Strategiyadan sonrakı tendensiya

17.11.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA İcraiyyə Komitəsinin 2005-ci ilin fevralın ayının 2-də keçirilən iclasında AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunmuşdu. Təxminən iki ay yarımdan sonra bu strategiyanın qəbul olunmasından iki il keçəcək. Strategiyanın yazılması üçün Belçikadan bir dəstə adam dəvət olunmuşdu. Proses xeyli mürəkkəb və bahalı təsir bağışladı, eyni zamanda geniş təbliğatla müşayət olundu. Sonra da ictimaiyyətə təqdim olundu.

Mən AFFA-ya rəhbərlik edənlər və onların belçikalı tərəfdaşları kimi sizi mürəkkəb cümlələrlə yormaq fikrində deyiləm. Adi bir fakta baxmaq kifayətdir ki, ötən ilyarımda biz bu strategiyanı necə icra etdiyimizdən, nələr əldə etdiyimizdən xəbər tutaq. AFFA strategiyanı qəbul edəndə Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 117-ci pillədə yer alırdı. İndi isə 126-cı pilləyə qədər yuvarlanmışıq. Avro-2028-in püşkatması zamanı beşinci səbətdə yer alacaq. Bunun nə demək olduğunu bilməyənlər üçün qeyd edim ki, Farer Adaları, San Marino kimi ölkələrin adı 4-cü səbətdədir. Bizim “səngər yoldaşlarımız” isə Andorra, Cəbəllütariq, Lixtenşteyn olacaq.

Kimlərsə bundan xəcalət çəkməyə bilər. Amma şəxsən mən buna görə çox utanaram. O cümlədən də AFFA rəsmilərinin bu mənzərədən utanması lazımdır. Əlbəttə ki, mən heç bir ölkəni, onun yığmasını aşağılamaq fikrində deyiləm. Söhbət ondan gedir ki, adını çəkdiyim və çəkmədiyim ölkələrin heç birinin futboluna AFFA-nın xərclədiyi qədər pul xərclənmir. AFFA-nın büdcəsi 2025-ci ildə 61 milyon 437 min 894 manat təşkil edib. Bu pulların 49 milyon 110 min 811 manatı xərclənib. 2026-cı ildə bu rəqəmlərin artacağına şübhə etməyə dəyməz. Çünki hər şey göz qabağındadır. AFFA o qədər bədxərclik edir ki, Andorra kimi zəif yığma ilə yoxlama görüşdən ötrü Avropanın göbəyində lüks otellərə, çarter reysinə kisə-kisə pullar tökülür. Nə varmış ki, millimizin məğlubiyyətsiz oyunlar seriyası uzansın və AFFA-nın baş katibi Cahangir Fərəcullayevin mikrofonlara və diktofonlara “kimsə bizim oynadığımız rəqiblərin aşağı səviyyəli olduğunu deyə bilər, amma statistika dəyişmir və tarixdə o qalır” deyə bilsin.

Mən Cahangir Fərəcullayevlə Ayxan Abbasovun Andorrada verdiyi açıqlamaları böyük təəssüf hissiylə oxudum. Sanki sözləşiblər ki, “biz zəifik, ona görə də Andorranı udmağımıza, Lixtenşteynə iki oyunda bir qol vurmağımıza şükr etməliyik” fəlsəfəsini azarkeşlərin beyninə yeritsinlər. İldə 60 milyon pul xərcləyən, Avropaya 10 günlük turneye çarter reysi ilə gedən və lüks otellərdə gecələyən AFFA-nın baş katibi deyir ki, biz azarkeşlərlə işləməliyik, Braziliya və Xorvatiya deyilik, onlar bizdən böyük nəticələr gözləməməlidir.

Bərəkallah sizə, Cahangir bəy! Heç kim sizdən Braziliya və Xorvatiya olmağı gözləmir. Azərbaycan olun, Azərbaycan. Sizə yaradılan şəraitə, xərclənən milyonlara qarşılıq verin. Bizi aparıb “cırtdanlara” tay etməyin. Yox, edəcəksinizsə, o milyonları havaya sovurmayın. Çox da yuxarılara boylanmağa ehtiyac yoxdur. Özbəkistana baxın, Estoniyaya baxın, lap elə Farer Adalarına baxın. Əl çəkin bu strategiyadan sonrakı bizi alçaltmaq, kiçiltmək strategiyasından. Bizə bu yaraşmaz!

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью