Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” informasiya agentliyinə verdiyi müsahibə iki qardaş ölkə – Azərbaycan və Qazaxıstan arasında möhkəm siyasi, iqtisadi və mənəvi birliyin növbəti təzahürü oldu.
Dövlət başçımızın müsahibəsində səsləndirdiyi fikirlər bu gün regionda və bütövlükdə türk dünyasında formalaşan yeni geosiyasi reallıqları, qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulan münasibətlərin dərin mahiyyətini bir daha nümayiş etdirdi.
Azərbaycan ilə Qazaxıstan əlaqələri tarixən ortaq köklərə, dil, din və mədəniyyət birliyinə əsaslanır.
Ulu öndər Heydər Əliyevin və Qazaxıstanın görkəmli lideri Nursultan Nazarbayevin yaratdığı dostluq və əməkdaşlıq təməli bu gün Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev tərəfindən müasir tələblərə uyğun şəkildə inkişaf etdirilir.
Bu gün iki ölkə arasındakı münasibətlər təkcə diplomatik səviyyədə deyil, eyni zamanda siyasi etimad, qarşılıqlı dəstək və qardaşlıq prinsipləri üzərində möhkəm şəkildə qurulub.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsində vurğuladığı kimi, Azərbaycan ilə Qazaxıstanın siyasi əlaqələri hazırda ən yüksək mərhələsinə çatıb.
İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında ortaq maraqları müdafiə edir.