Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın Turin şəhərində məhkəmə 55 yaşlı qadının 11 sağlam dişini çıxaran iki stomatoloqa həbs cəzası verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
Zərərçəkmiş qadın yan diş körpüləri ilə bağlı problemlər səbəbindən özəl klinikaya müraciət edib və nisbətən ucuz müalicə alacağını düşünüb. Həkimlər isə onu inandırıblar ki, genişmiqyaslı müdaxilə aparılmasa, bütün dişlərini itirə bilər. Bildirilir ki, əməliyyatdan əvvəl qadına məcburi olan panoramik rentgen müayinəsi aparılmayıb. Bir neçə saat ərzində onun 11 sağlam dişi çıxarılıb və bu zaman güclü ağrılar yaşayıb. Əməliyyatdan üç gün sonra isə qadına əvvəl vəd edilənlərdən fərqli protezlər təqdim olunub.
Zərərçəkmiş hələ də əməliyyatın fəsadları ilə mübarizə apardığını bildirib. Onun sözlərinə görə, uzun müddət normal qidalana və danışa bilməyib. Hadisə qadının şəxsi həyatına və psixoloji durumuna da ciddi təsir göstərib, nəticədə mütəxəssis köməyinə ehtiyac yaranıb.
Məhkəmənin qərarına əsasən, pasiyentlə məsləhətləşməni aparan və müalicə şərtlərini razılaşdıran həkim bir il beş ay müddətinə azadlıqdan məhrum edilib. Dişlərin çıxarılmasını birbaşa həyata keçirən digər stomatoloq isə üç ay həbs cəzası alıb. “Həyatım hələ də cəhənnəmdir, amma nəhayət ki, ədalətin bərpa olunduğunu hiss edirəm”, – deyə qadın hökmü şərh edərkən bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tatarıstan Respublikasında da oxşar hadisə qeydə alınıb. Naberejnıye Çelnı şəhər sakini dələduzların təsiri altına düşərək bütün dişlərini çıxartdırıb və borclu vəziyyətdə qalıb. Özlərini stomatoloji klinikanın əməkdaşları kimi təqdim edən şəxslər onu ağız boşluğunun ağır xəstəliyi ilə qorxudaraq, dişlərin təcili çıxarılıb implantlarla əvəzlənməsinə razı salıblar.
Xədicə BAXIŞLI