Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
50 milyonluq qardaş xalqın tarixi yüksəlişi
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında ardıcıl şəkildə möhkəmləndiyini bir daha təsdiqlədi. Söhbət artıq yalnız ənənəvi əlaqələr və əməkdaşlıqdan yox, siyasi iradə, iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və ortaq geosiyasi baxışlarla möhkəmlənən strateji müttəfiqlikdən əbədi dostluq münasibətlərinə keçiddən gedir.
Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Prezidentlərinin mühüm istiqamətləri əhatə edən əbədi dostluq münasibətləri haqqında müqavilənin imzalaması iki ölkə arasında münasibətlərin mahiyyətini daha aydın şəkildə ortaya qoyan mühüm siyasi hadisədir. İlk dəfə olaraq Özbəkistanla imzalanan bu sənəd əsrlər boyu xalqlarımızın tarixi yaddaşında, ortaq mədəniyyətində və mənəvi dəyərlərində formalaşmış qardaşlıq münasibətlərinin siyasi müstəvidə daha yüksək səviyyədə təsbitini ifadə edir. Başqa sözlə, tarixən mövcud olan Azərbaycan-Özbəkistan dostluğu artıq dövlətlərarası münasibətlərin hüquqi-siyasi bazasında yeni məzmun qazanır.
Bəllidir ki, Azərbaycan və Özbəkistanı birləşdirən bağlar coğrafi sərhədlərdən daha geniş məna daşıyır. İki ölkə arasında münasibətlərin strateji müttəfiqlik və əbədi dostluq səviyyəsinə yüksəlməsinə yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından yanaşmaq doğru olmaz. Bu, bütövlükdə regional, eyni zamanda Türk dünyasının siyasi, iqtisadi və geosiyasi əməkdaşlıq imkanlarının genişlənməsi baxımından da əhəmiyyətli prosesdir.
Bu əməkdaşlığın yaratdığı potensialı şərtləndirən mühüm amillərdən biri də iki ölkənin böyük insan və iqtisadi resurslara malik olmasıdır. 50 milyona yaxın insanı əhatə edən Azərbaycan–Özbəkistan məkanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız demoqrafik göstəricidən getmir. Bu rəqəm, eyni zamanda, iki ölkənin geniş insan kapitalını, əmək resurslarını, istehlak bazarını, təhsil və innovasiya imkanlarını, habelə qarşılıqlı iqtisadi əməkdaşlıq üçün mövcud potensialı ifadə edir. Eyni kökdən gələn 50 milyona yaxın insanın ortaq tarixi-mədəni dəyərləri və iki dövlətin artan iqtisadi potensialı münasibətlərin gələcək inkişafı üçün mühüm resurs formalaşdırır.
Bununla belə, Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyini və davamlılığını yalnız statistik göstəricilər və iqtisadi maraqlarla izah etmək düzgün olmaz. Bu əlaqələrin fundamental əsasını iki xalq arasında əsrlər boyu formalaşmış tarixi-mədəni bağlılıq, dil və mənəvi dəyərlərin yaxınlığı, qarşılıqlı ehtiram və etimad təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxşaxəli yaxınlıq dövlətlərarası münasibətlərin inkişafı üçün mühüm sosial-mədəni zəmin yaradır. Məhz bu tarixi və mənəvi təməl üzərində son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı strateji maraqlar daha da institusional xarakter alıb. İki ölkə arasında münasibətlər ənənəvi əlaqələr və tərəfdaşlıq çərçivəsindən kənara çıxaraq strateji müttəfiqlik və əbədi dostluq səviyyəsinə yüksəlib.
Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi uzunmüddətli siyasi iradənin, qarşılıqlı etimadın və dövlət başçıları arasında formalaşmış xüsusi münasibətlərin nəticəsidir. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan qarşılıqlı hörmət və etimad iki ölkə arasındakı strateji və əbədi dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin baş tutması isə siyasi dialoqun intensivliyini və münasibətlərin dinamik inkişafını nümayiş etdirir. Qarşılıqlı dövlət səfərləri ikitərəfli münasibətlərin hüquqi-siyasi bazasının daha da möhkəmlənməsinə mühüm töhfə verib. Bu səfərlər çərçivəsində “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” kimi mühüm sənədlərin imzalanması iki ölkənin gələcəyə yönəlmiş əməkdaşlıq modelinin institusional əsaslarını formalaşdırıb. Əbədi dostluq münasibətlərinə dair yeni sənəd isə bu siyasi-hüquqi çərçivəyə münasibətlərin tarixi və mənəvi mahiyyətini tamamlayan əlavə məzmun qazandırır.
Təbii ki, siyasi münasibətlərin yüksələn səviyyəsi iqtisadi əlaqələrin inkişafına da təsir göstərir. Mövcud göstəricilər bu dinamikanı aydın şəkildə nümayiş etdirir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ikitərəfli ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı investisiyaların təşviqi baxımından mühüm mexanizmlərdən biridir. Qarşılıqlı sərmayələrin artırılması, birgə istehsal müəssisələrinin yaradılması, Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda fəaliyyətinin genişləndirilməsi iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir.
Digər tərəfdən, Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız iki milli iqtisadiyyatın qarşılıqlı əlaqələrinin genişlənməsi ilə məhdudlaşmır. İki ölkənin coğrafi mövqeyi, iqtisadi imkanları, nəqliyyat-kommunikasiya potensialı və insan kapitalı daha geniş regional iqtisadi məkanın formalaşması üçün də əlverişli imkanlar yaradır. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın dərinləşməsi bu baxımdan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada, artıq Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilməməlidir. Bu münasibətlər Xəzər hövzəsini, Mərkəzi Asiyanı və daha geniş Türk dünyasını əhatə edən yeni geosiyasi və geoiqtisadi reallığın mühüm elementini təşkil edir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri, Azərbaycan isə Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağıdır. Bu geostrateji üstünlüklərin birləşməsi iki ölkəni Orta Dəhlizin və TRIPP-in inkişafında təbii tərəfdaşlara çevirir.
Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat və logistika xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin ilk altı ayında isə daha 12,2 faizlik artım qeydə alınıb və daşımaların həcmi 675 min ton təşkil edib. Bu göstəricilər iki ölkə arasında siyasi etimadın regional bağlantıların gücləndirilməsinə xidmət edən praktiki mexanizmlərlə tamamlandığını ortaya qoyur.
Digər mühüm istiqamət enerji sahəsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılan “Yaşıl Dəhliz Birliyi” bərpaolunan enerji mənbələrindən əldə edilən enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsini nəzərdə tutur. Bu təşəbbüs Azərbaycan-Özbəkistan əməkdaşlığının yalnız ənənəvi enerji gündəliyi ilə məhdudlaşmadığını, həm də regional enerji təhlükəsizliyi, bərpaolunan enerji və yaşıl transformasiya kimi yeni strateji istiqamətləri əhatə etdiyini göstərir.
Burada daha geniş geosiyasi mənzərə də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Özbəkistan isə Mərkəzi Asiyadan Azərbaycan üzərindən Qərbə çıxış imkanlarına malikdir. Bu coğrafi üstünlüklər siyasi etimad və iqtisadi maraqlarla birləşdikdə yeni regional əməkdaşlıq modelinin əsas konturlarını formalaşdırır. Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasının dərinləşdirilməsi, Orta Dəhlizin gücləndirilməsi, enerji və logistika layihələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması baxımından strateji əhəmiyyətə malik əməkdaşlıq modelidir.
Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsi tarixi yaxınlığın siyasi iradə ilə, siyasi iradənin isə institusional əməkdaşlıqla tamamlandığı bir inkişaf modelini ortaya qoyur. Strateji müttəfiqlik iki dövlətin ortaq maraqlarını sistemli şəkildə uzlaşdırırsa, əbədi dostluq münasibətləri bu əməkdaşlığın tarixi-mənəvi əsasını ifadə edir. Bu iki amilin vəhdəti Azərbaycan-Özbəkistan münasibətlərini yalnız ikitərəfli əlaqələrin uğurlu nümunəsi olmaqla yanaşı, Türk dünyasında yeni əməkdaşlıq və qarşılıqlı inteqrasiya imkanlarının mühüm dayaqlarından birinə çevirir. İki qardaş ölkənin münasibətləri artıq keçmişin ortaq dəyərlərindən gələcəyin ortaq layihələrinə doğru inkişaf alır. Bu münasibətlərin əsas xüsusiyyəti siyasi bəyanatların konkret layihələrlə, tarixi qardaşlığın müasir iqtisadi maraqlarla, ikitərəfli əməkdaşlığın isə regional strategiya ilə tamamlanmasıdır.
Dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi, bir sıra digər mühüm sənədlərin imzalanması, birgə layihələrin təqdimatı və verilən mühüm mesajlar yalnız Bakı ilə Daşkənd arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini yox, Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan yeni əməkdaşlıq coğrafiyasının perspektivlərini müəyyənləşdirir. Azərbaycan-Özbəkistan müttəfiqliyi artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq daha geniş regional geosiyasi və geoiqtisadi proseslərin mühüm dayaqlarından birinə çevrilməkdədir.