Sülh danışıqları, yoxsa... Əbu Dabi görüşü nə vəd edir?

05.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Noyabrın 10-11-də Rusiya və Ukrayna arasında danışıqlar keçiriləcək. ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə baş tutacaq danışıqlarda təhlükəsizlik məsələlərinin, gərginliyin azaldılmasının, humanitar təşəbbüslərin və sülh sazişinin imzalanmasına yönəlmiş mümkün addımların müzakirəsi planlaşdırılır.

Maraqlıdır ki, bu görüşün effektiv nəticəsi olacaqmı? ABŞ-nin bu prosesdə vasitəçi kimi neytrallığını qoruya bilməsi mümkündürmü?

Mövzu ilə bağlıBakıvaxtı.az-a danışanpolitoloq Natiq Miri bildirib ki, görüşün ciddi siyasi nəticəsi olması üçün tərəflər müharibəni bitirməyə hazır olmalıdır:

"Ukrayna tərəfi buna hazır görünsə də, Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirməyə hazır olmadığı aşkardır. Çünki müharibəni bitirmək istəyən tərəf həm cəbhə xəttində, həm də Ukraynanın bütün mülki infrastrukturlarını, enerji infrastrukturlarını yerlə-yeksan etməz.Bu gün Rusiya dövləti, Rusiya ordusu Ukrayna ordusundan daha çox Ukrayna xalqı ilə müharibə aparır. Çünki bütün hədəflər mülki hədəflərdir. Yaşayış məskənləri, mülki infrastrukturlar, hətta insanları daşıyan nəqliyyat vasitələri, mədəniyyət mərkəzləri belə birbaşa hədəfə alınır. Hər gün kütləvi olaraq Ukraynanın mülki insanları məhv edilir. Əməliyyatların bu cür şiddəti göstərir ki, Vladimir Putin müharibəni bitirməyə hazır deyil".

Politoloq hesab edir ki, danışıqlar Putinin sanksiyalardan yayınmaq cəhdidir. Bu cür sülh danışıqları Putin üçün daha çox zaman qazanmağa yarayır.

"Rusiya danışıqlara razı olmasa, Donald Trampın Konqresin hər iki palatasının təsdiq etdiyi və imzaladığı sanksiyaların tətbiq olunma məcburiyyəti yaranacaq. Məhz danışıqlar bəhanəsi ilə Donald Tramp bu sanksiyaları müvəqqəti dayandırdı. Bununla kifayətlənmədi, üstəlik Rusiyaya neft satışına, o cümlədən dizel yanacaqlarının satışına icazə verdi. Bu da Rusiyaya əlavə maliyyə imkanları deməkdir ki, həm də müharibənin uzadılması anlamına gəlir", - deyə müsahibimiz qeyd edib.

Natiq Miri: Danışıqlar Putinin sanksiyalardan yayınmaq cəhdidir

N. Mirinin fikrincə, Putin müharibəni hakimiyyətinin davamı kimi görür. O bu gün müharibəyə qurduğu rejimin davamı kimi baxır:

"Rusiyanın indiki dəhşətli problemləri fonunda kimsə "niyə bu cür problemlər var və həll olunmur" sualını birbaşa Kremlə ünvanlamır. Çünki ortada böyük bir bəhanə var və bu bəhanə müharibədir. Ancaq müharibə bitirildiyi təqdirdə bu problemləri həll etmək lazım olacaq ki, onda da Putinə veriləcək sualların miqyası dəfələrlə artacaq. Buna görə də indiki vəziyyətdə Putin üçün rejimi qorumağın ən yaxşı vasitəsi elə müharibədir.O baxımdan mən bu danışıqları da növbəti dəfə aldadıcı və vaxt qazanmaq xarakterli hesab edirəm. Əslində bu, Donald Tramp siyasətinin uğursuzluğunun bariz nümunəsi olacaq".

Politoloqun sözlərinə görə, Trampın siyasəti neytrallıq deyil. Trampın Rusiyaya güzəşt siyasətinin acı nəticələri ortaya çıxana qədər Amerika prezidenti "neytrallığını" qorumağa çalışacaq. Çünki onun həyata keçirdiyi siyasət neytrallıq deyil, Rusiyadan yana siyasətdir.

"Çox yaxın zamanda Rusiyanın öz mövqelərindən ciddi şəkildə geri çəkilməyəcəyi həqiqəti üzə çıxacaq. Yalnız bundan sonra Tramp məcburiyyət qarşısında Rusiyaya yönəlik siyasətini bir qədər sərtləşdirə bilər. Çünki artıq Donald Tramp ciddi mənada "topal ördəyə" çevrilib. Artıq onun istənilən qanunvericilik təşəbbüsü və istənilən vəzifəyə təyinatları həm Senatda, həm də Nümayəndələr Palatasında qılıncla qarşılanacaq", - Natiq Miri vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью