Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib.
Bakıvaxtı.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.
Adelaida Universitetinin geokimyaçısı Erik Vandenburqun rəhbərlik etdiyi alimlər Qərbi Avstraliyadakı Pilbara kratonundan əldə edilmiş qədim vulkanik süxurları tədqiq ediblər. Onların kimyəvi tərkibi göstərir ki, planetin səthindəki su Yer kürəsinin dərin qatlarına nüfuz edib və burada vulkanları qidalandıran maqmanın yaranmasında iştirak edib.
Tədqiqatçıların fikrincə, həmin dövrdə müasir plitə tektonikası hələ formalaşmamışdı. Buna görə də suyun mantiyaya daşınması başqa bir mexanizm – "dripduksiya" vasitəsilə baş verə bilərdi. Su ilə zəngin, daha soyuq və sıx Yer qabığı hissələri isti mantiyaya doğru bataraq orada suyu sərbəst buraxa və bununla da maqmanın yaranmasına şərait yarada bilərdi.
Tədqiqat göstərir ki, Yer səthi ilə onun dərin qatları arasındakı qarşılıqlı əlaqə əvvəllər düşünüldüyündən xeyli daha erkən başlayıb. Bu proses vulkanik fəaliyyətə, qitələrin formalaşmasına və həyat üçün zəruri olan kimyəvi elementlərin yenidən paylanmasına təsir göstərmiş ola bilər.
Alimlər qeyd edirlər ki, yaşı 3 milyard ildən çox olan süxurlar olduqca nadirdir. Buna görə də Pilbarada qorunub saxlanılan nümunələr Yerin erkən tarixi haqqında unikal məlumat əldə etməyə imkan verir.