Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.
Qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komanda bu gün yarışın 3-cü turunun Pavlodarda keçirilən oyunlarına çıxacaq. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə , Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət isə oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Almatı şəhərində 3-cü turun görüşlərini keçirəcək.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan stolüstü tennisçilərinin qatıldığı Avrasiya Liqasında iki turun nəticələrinə əsasən, hər iki komandamız 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin lideridir.
Üçüncü tura noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun oyunları isə dekabrda keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ