Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990–1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi siyasi fəaliyyət muxtar respublikanı erməni təcavüzündən və blokada təhlükəsindən xilas etməklə yanaşı müstəqil Azərbaycan dövlətçiliyinin təməl qərarlarının verildiyi tarixi dövr olmuşdur.Müstəqilliyimizin tarixinə həkk olmuş bu qərarlardan:1990-cı il 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verilməsi, Naxçıvanın adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul edilməsi,sərhəd qapılarının açılması və İğdır-Naxçıvan körpüsünün (Ümid körpüsü) təməlinin qoyulması məhz Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdur.
Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev Naxçıvanın qorunması, inkişaf etdirilməsi üçün mühüm addımlar atmışdır. Prezident kimi bölgəyə on yeddi dəfə səfər edən İlham Əliyevin siyasətində Naxçıvanın inkişafı yeni mərhələdə davam etdirilir. Son səfər çərçivəsində müasir otel kompleksinin təməlinin qoyulması Naxçıvanın müasir turizm infrastrukturunun inkişafına xidmət edəcəkdir. Bir vaxtlar enerji böhranı ilə üzləşən muxtar respublikada yeni generasiya güclərinin və bərpaolunan enerji mənbələrinin yaradılması onun gələcəkdə enerji istehsalçısı və regional enerji qovşağı kimi mövqeyini gücləndirəcəkdir. Azərbaycanla Ermənistan arasında sülh prosesinin və regional kommunikasiyaların açılması Naxçıvanla Azərbaycan arasında təkcə quru bağlantısının formalaşması deyil həm də regionun Türkiyə, Mərkəzi Asiya və Avropa arasında mühüm nəqliyyat və logistika xəttinə çevrilməsinə şərait yaradacaqdır.
Müdafiə və təhlükəsizlik məsələləri də səfərin mühüm istiqamətlərindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması mərasimində iştirak etdi,Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajını bir daha verdi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirdi.
Dövlət başçısının səfəri Naxçıvanı sadəcə coğrafi təcriddən çıxarmaq deyil,həm də regionun hərbi cəhətdən keçilməz qalmasına, logistik mərkəzə və gələcəyin "yaşıl enerji" mərkəzinə çevirmək məqsədi naminə dövlətimizin siyasi iradəsini birmənalı ortaya qoyur.
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi