Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Ötən il qlobal iqtisadiyyat üçün artan risklərlə yadda qaldı. Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdə gərginliyin dərinləşməsi, dünya ticarət marşrutlarında təhlükəsizlik risklərinin artması, eləcə də ABŞ və Avropada monetar siyasətin uzun müddət sərt qalması maliyyə bazarlarında volatilliyi gücləndirdi. Bu şəraitdə xammal ixracatçısı olan ölkələr üçün əsas çağırış neft gəlirlərinin dəyişkənliyi fonunda büdcə və maliyyə sabitliyinin qorunması oldu.
Azərbaycan üçün bu kontekstdə əsas yük yenə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) üzərinə düşdü. Fondun 2025-ci ilin yekunları üzrə açıqladığı göstəricilər göstərir ki, ARDNF artıq təkcə yığım funksiyasını yerinə yetirən qurum deyil, fiskal sabitliyi təmin edən aktiv maliyyə institutu kimi çıxış edir.
Strateji ehtiyatlarda tarixi rekord: Fondun aktivlərinin artımı əsas amil olub
2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon ABŞ dollarına çatıb. Bu tarixi rekordun formalaşmasında məhz Dövlət Neft Fondunun aktivlərinin artımı həlledici rol oynayıb. Belə ki, ARDNF-in aktivləri ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dollarına yüksəlib ki, bu da illik müqayisədə 22,5% artım deməkdir. Başqa sözlə, Fondun aktivlərinin dəyəri son bir ildə 13,5 milyard ABŞ dolları artıb.
İnvestisiya gəlirləri büdcə sabitliyinin əsas dayağına çevrilib
Fondun investisiya gəlirləri 2025-ci ildə dövlət büdcəsinin maliyyələşdirilməsində mühüm rol göstərərək fiskal sabitliyin qorunmasına ciddi töhfə verib. Hesabat ilində ARDNF-dən dövlət büdcəsinə 14,5 milyard manat transfert edilib ki, bu da əvvəlki illə müqayisədə 13,3% çoxdur.
İl ərzində Fondun investisiya fəaliyyəti nəticəsində ehtiyatlar ümumilikdə 16,1 milyard ABŞ dolları həcmində artım nümayiş etdirib (qızıl və məzənnə fərqi daxil olmaqla). Eyni zamanda neft və qaz gəlirləri 6,0 milyard ABŞ dolları, xərclər isə 8,6 milyard ABŞ dolları təşkil edib. Yaranmış 2,6 milyard ABŞ dolları həcmində kəsir isə 4 milyard ABŞ dolları təşkil edən investisiya gəlirləri hesabına tam şəkildə kompensasiya olunub.
Bu göstəricilər investisiya fəaliyyətinin dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsində və uzunmüddətli fiskal imkanların genişləndirilməsində əsas mexanizmə çevrildiyini göstərir.
Səhm portfeli: institusional yanaşma və 305% ümumi gəlirlilik
ARDNF-in investisiya portfelində əsas artım mənbələrindən biri səhm altportfelidir. Birjada ticarət olunan səhmlər və özəl şirkətlərə yatırımlar üzrə formalaşdırılan bu portfel 2012-ci ildən etibarən mərhələli diversifikasiya strategiyası çərçivəsində genişləndirilib. Son dövrlər Fondun Amazon, NVIDIA, Meta və Tesla kimi qlobal texnologiya nəhənglərinə yatırımları xüsusi diqqət çəkir.
2025-ci ilin 1 oktyabr tarixinə ARDNF-in TOP-10 qlobal nəhəngin səhmlərinə yatırımları 3,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 15% və ya təxminən 500 milyon ABŞ dolları çoxdur. Ümumilikdə 2025-ci il üzrə səhm portfelinin gəlirliliyi 4,3% səviyyəsində formalaşıb. ARDNF-in icraçı direktoru İsrafil Məmmədov “APA-Economics”ə müsahibəsində bildirib ki, səhm altportfelinin idarə edilməsində qlobal səhm bazarı indeksi olan “MSCI World” indeksi bençmark kimi izlənilir. Bu indeksə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1320 şirkətin, o cümlədən texnologiya nəhənglərinin səhmləri daxildir. Yəni Amazon, NVIDIA, Meta və Tesla kimi şirkətlərə yatırımlar fərdi seçim deyil, qlobal bazarları əks etdirən institusional investisiya strategiyasının tərkib hissəsidir.
Seçilmiş strategiya nəticəsində ARDNF səhm indeksləri üzrə yaranma tarixindən etibarən 305% ümumi gəlirlilik əldə edib ki, bu da illik orta hesabla 11,5% gəlirlilik deməkdir. Yatırılmış kapital hesabına ümumilikdə 10 milyard ABŞ dollarına yaxın gəlir formalaşıb.
Qızıl strategiyası: geosiyasi risklər fonunda düzgün zamanlama
Dövlət Neft Fondunun ən uğurlu addımlarından biri qızıla yatırımlar olub. Qlobal geosiyasi və geoiqtisadi çağırışları nəzərə alan ARDNF 2024-cü ildən etibarən bu istiqamətdə daha aktiv bazar addımları atmağa başlayıb. Fond 2024-cü ildə 44,8 ton, 2025-ci ildə isə əlavə olaraq 53,4 ton qızıl alıb. Nəticədə 2026-cı ilin 1 yanvar tarixinə ARDNF-in qızıl ehtiyatları 200 tona çatıb və bu aktivlərin bazar dəyəri 28 milyard 63,2 milyon ABŞ dolları təşkil edib. Qızıl aktivləri Fondun ümumi portfelinin 38,2%-ni formalaşdırır. Paralel olaraq qızılın qiymətinin bir troya unsiyası üzrə 5100 dollara qədər yüksəlməsi bu strategiyanın xüsusilə uğurlu olduğunu göstərir. Son bir ildə Fondun qızıl aktivlərinin dəyəri 15,7 milyard ABŞ dolları artıb.
Neftdən kənar gəlirlərin çəkisi artır
Son beş ilin göstəriciləri göstərir ki, Dövlət Neft Fondunun aktivlərinin artımında əsas rol artıq neft daxilolmaları deyil, investisiya gəlirləri və aktivlərin peşəkar idarə olunması hesabına formalaşan gəlirlərdir. Bu dövrdə investisiya gəlirləri xalis neft gəlirlərini təxminən üç dəfə üstələyib. Ümumi aktiv artımının yalnız 25%-i neft daxilolmaları hesabına, qalan hissəsi isə investisiya gəlirləri, valyuta məzənnə fərqləri və qızılın bazar dəyərinin artımı hesabına təmin olunub.
ARDNF-in icraçı direktoru da vurğulayıb ki, neft gəlirlərində mümkün azalmaların təsirinin yumşaldılmasında investisiya fəaliyyətindən əldə olunan gəlirlərin rolu getdikcə artır. Fond investisiya qərarlarını tək bir göstəriciyə deyil, kompleks risk modellərinə və ehtiyatlı makroiqtisadi fərziyyələrə əsaslanaraq qəbul edir.
ARDNF fiskal sabitliyin strateji dayağı kimi mövqeyini möhkəmləndirir
Qlobal qeyri-müəyyənliklərin dərinləşdiyi bir dövrdə Dövlət Neft Fondunun fəaliyyəti göstərir ki, ARDNF artıq yalnız neft gəlirlərinin yığıldığı ehtiyat fondu deyil, fiskal sabitliyin qorunmasında və makroiqtisadi risklərin idarə edilməsində əsas strateji alətlərdən birinə çevrilib. Şaxələndirilmiş investisiya portfeli, risklərə həssas yanaşma və uzunmüddətli baxış Fondu neftdənkənar gəlirlərin artdığı yeni mərhələyə daşıyır. Bu isə Azərbaycanın maliyyə dayanıqlılığı üçün mühüm struktur üstünlüyü formalaşdırır.