Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Süd Yolunda ulduzların və planetlərin yarandığı bölgələrdə böyük həcmdə ulduzlararası buz ehtiyatları aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, Harvard-Smitson Astrofizika Mərkəzinin Qari Melnikin rəhbərlik etdiyi astronomlar qrupu NASA-nın SPHEREx kosmik rəsədxanasının məlumatları əsasında ulduzlararası buzun indiyədək ən geniş xəritəsini hazırlayıb.
2025-ci ilin martında kosmosa buraxılan SPHEREx səmanı infraqırmızı diapazonda müşahidə edir. Buz infraqırmızı şüalanmanın müəyyən dalğa uzunluqlarını udduğu üçün ulduz işığı fonunda fərqlənir. Alimlər bu üsulla Cygnus X və Şimali Amerika Dumanlığı kimi tanınan aktiv ulduzəmələgəlmə bölgələrində sıx toz buludlarının arasında yerləşən buz ehtiyatlarını müəyyən ediblər.
Müşahidələr göstərib ki, donmuş su toz hissəciklərinin səthində toplanır və yüzlərlə işıq ili boyunca uzanan buludlarda mövcud ola bilir. Bu buludlar zamanla sıxılaraq yeni ulduzların və planetlərin yaranmasına şərait yaradır. Buzun bir hissəsi də formalaşan planetlərin tərkibinə daxil olur.
Qari Melnikin sözlərinə görə, ulduzların yarandığı bölgələrdə böyük həcmdə buzun mövcudluğu gələcək planetlərin su ehtiyatlarını necə əldə etməsi sualına mümkün cavab verir. Alim ehtimal edir ki, Yer kürəsindəki suyun əhəmiyyətli hissəsi, hətta hamısı ilkin mərhələdə ulduzlararası buz şəklində yaranmış ola bilər.
James Webb Kosmik Teleskopu da əvvəllər bu tip bölgələri müşahidə edib. Lakin SPHEREx daha geniş əraziləri əhatə edən xəritələr hazırlayaraq ulduz qrupları miqyasında buzun yayılmasını araşdırmağa imkan verir.
İki il davam etməsi planlaşdırılan missiya çərçivəsində SPHEREx bütün səmanı dörd dəfə skan edəcək. Tədqiqatçılar əldə edilən məlumatlardan Qalaktikadakı buz ehtiyatlarını daha dəqiq qiymətləndirmək və su ilə zəngin planet sistemlərinin yarana biləcəyi yeni bölgələri müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırırlar.
Murad İsmayıl