Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2027-ci il yanvarın 1-dən etibarən fermerlərin istehsal etdiyi süd və yumurta da daxil olmaqla kənd təsərrüfatı məhsullarının qeydiyyatı elektron sistem üzərindən aparılacaq. Yeni qaydalar kənd təsərrüfatı istehsalının daha dəqiq uçotunun aparılmasını nəzərdə tutur.
Bəs bu dəyişiklik fermerlərə və kənd sakinlərinə necə təsir edəcək? Məhsulların qeydiyyata alınması kiçik təsərrüfat sahibləri üçün əlavə öhdəliklər yaradacaq, yoxsa onların gəlirlərinin rəsmiləşdirilməsinə və maliyyə imkanlarının genişlənməsinə şərait yaradacaq?
Turkustan.az bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladı.
Günay Hüseynova
Yeni qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən fermerlərin istehsal etdiyi məhsullar elektron sistemdə qeydiyyata alınacaq. Əvvəlki illərdə də bu sahədə qeydiyyat və statistik göstəricilərlə bağlı müəyyən qeyri-dəqiqliklər mövcud idi. Yeni qərarla isə məhsul istehsalı və həcmi elektron sistemdə əksini tapacaq.
Nəzərdə tutulan yenilik və məhsulların siyahıya alınması tamamilə qanuni mexanizmdir. Əgər vətəndaş kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur, istehsal etdiyi məhsulun bir hissəsini şəxsi istehlakına ayırır, qalan hissəsini isə satışa çıxarırsa, bununla bağlı hər hansı narahatlığa ehtiyac yoxdur.
Bu mexanizm təkcə kəndlinin vergi yükünün müəyyənləşdirilməsi baxımından deyil, həm də onun maliyyə mənbələrinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətlidir.
Belə ki, əvvəllər fermerlər kreditə müraciət etdikdə, evlərinə elektronika almaq və ya ipoteka kreditindən yararlanmaq istədikdə rəsmi gəlirləri sistemdə görünmədiyi üçün imtina ilə üzləşirdilər. Artıq məhsulların siyahıya alınması nəticəsində şəxsin gəlirləri barədə məlumatlar sistemdə əks olunacaq və bu kimi problemlərin aradan qalxmasına şərait yaranacaq. Düşünürəm ki, gələcəkdə təsərrüfat sahiblərinə gəlir orderi də təqdim olunacaq.
Yeni qaydaların fermerlərin fəaliyyətinə, xüsusilə də kiçik təsərrüfatlara təsirinə gəlincə, zaman-zaman sosial şəbəkələrdə fermerlərin məhsulların satış qiymətlərinin aşağı olmasından və istehsal xərclərinin çoxluğundan şikayət etdiklərini görürük. Hətta bir neçə ay əvvəl etiraz məqsədilə bir fermer çəlləkdəki südü yerə tökmüşdü.
Yeni sistemin tətbiqi ilə gəlir və xərclər də rəsmi şəkildə qeydə alınacaq. Düşünürəm ki, növbəti aylarda heyvanlar üçün yem tədarükü prosesi də elektronlaşdırılacaq. Hətta ödənişlərin köçürmə yolu ilə aparılması təmin edilə, hər bir fermerin nə qədər yem aldığı elektron sistemdə görünə bilər.
Bununla yanaşı, hesab edirəm ki, növbəti mərhələdə heyvanların satışı da elektronlaşdırılacaq. Məsələn, fermerin 15 baş iribuynuzlu heyvanı var və onlardan dördünü satıb. Lakin heyvanların kimə satıldığı, əldə olunan gəlirin necə rəsmiləşdirildiyi və vergi ödənişləri barədə məlumatlar sistemdə əks olunmur. Yeni mexanizmlə bu kimi halların da aradan qaldırılması mümkün olacaq.
Aytən Yaşar/Turkustan.az