Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Azərbaycanla yeni qəbul etdiyimiz Strateji Tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub: ticarət, investisiya və iqtisadi artım; innovasiya və təhsil; müdafiə və təhlükəsizlik”.
525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Strateji Tərəfdaşlıq ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur və həm Britaniya, həm də Azərbaycan vətəndaşları və biznesləri üçün real faydalar vəd edir:
“Enerji münasibətlərimizin əsas sütunu olaraq qalır və biz üç onillik əməkdaşlığımızın təməli üzərində irəliləyirik. "Xlinks" və "Green Energy Corridor Company" arasında Xəzərin təmiz enerjisinin Avropa bazarına ötürülməsini nəzərdə tutan Anlaşma Memorandumunu alqışlayır və bu istiqamətdə görülən işləri dəstəkləyəcəyik. Əməkdaşlığımız, eyni zamanda yeni sahələri əhatə edir. Azərbaycan şirkətlərinin səhmlərinin həm Bakı, həm də Londonda listingini təşviq etmək məqsədilə London və Bakı fond birjaları arasında əlaqələrin inkişafını dəstəkləyirik. Bununla yanaşı, regionun nəqliyyat, infrastruktur və mədənçilik sektorlarına Britaniya investisiyalarını cəlb etmək üçün azərbaycanlı tərəfdaşlarımızla işləyirik”.
İnnovasiya və təhsil sahəsindən danışan səfir deyib ki, Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələrimizi daha da gücləndirəcək. Buraya süni intellekt və rəqəmsal transformasiyanın sürətləndirilməsi, insanların zəruri bacarıqlarla təmin olunması və mühüm sahələrdə gələcəyin iş yerlərinin yaradılması daxildir. Ələt Azad İqtisadi Zonasında Britaniya şirkətləri ilə birlikdə qabaqcıl məlumat mərkəzi infrastrukturunun inkişafı istiqamətində fəal əməkdaşlıq edirik.
“Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir. Böyük Britaniya uzun illərdir ki, Azərbaycanın Dövlət Proqramı üzrə təhsil alan tələbələri üçün ən populyar istiqamətdir. Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən "Chevening" təqaüd proqramı istedadlı azərbaycanlılara magistr təhsillərini Böyük Britaniyada davam etdirmək imkanı yaradır. 2027/28 tədris ili üçün son yeddi ilin ən yüksək müraciət sayını qeydə almaqdan qürur duyuruq.
Tələbələrimiz, tədqiqatçılarımız, müəllimlərimiz və təhsil müəssisələrimiz arasında mövcud əlaqələri gücləndirməyə davam edirik. British Council 1993-cü ildən etibarən Azərbaycanda bu işdə mühüm rol oynayır. Mövcud tərəfdaşlıqları daha da genişləndiririk – Warwick Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Bərpa Olunan Enerji" ixtisası üzrə birgə magistr proqramı çərçivəsində əlavə dörd tələbə qrupunun təhsilinə başlayıb”.
Pərvanə Sultanova