Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəfləyir.
Sənədə əsasən, gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması hədəflənir. Bununla yanaşı, sənədə əsasən, Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.
Bundan başqa, Proqramda hava nəqliyyatı ilə qeyrimüntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi yer alıb.
Qeyd edək ki, son illər ölkədə turizmin inkişafı istiqamətində müəyyən addımların atıldığı bildirilsə də, mövcud statistika bu sektorun o qədər də inkişaf etmədiyini göstərir. Eləcə də kənd təsərrüfatına müəyyən məbləğdə subsidiya ayrılmasına baxmayaraq, elə bir ciddi irəliləyiş müşahidə edilmir, ölkə yenə də idxaldan asılı vəziyyətdədir. Yeni Dövlət Proqramı, eləcə də turizmə subsidiyanın ayrılması bu sektorun inkişafına gətirib çıxaracaqmı?
Məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, Dövlət Proqramı ölkədə turizm sektoru üçün ciddi şəkildə fərq yarada və turist axınına səbəb ola bilər:
“Eyni zamanda, burada üç yeni rekreasiya zonasının, turizm mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Araşdırmalar göstərir ki, Azərbaycanda adambaşına düşən otaqların, yerləşmə yerlərinin sayı elə də çox deyil. Dünya ortalamasından müəyyən qədər geri qalır. Bu, həm də inestisiya təşviqinə əsas verir ki, gələcəkdə ölkədə otellərin tikintisi, onlara subsidiyaların, müəyyən qədər güzəştlərin əldə edilməsi kimi mexanizmin işə düşməsi, infrastrukturun daha sürətlə aparılmasına, eyni zamanda turistlərin ölkəmizə gəlməsinə və turizm çeşidlənməsinə öz müsbət təsirini göstərə bilər.
Rekreasiya zonalarında mehmanxanaların və yerləşmə vasitələrinin tikilməsi və bu zonaların tələblərinə uyğun turizm məhsullarının yaradılması əsas şərtlərdən biridir. Eyni zamanda, burada güzəştli maliyyələşmənin təmin olunması, yerləşmə yerlərinin, turizm infrastrukturunun inkişafına səbəb olacaq.
Eləcə də rəqabət mühitinin formalaşmasına təsir göstərə bilər. Ancaq proqramda ən əsas məsələlərdən biri kimi liberal yanaşma ilə ölkəyə turist axınının indiki səviyyədən ən azı iki dəfə çox gətirilməsi nəzərdən keçirilir.
Bununla bağlı da hava yollarının, çarter reyslərinə müəyyən dəstəyin olması kimi məsələlər nəərdə tutulur. Burada uçuş coğrafiyasının genişlənməsini onsuz da AZAL nəzərdə tutur.
Ancaq burada daha çox digər beynəlxalq hava yollarından səmərəli istifadə nəzərdə tutulur. Çarter reyslərinə müəyyən fondlar vasitəsilə dəstək olunması daha çox turistlərin glməsinə səbəb ola bilər. Burada ən birinci səbəb kimi turistlərin Azərbaycanı seçməsində həlledici rolu olan hava nəqliyyat xərcləri baxımından da liberal addımlr atılmaqla, biz bu xərcləri azalda bilərik.
Nəqliyyat xərclərini aşağı salmaqla, xüsusilə də bu, regional beynəlxalq hava limanları vasitəsilə həyata keçirilərsə, daha çox turistin Azərbaycana gəlməsini təmin edə bilərik”.
Ekspertin sözlərinə görə, hətta hədəflər də müəyyən olunub. Belə ki, 2030-cu ilə qədər 4 milyona yaxın turist gətirilməsi hədəflənir:
“Bu, elə də böyük rəqəm deyil, əlçatandır. Nəzərə alsaq ki, turizm sahəsi özlüyündə digər sahələrin də inkişafını stimullaşdırır. Əgər söhbət kəd təsərrüfatından gedirsə, bu sahə ilə bağlı müxtəlidf layihələr həyata keçirilir, subsidiyalar ayrılır.
Ancaq son dövrlər cənab Prezident də öz çıxışında bildirdi ki, rəqəmlər nədənsə dəyişmir, ciddi fərqi burda görmək olmur. Yəqin ki, burada işin təşkilinə diqqətlə baxılmalıdır.
Çünki kənd təsərrüaftı daha müasir suvarma, dərmanlama üsulları, eləcə də aqronomların, mütəxəssislərin müdaxilələri ilə olmalıdır və bu, daha çox koordinasiyalı şəkildə təşkil olunmalıdır. Kənd təsərrüfatı məhsullarının becərilməsi istiqamətində dövlət dəstək verir, subsidiyalaşma həyata keçirir.
Bütün bunlar kənd təsərrüfatının inkişafına səbəb olmalıdır. Ancaq turizmin inkişafı həm də kənd təsərrüfatı məhsullarını təşviq etdiyi üçün müəyyən qədər onu da dəstəkləmiş olacaq”.
Ekspertin fikrincə, turizmə subsidiyaların ayrılması xüsusi əhəmiyyət kəsb edir:
“Xüsusilə də regionlardakı hava limanlarına çarter reyslərinin cəlb olunması, burada kiçik və orta sahibkarlığın baxımından subsidiyalrın verilməsi, otel, yerləşdirmə yerlərinin tikintisi, turizm infrastrukturu ilə bağlı addımlara ehtiyac var”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Subsidiya Ceyhun Aşurov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin