Sükan arxasında yataraq qəza törətdi, qızı HƏLAK OLDU

26.01.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Culfa Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Rahib Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 

İttihama görə, Rahib Həsənov 09 sentyabr 2025-ci il tarixdə, saat 23:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Nexia” markalı avtomobillə Naxçıvan–Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olub.


Müəyyən edilib ki, o, qanunun tələblərini pozaraq, yəni mexaniki nəqliyyat vasitəsini xəstə, əzgin və yorğun vəziyyətdə idarə etməməli olduğu halda buna əməl etməyib, maşını yorğun və yuxusuz vəziyyətdə idarə edərək sükan arxasında yatıb. Nəticədə Culfa rayonu ərazisinə düşən yolun 28-ci kilometrliyində avtomobilin idarəetməsini itirən təqsirləndirilən şəxs nəqliyyat vasitəsi ilə yolun sağ kənarındakı dərəyə düşüb. Hadisə zamanı avtomobildə olan qızı Rüqəyya Həsənova aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Qəza zamanı Rahibin digər ailə üzvləri isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər alıb.
Məhkəmə iclasında Rahib Həsənov ifadə verərək özünü qeyd olunan maddə üzrə təqsirli bilib. O deyib ki, ailəsi ilə birlikdə Culfa şəhərində yaşayır, Naxçıvan şəhərində usta işləyir. Hadisə günü – 09 sentyabr 2025-ci il tarixdə, saat 21 radələrində ailə üzvlərini gəzdirmək məqsədilə etibarnamə ilə idarə etdiyi “Nexia” markalı avtomobillə Culfa şəhərindən Naxçıvan şəhərinə yola düşüb. Avtomobildə anası, həyat yoldaşı və övladları (2 qızı) olub.
Təqsirləndirilən şəxs ailəsini Naxçıvan şəhərində “Əyləncə adası”na apardığını, uşaqlar əyləndikdən sonra yenidən Culfa şəhərinə qayıtmaq üçün yola çıxdığını bildirib. Onun sözlərinə görə, həmin gün işinin ağır olması səbəbindən yorğun olub. Hərəkət zamanı bir anlıq sükan arxasında yuxuya gedib və avtomobilin titrəməsi ilə ayılaraq nəqliyyat vasitəsinin dərəyə düşdüyünü görüb.
 

O, avtomobildən düşərək ilk növbədə uşaqları yola çıxardığını, yoldan keçən sürücünün polisə və təcili tibbi yardıma məlumat verdiyini, daha sonra polis əməkdaşının onları Naxçıvan şəhərində yerləşən xəstəxanaya apardığını qeyd edib.


Rahib hadisənin baş verməsinə hər hansı kənar maneənin səbəb olmadığını, qəzanın sükan arxasında yatması nəticəsində baş verdiyini bildirib və törətdiyi əməldən peşman olduğunu, məhkəmədən ona köməklik göstərilməsini xahiş edib. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью