Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqtonun geosiyasi kompası Azərbaycana yönəlib
ABŞ-ın Avrasiya konsepsiyasında Böyük Xəzər hövzəsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın qovuşduğu, qlobal güclərin maraqlarının kəsişdiyi strateji mərkəz hesab olunur. Ağ Evin xarici siyasət gündəmində Şərq–Qərb tranzit dəhlizlərinin təhlükəsizliyinin təmin olunması və alternativ enerji marşrutlarının dayanıqlılığının qorunması Azərbaycanın strateji mövqeyi ilə birbaşa uzlaşır. Çin və Rusiya kimi qlobal güclərin əhatəsində yerləşən Mərkəzi Asiyanın zəngin enerji və xammal resurslarının dünya bazarlarına ən etibarlı çıxış yolu məhz Azərbaycanın formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu üzərindən keçir.
Bu reallıq ABŞ-ın region siyasətində Azərbaycanın rolunu daha da artırır. Vaşinqton transmilli ticarət marşrutlarının fasiləsiz fəaliyyətini qorumaq, regional sabitliyi möhkəmləndirmək və geosiyasi balansı saxlamaq məqsədilə Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı vahid geoiqtisadi platformada birləşdirən Azərbaycanı əvəzolunmaz strateji tərəfdaş kimi dəyərləndirir. Bütün bunlar ABŞ administrasiyasının Bakı ilə münasibətlərə praqmatik maraqlar və uzunmüddətli strateji hesablamalar prizmasından yanaşdığını aydın şəkildə ortaya qoyur.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən sammit Cənubi Qafqazın ABŞ-ın Avrasiya strategiyasında artan əhəmiyyətini bir daha nümayiş etdirdi. Həmin görüş regionda dayanıqlı sülhün təşviqi ilə yanaşı, Cənubi Qafqazın Mərkəzi Asiya ilə vahid geostrateji və geoiqtisadi məkan kimi dəyərləndirilməsi baxımından da mühüm siyasi mesaj verdi. Vaşinqton üçün Azərbaycanın yaratdığı sabitlik, Orta Dəhlizin əsas həlqəsi kimi oynadığı rol, enerji təhlükəsizliyinə verdiyi töhfə və Türk dünyasını Xəzər vasitəsilə Avropa ilə birləşdirən strateji mövqeyi "C5+1" platformasının perspektiv inkişafında Bakını təbii tərəfdaşa çevirir. Bu baxımdan, ekspert dairələrində müzakirə olunan şərti "C6" modeli ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid strateji məkan kimi qiymətləndirməsinin məntiqi nəticəsidir.
Vaşinqtonun Azərbaycanı regional siyasətin əsas dayağı kimi görməsi dərin faktoloji və geoiqtisadi əsaslara söykənir. Azərbaycanın müstəqil xarici siyasəti, güclü iqtisadiyyatı və regional təhlükəsizlik arxitekturasındakı rolu Rəsmi Bakını kənar təsirlərdən azad müstəqil dövlətə çevirir. ABŞ üçün Azərbaycan yalnız enerji tədarükçüsü olmaqla məhdudlaşmır, həmçinin Mərkəzi Asiya resurslarının Avropaya çatdırılmasını təmin edən yeganə təhlükəsiz dəhliz rolunu oynayır. Vaşinqtonun Bakıya göstərdiyi diplomatik və strateji dəstək Cənubi Qafqazda sülhün bərqərar olması və kommunikasiyaların açılması layihələri ilə üst-üstə düşür. İki dövlət arasında enerji, təhlükəsizlik və nəqliyyat sahələrində formalaşan dialoq geostrateji tərəfdaşlığın dayanıqlı olduğunu təsdiqləyir.
Böyük Xəzər dənizi regionu ABŞ-ın Avrasiya strategiyasında geoiqtisadi təhlükəsizliyin əsas açarı sayılır. Xəzər akvatoriyası sahilyanı dövlətlərin suveren hüquqlarını qorumaqla yanaşı, Şərq ilə Qərb arasında təhlükəsiz ticarət platforması funksiyasını daşıyır. Vaşinqton Xəzərdən keçən enerji və logistika xətlərinin kənar güclərin inhisarına düşməməsində maraqlıdır. Azərbaycanın müasir dəniz ticarəti donanması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və sahil infrastrukturu Mərkəzi Asiyanın Qərbə inteqrasiyasına zəmin yaradır. Xəzərin qovuşdurucu rolu ABŞ-ın regiondakı geostrateji hədəflərinin reallaşması üçün maddi-texniki təməl formalaşdırır.
* * *
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz qlobal logistikanın ən etibarlı arteriyası kimi qiymətləndirilir. Şərqi Asiya və Mərkəzi Asiya yüklərinin Avropaya daşınmasında Azərbaycan ərazisi həlledici tranzit mərkəzidir. Bakı–Tbilisi–Qars dəmir yolu xətti və genişləndirilən liman infrastrukturu daşıma müddətini kəskin şəkildə azaldır. ABŞ hökuməti və beynəlxalq maliyyə institutları Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasına və rəqəmsallaşdırılmasına xüsusi diqqət ayırır. Azərbaycanın tranzit qovşağı kimi mövqeyi Mərkəzi Asiya ölkələrinin dənizə çıxış imkanlarını genişləndirərək həmin dövlətlərin geoiqtisadi asılılığını minimuma endirir.
Enerji təhlükəsizliyi və kritik xammal resurslarının nəqli Vaşinqton–Bakı əməkdaşlığında strateji məzmun daşıyır. Azərbaycan uzun illərdir Avropanın qaz təchizatında etibarlı mənbə kimi çıxış etməklə yanaşı, Mərkəzi Asiya karbohidrogen resurslarının Qərb bazarlarına nəqli üçün mühüm tranzit məkanıdır. Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması regional enerji şəbəkəsinin genişləndiyini sübut edir. Eyni zamanda, Mərkəzi Asiyada yerləşən nadir torpaq elementlərinin və kritik mineralların Qərb sənayesinə nəqli məhz Azərbaycanın logistik kanalları vasitəsilə həyata keçirilir. Həmin faktor Vaşinqtonun Bakı ilə geoiqtisadi tərəfdaşlığa verdiyi önəmi daha da artırır.
Təhlükəsizlik və sabitliyin qorunması sahəsində Azərbaycan ilə ABŞ arasında uzunmüddətli koordinasiya mövcuddur. Terrorizmə qarşı mübarizədə, sülhməramlı missiyalarda və kritik infrastrukturların mühafizəsində Rəsmi Bakı etibarlı tərəfdaş reputasiyası qazanır. Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında radikallaşmanın və qeyri-sabitlik ocaqlarının qarşısının alınmasında Azərbaycanın dünyəvi və sabit dövlət modeli mühüm rol oynayır. Vaşinqton regional təhlükəsizlik arxitekturasında Azərbaycanın tarazlaşdırıcı və sabitləşdirici funksiyasını yüksək qiymətləndirir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya prosesləri Böyük Xəzər regionunun geostrateji çəkisini yüksəldir. Azərbaycanın Mərkəzi Asiyanın türk respublikaları ilə qurduğu strateji ittifaq Avrasiyada yeni güc mərkəzinin bərqərar olmasını təmin edir. ABŞ diplomatiyası regional dövlətlərin müstəqil platformalar daxilində qovuşmasını və iqtisadi-siyasi baxımdan möhkəmlənməsini regional sabitliyin rəhni hesab edir.
Rəqəmsal infrastrukturların inkişafı və "Rəqəmsal İpək Yolu" layihəsi Vaşinqtonun regiona dair gündəliyi ilə üst-üstə düşür. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik magistral xətlər Avropa ilə Asiya arasında rəqəmsal məlumat axınının təhlükəsizliyini təmin edir. Azərbaycanın rəqəmsal haba çevrilməsi Mərkəzi Asiya ölkələrinin rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirir. Rəqəmsal marşrutların təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində müştərək addımlar Böyük Xəzər regionunun texnoloji suverenliyini gücləndirir.
Amerikanın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində Azərbaycanın tutduğu mövqe təsadüfi xarakter daşımayaraq, obyektiv geostrateji zərurətdən qaynaqlanır. Vaşinqton Sammiti, "C5+1" dialoqu və Mərkəzi Asiya dövlətlərinin Bişkek görüşləri göstərir ki, Böyük Xəzər regionu Avrasiyanın həlledici geoiqtisadi mərkəzinə çevrilir. Azərbaycanın zəngin tranzit imkanları, enerji infrastrukturu və praqmatik xarici siyasəti Mərkəzi Asiyanın geniş potensialı ilə qovuşaraq yeni Avrasiya reallığı formalaşdırır. ABŞ-ın Azərbaycanı strateji tərəfdaş kimi dəstəkləməsi regionda sabitliyin, iqtisadi inkişafın və qlobal təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Yusif ŞƏRİFZADƏ
XQ