Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiyada sualtı mühitin daha sürətli və dəqiq öyrənilməsinə imkan verəcək süni intellekt əsaslı yeni texnologiyanın hazırlanmasına başlanılıb.
Bu barədə Yaponiyanın NEC Corporation şirkəti rəsmi açıqlamasında məlumat yayıb.
Məlumata görə, NEC sualtı akustika üzrə təməl modelin hazırlanması ilə bağlı müqavilə əldə edib. Layihə Yaponiyanın Müdafiə Avadanlıqları Agentliyinin Müdafiə İnnovasiyaları Elm və Texnologiya İnstitutunun “İnnovativ sıçrayış tədqiqatları” proqramı çərçivəsində həyata keçirilir.
Tədqiqat zamanı böyük həcmdə sualtı akustik məlumatların özünütəlim üsulu ilə süni intellekt modelinə öyrədilməsi nəzərdə tutulur. Şirkətin bildirdiyinə görə, məqsəd böyük dil modellərinə bənzər generativ süni intellekt imkanlarını sualtı akustika sahəsinə tətbiq etməkdir.
Hazırlanacaq model sualtı hadisələrin daha operativ və dəqiq təhlilinə, həmçinin okeanın rəqəmsal əkizinin yaradılmasına imkan verə bilər. Texnologiyanın gələcəkdə dəniz canlılarının və resurslarının öyrənilməsi, ətraf mühitin monitorinqi, eləcə də dəniz dibində baş verən proseslərin araşdırılması kimi sahələrdə tətbiqi nəzərdə tutulur. NEC yüksək dəqiqlikli zəlzələ proqnozlaşdırılması istiqamətində də potensial imkanların yarana biləcəyini bildirir.
Şirkətin məlumatına əsasən, layihənin əsas mərhələsinin 2027-ci maliyyə ilinə qədər başa çatdırılması planlaşdırılır. Yeni tədqiqat süni intellektin tətbiq dairəsinin okean və sualtı proseslərin öyrənilməsinə qədər genişləndiyini göstərən mühüm elmi-texniki təşəbbüslərdən biridir.
N.Adilqızı
XQ