Süd xolesterini artırırmı? Dietoloqlardan açıqlama

24.11.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər gün süd içmək, tərkibində doymuş yağların olmasına baxmayaraq, qanda xolesterinin səviyyəsini artırmaya bilər. Dietoloqlar bildirirlər ki, ürək sağlamlığı üçün əsas məsələ təkcə bir məhsulun istehlakı deyil, ümumi qidalanma rejimidir.

Lent.az xarici mediaya istinadən mütəxəssislərin  südün xolesterinə təsiri ilə bağlı açıqladıqları  maraqlı məqamları təqdim edir.

Məlumata görə, bir stəkan süd orqanizmi təxminən 8 qram zülalla, həmçinin kalsium, fosfor, kalium, B12 vitamini və riboflavinlə təmin edir.

Südün xolesterinə təsiri ilə bağlı narahatlıqlar əsasən onun tərkibindəki doymuş yağlarla əlaqədardır. Məlumdur ki, doymamış yağların əvəzinə doymuş yağların qəbul edilməsi qanda xolesterinin, o cümlədən “pis” xolesterin hesab edilən aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsini yüksəldə bilər.

Lakin mütəxəssislər məsələyə yalnız bu baxımdan yanaşmağın düzgün olmadığını bildirirlər. Onların sözlərinə görə, süd məhsullarının orqanizmə təsirində “süd matrisi” adlanan anlayış da mühüm rol oynayır. Bu, südün tərkibindəki müxtəlif qida maddələrinin və digər komponentlərin birlikdə yaratdığı təsiri ifadə edir.

Süd “pis” xolesterini artırırmı?

Mütəxəssislərin sözlərinə görə, aparılan araşdırmalar südün xolesterin səviyyəsinə əsasən neytral, bəzi hallarda isə müsbət təsir göstərə biləcəyini ortaya qoyur.

Tədqiqatlarda süd istehlakının ümumi xolesterinin və LDL səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu müəyyən edilməyib.

Bəzi kiçik araşdırmalarda isə “yaxşı” xolesterin hesab edilən yüksək sıxlıqlı lipoproteinlərin (HDL) səviyyəsində cüzi artım müşahidə olunub.
Maraqlıdır ki, südün yağlılıq dərəcəsi də nəticələrə gözlənildiyi qədər böyük təsir göstərməyə bilər.

Tədqiqat zamanı iştirakçılar üç həftə ərzində gündə iki stəkan tam yağlı və ya yağsız süd içiblər.

Tam yağlı südün tərkibində daha çox doymuş yağ olmasına baxmayaraq, hər iki qrupa daxil olan şəxslərin LDL və ümumi xolesterin səviyyələri arasında əhəmiyyətli fərq aşkarlanmayıb.

Beləliklə, südün xolesterinə təsiri onun yağlılıq dərəcəsindən, qəbul edilən miqdardan və insanın ümumi qidalanma rejimindən asılı olaraq dəyişə bilər. Xolesterini yüksək olan şəxslər üçün isə az yağlı süd məhsullarına üstünlük vermək daha təhlükəsiz seçim hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью