Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, 2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsullar da hesablanacaq. Yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində təsərrüfatda sağılmış südün ümumi miqdarı müəyyənləşdirilərkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən, pay şəklində verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq. Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək. Yumurta istehsalında da oxşar qayda tətbiq olunacaq. Belə ki, yumurtaların satılmasından, şəxsi istehlak, inkubasiya və ya digər məqsədlər üçün istifadə edilməsindən asılı olmayaraq, onların hamısı hesablanacaq.
İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, bir heyvandan gündəlik orta süd verimi və faktiki sağım dövrünün müddəti əsasında müəyyənləşdiriləcək. Məsələn, təsərrüfatda üç sağmal inək saxlanılırsa, hər birindən gündə orta hesabla səkkiz litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik süd istehsalı 7200 litr kimi qeydə alınacaq. Yumurta istehsalı da dəqiq illik say məlum olmadıqda yumurtlayan quşların sayı və müxtəlif dövrlər üzrə orta yumurtlama səviyyəsi əsasında hesablana bilər. Qaydada göstərilən nümunəyə əsasən, 10 yumurtlayan toyuqdan gündə orta hesabla beş yumurta əldə edilərsə, illik istehsal 1825 ədəd təşkil edəcək.
İqtisadçı ekspert Asif İbrahimov deyir ki, ev təsərrüfatlarının uçota alınması Azərbaycanda yeni tətbiq olunan proses deyil. Belə uçot əvvəllər də mövcud olub və müvafiq qaydada həyata keçirilib. Hazırda isə bu sahədə uçotun aparılması mexanizmi təkmilləşdirilir, məlumatların daha sistemli toplanması, dəqiqləşdirilməsi və müasir idarəetmə tələblərinə uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilir. Ona görə də bu prosesi tamamilə yeni tətbiq kimi təqdim etmək düzgün olmaz. Burada əsas məsələ mövcud uçot sisteminin təkmilləşdirilməsi, məlumat bazasının daha dolğun və aktual vəziyyətə gətirilməsi, dövlət idarəetməsində həmin məlumatlardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsidir: "Kəndlinin üç inəyindən əldə etdiyi südün hər litri, həyətində saxladığı toyuqların yumurtası da dövlət statistikasının predmetinə çevriləcək. İlk baxışdan qərarın məqsədi kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirməkdir. Lakin ölkənin mövcud iqtisadi reallıqları fonunda belə təşəbbüslərin nə dərəcədə prioritet olması müzakirə doğurur. Azərbaycanın iqtisadi inkişaf modelində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması əsas hədəflərdir. Bu baxımdan aqrar siyasətin icrasında nəticəyönümlü yanaşmanın səviyyəsi ciddi suallar yaradır".
İqtisadçının sözlərinə görə, bu prosesin iqtisadi və sosial mahiyyətini düzgün anlamaq vacibdir. Ev təsərrüfatlarının uçotunun əsas məqsədi ölkədə insanların faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluq vəziyyəti, torpaqdan istifadə imkanları və fərdi təsərrüfat fəaliyyəti haqqında daha dolğun məlumat əldə etməkdir. Məsələn, müəyyən bir kənddə neçə ailənin yaşadığını, onların nə qədər torpaq sahəsindən istifadə etdiyini, neçə nəfərin kənd təsərrüfatı ilə məşğul olduğunu, neçə baş iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanıldığını bilmək dövlətin aqrar siyasətinin planlaşdırılması üçün əhəmiyyətlidir. Bu məlumatlar əsasında kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinə, sosial infrastrukturun qurulmasına və dövlət dəstəyi tədbirlərinin planlaşdırılmasına dair daha əsaslandırılmış qərarlar qəbul etmək mümkündür.
Ekspert qeyd edir ki, süd və yumurta istehsalının real həcmini müəyyənləşdirmək üçün alternativ statistik metodlardan da istifadə etmək mümkündür: "İstehsal həcmini seçmə müşahidələr, təsərrüfatların iqtisadi göstəriciləri və mövcud inzibati məlumat bazaları əsasında hesablamaq olar. Hər bir fərdi təsərrüfatın gündəlik istehsalını ayrıca nəzarət predmetinə çevirmək hansı əlavə iqtisadi səmərə yaradacaq? Bu işə sərf ediləcək resurslar kənd təsərrüfatının inkişafına yönəldilsə, daha böyük nəticə əldə etmək mümkün olmazmı? Ailənin öz istehlakı üçün istehsal etdiyi süd və yumurtanın statistik uçota alınması özlüyündə vergi öhdəliyi yaratmır. Vergi öhdəliyi yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yaranır. Bununla belə, məlumatların gələcəkdə vergi və digər inzibati nəzarət mexanizmlərində istifadə olunması ilə bağlı vətəndaşların sualları cavablandırılmalıdır. Statistik uçotun hüquqi çərçivəsi, məlumatların məxfiliyi və fərdi təsərrüfat sahiblərinin üzərinə düşən öhdəliklər dəqiq açıqlanmalıdır".
İqtisadçı ekspert Razi Abbasbəylinin fikrincə, ev təsərrüfatları ilə bağlı dəqiq statistik məlumatların toplanması aqrar sektorda mövcud vəziyyətin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün vacibdir: "İlk növbədə nəzərə almaq lazımdır ki, hökumətin aqrar sektorun inkişafı ilə bağlı dəqiq strateji proqramları olmalıdır. Belə proqramların hazırlanması üçün isə faktlara əsaslanan statistik məlumatlar tələb olunur. Hökumət həmin məlumatları təhlil etməklə hansı regionlarda ev təsərrüfatlarının inkişaf etdiyini, hansı ərazilərdə istehsalın zəif olduğunu müəyyənləşdirə bilər. Bu günə qədər Azərbaycanda belə bir statistik baza lazımi səviyyədə formalaşmamışdı. Bu da dəqiq təhlillərin aparılmasını çətinləşdirirdi".
Kənd təsərrüfatında dəqiq statistik məlumat bazasının formalaşdırılması, ilk növbədə, dövlətin aqrar siyasətinin düzgün qurulması üçün vacibdir. Çünki istehsalın real həcmi, təsərrüfatların sayı və regionlar üzrə fəaliyyət göstəriciləri haqqında məlumat olmadan aqrar sahənin inkişafına dair effektiv qərarlar qəbul etmək çətindir. Yeni uçot mexanizmi vasitəsilə hansı bölgələrdə kənd təsərrüfatı istehsalının artdığını, hansı ərazilərdə isə gerilədiyini müəyyənləşdirmək mümkün olacaq. Bu məlumatlar dövlət dəstəyinin istiqamətləndirilməsi, istehsal imkanlarının qiymətləndirilməsi və aqrar sahədə mövcud problemlərin müəyyən edilməsi baxımından əhəmiyyətlidir:
"Bəlkə kiməsə elə gələ bilər ki, uçotun məqsədi təsərrüfatları əlavə öhdəliklərlə yükləməkdir. Təbii ki, belə deyil. Əsas məsələ onların fəaliyyətini və istehsal imkanlarını düzgün qiymətləndirməkdir. Toplanan məlumatlar məhz bu məqsədə xidmət edəcək. Bu isə həm kiçik fermerlərin ehtiyaclarını müəyyənləşdirməyə, həm də kənd təsərrüfatının ümumi inkişaf istiqamətlərini planlaşdırmağa imkan verəcək. Məsələn, süd, yumurta, ət və digər məhsulların istehsalı barədə dəqiq məlumatlar əldə etmək mümkün olacaq ki, bu da ölkədə ərzaq istehsalının ümumi mənzərəsini müəyyənləşdirmək deməkdir".
Sevinc QARAYEVA