Sükutun danışdığı gün 27 Sentyabr

27.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün şəhid məzarları önündə qərənfillər daha ağır görünür... Sanki hər bir gül ləçəyi bir ananın göz yaşından, hər bir məzar daşı yarımçıq qalmış bir ömürdən xəbər verir. Külək şəhid xiyabanında dalğalanan bayrağa toxunduqca, insanın qulağında bir çağırış səslənir: unutma! Çünki burada uyuyanlar sadəcə torpağa tapşırılmış insanlar deyil, Vətənin azadlığı üçün öz ömrünü Vətənə bağışlayanlardır.

27 Sentyabr Azərbaycan xalqının yaddaşında sözlə ifadəsi çətin olan bir ağrının və eyni zamanda böyük qürurun tarixidir. Bu tarix bizə bir daha xatırladır ki, hər qarış torpağın arxasında bir insan taleyi, bir ailənin göz yaşları, bir ananın duaları və Vətən yolunda canından keçən qəhrəmanın adı dayanır.

Bəzən tarix kitablarının səhifələrinə sığmayan hadisələr olur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi də belə bir tarixdir. Həmin gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük müharibə xalqımızın taleyində yeni bir səhifə açdı. Lakin qələbənin sevincinə gedən yol şəhidlərimizin qanı ilə yazıldı.

Bu gün biz həmin yolun başlanğıcını – 27 Sentyabrı Anım Günü kimi qeyd edirik. Azərbaycan Respublikasının Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram günü kimi təsis edilib.

Bu gün ölkənin hər yerində sükut danışır. Şəhid məzarlarının qarşısında dayanan anaların gözləri danışır, övladını itirmiş ataların susqunluğu danışır, atasının şəklinə baxan körpələrin baxışları danışır. Bu sükutun içində minlərlə qəhrəmanın adı yaşayır...

Şəhidlik Azərbaycan xalqının yaddaşında ən müqəddəs dəyərlərdən biridir. Vətən uğrunda canından keçən hər bir qəhrəmanın ömrü yarımçıq qalsa da, onun adı tarix qarşısında əbədiyyət qazanır. Bu gün azad Qarabağın yollarında dalğalanan üçrəngli bayrağımızın hər titrəyişində onların nəfəsi, hər qələbə sevincində onların əmanəti var.

Zaman keçəcək. Bu gün döyüşlərin şahidi olan nəsillər qocalacaq, yeni nəsillər dünyaya gələcək. Qarabağın yenidən qurulan şəhərlərində uşaqlar güləcək, məktəblərdə dərslər keçiriləcək, küçələrdə həyat öz axarı ilə davam edəcək. Amma heç bir zaman şəhidlərin adı unudulmayacaq. Çünki onlar bu torpağın tarixində yalnız bir tarixə deyil, bütöv bir Vətən yaddaşına çevriliblər.

27 Sentyabr həm hüzn, həm qürur günüdür. Bu gün gözlərdə yaş, ürəklərdə fəxr var. Çünki Azərbaycan öz şəhidlərini unutmadığı kimi, onların uğrunda can verdiyi Vətəni də daim yaşadacaq.

Bu gün başımızı aşağı əyirik, amma ruhumuz ucalır. Şəhidlərimizin qarşısında baş əyirik – onların müqəddəs xatirəsi qarşısında, anaların göz yaşları qarşısında, Vətən üçün yarımçıq qalmış ömürlər qarşısında...

Sükut edirik. Çünki bəzi sözlər var ki, onları deməyə söz çatmır.

Ruhunuz şad olsun, Vətənimizin qəhrəman övladları!

Nurəngiz Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью