Sudanda qızıl mədəninin çökməsi nəticəsində 13 nəfər ölüb, 6 sı yaralanıb

29.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 29 yanvar, AZƏRTAC

Sudanın cənubundakı qızıl mədəninin çökməsi nəticəsində 13 nəfər ölüb, 6-sı yaralanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, çökmə Cənubi Kordofan əyalətindəki Umm Fakrun mədənində tərk edilmiş 5 şaxtada baş verib.

Sudan Mədən Resursları Şirkəti bildirib ki, çökən şaxtalar tərk edilib və istismardan çıxarılıb, lakin mədənçilər qanunsuz yolla orada işləyiblər.

2013-cü ilin aprelində ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan müharibə Sudanın iqtisadiyyatına ciddi ziyan vurub və iş yerlərinin itirilməsinə səbəb olub.

Buna baxmayaraq, Sudan Mədən Resursları Şirkəti 2015-ci ildə rekord səviyyədə - 70 ton qızıl çıxarıb. Bu da son 5 ildə ən yüksək səviyyədir. Lakin qızılın çox hissəsinin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması halları baş verir. Sudanın maliyyə naziri Cibril İbrahimin açıqlamasına görə, ötənilki 70 ton qızıldan yalnız 20 tonu rəsmi kanallar vasitəsilə ixrac edilib.

Sudan Afrika qitəsinin ən böyük qızıl istehsalçılarından biridir. Lakin əksəriyyətində ənənəvi istehsal üsullarından istifadə edilən mədənlərdə lazımi təhlükəsizlik tədbirlərinin yoxluğu, eləcə də təhlükəli kimyəvi maddələrdən istifadə insan ölümlərinə səbəb olur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью