Su problemini necə həll edə bilərik? KÜNCDƏN BAXIŞ

22.01.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elçin Bayramlı

BMT-nin hesablamalarına görə, dünyanın yarısından çox hissəsi su çatışmazlığından əziyyət çəkir və bu problem 2025-ci ilə qədər 60 faiz artacaq. Dünya əhalisinin 40%-nin yaşadığı 80 ölkə su çatışmazlığı yaşayır. Azərbaycanda da bu sahədə vəziyyət qənaətbəxş deyil və ölkəmiz su stressi altında olan ölkələr qrupuna daxildir.

Azərbaycan əhalinin sayına və əraziyə nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Adambaşına düşən və ərazinin hər kv kilometrinə düşən su ehtiyatına görə Cənubi Qafqazda ən çətin vəziyyət bizdədir. Azərbaycanda ümumi su ehtiyatı 21, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir.

Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Qlobal quraqlıq və su problemi kəskinləşəndə ölkə xaricindən gələn su mənbələrindən su götürmək mümkün olmaya bilər. Bu vəziyyətdə qonşu ölkələr transsərhəd çaylardakı su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcək. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir.

Bu səbəbdən bizim su ehtiyatlarını düzgün idarə etməyimiz həyati dərəcədə vacibdir.

Azərbaycanda su itkisi problemi uzun illərdir ki, davam edir. Biz su itkiləri üzrə dünyada yüksək göstəricilərə malikik. Bu rəqəm 30-35 faiz civarındadır. Yəni, suyun təxminən üçdə biri itirilir. Dünya üzrə qəbul olunmuş norma isə 5–6 faizdir. Bizdə isə bu göstərici normadan 6–7 dəfə yüksəkdir.

Bu vəziyyət su təsərrüfatı sistemində idarəetmənin zəifliyi, strategiya planlaşdırmasının olmaması və resursların düzgün bölüşdürülməməsi ilə bağlıdır. Bunlar subyektiv səbəblərdir. Lakin objektiv səbəblər də var. Qlobal istiləşmə, quraqlıq prosesləri yağıntıların, həmçinin çaylarda, göllərdə suyun azalmasına səbəb olur.

Bizdə əsas itkilər suyun ötürülməsi zamanı baş verir, xüsusilə torpaq kanallar vasitəsilə həyata keçirilən suvarma sistemlərində. Azərbaycanda 1,5 milyon hektara yaxın torpağın suvarılmasına imkan verən, uzunluğu 50 min kilometrdən çox olan su kanalları var ki, bunların da 90 faizdən çoxu torpaq kanallardır. Torpaq kanallarla da suyun ötürülməsi böyük su itkisinə yol açır. Belə ki, su bu kanallarda təyinat nöqtəsinə çatanadək əhəmiyyətli bir hissəsi torpağa hopur və buxarlanıb gedir. Bu səbəbdən torpaq kanalların beton və boru kanallara çevrilməsi işlərini artırmağa ehtiyac var.

Bundan əlavə, suvarmada da ciddi su itkisinə yol verilir, belə ki, selləmə suvarmanın geniş yayılması və damcılı çiləmə üsullarının az tətbiqi də su sərfiyyatını artırır. Damcılı və çiləmə üsulu suya 4–5 dəfə qənaət edir, amma selləmə suvarma 4-5 dəfə daha çox su sərf edir. Yaşıllıqların suvarılması zamanı da ciddi su israfına yol verilir. Bir çox yerlərdə normadan xeyli artıq suvarılma aparıldığını müşahidə edirik. Yeni innovativ texnologiyaların tətbiqi su istifadəsini xeyli azaltmağa imkan verə bilər.

İçməli su sistemində də müəyyən problemlər var. Tez-tez qəzalar, boruların qırılması və su sızmaları nəticəsində suyun itkisinə yol verilir və əhali içməli su ilə təminatda çətinlik çəkir. Bundan əlavə, suyun israfı da ayrı bir problemdir. Bəzi yerlərdə sayğacların olmaması və su pulunun adambaşına hesabı ilə götürməsi nəticəsində bəzi abonentlər suyu lazım olduğundan dəfələrlə çox istifadə edir və israfa yol verir.

Daha bir problem isə, texniki su infrasturkturunun qurulmaması ilə bağlıdır. Nəticədə min bir əziyyətlə gətirilən içməli su sənaye müəssisələri, avtoyuma məntəqələri və sair yerlərdə istifadə olunur.

2030-a qədər Azərbaycanda quraqlıq prosesinin güclənəcəyi proqnoz edilir. Bu səbəbdən suvarma sistemlərinin genişləndirilməsi, yeni su ehtiyatlarının yaradılması və düzgün idarə olunması vacibdir. Əhalinin də qənaətli istifadə etməsi əsasdır.

Su həm iqtisadiyyat, həm aqrar sektor, həm də əhalinin birbaşa həyatı üçün həyati vacibdir. Yaxın 3–5 il ərzində bu məsələlərin həlli vacibdir, əks halda gələcəkdə su böhranı ciddi fəsadlara səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью