstək, enerji və iqtisadi dayanıqlıq, iqlim siyasəti və Avropanın ABŞ-dan həddindən artıq təhlükəsizlik asılılığının azaldılması kimi istiqamətlərdə daha fəal mövqe tuta bilər. Yəni Anderssonun mümkün ikinci baş nazirliyinin İsveçi ənənəvi “ehtiyatlı Şimal dövləti” mövqeyindən daha çox, Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında təşəbbüs göstərən güc kimi təqdim etmək cəhdi ilə xarakterizə olunma ehtimalı var. Bunun konkret miqyası isə hazırda davam edən koalisiya danışıqlarının nəticəsindən asılı olacaq.
Nəzrin ELDARQIZI
XQ