Sülh gündəliyi yeni regional əməkdaşlıqlara yol açır ŞƏRH

16.11.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması Cənubi Qafqazın gələcək inkişafı baxımından əsas şərtlərdən biridir. Azərbaycan bu məqsədə nail olmaq üçün ardıcıl siyasi iradə nümayiş etdirir, postmünaqişə mərhələsində yeni reallıqların beynəlxalq hüquq normaları əsasında qəbul edilməsinə və dövlətlərarası münasibətlərin normallaşdırılmasına çalışır. Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mühüm siyasi məna daşıyır. Sənəddə Vaşinqton Sülh Zirvəsinin 2025-ci il avqustun 8-də qəbul edilmiş Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında normallaşma istiqamətində atılan sonrakı addımların alqışlanması və Böyük Britaniyanın davamlı sülh səylərinə dəstəyini təsdiqləməsi ölkəmizin sülh gündəliyinə beynəlxalq dəstəyin ifadəsidir.

Bəyannamənin bu müddəaları Britaniyanın regiondakı proseslərə yanaşmasının mühüm cəhətini üzə çıxarır: davamlı sabitlik birtərəfli yanaşmalarla deyil, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa sadiqlik və birbaşa dialoq əsasında formalaşa bilər. Sənəddə BMT Nizamnaməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə xüsusi istinad edilməsi də əhəmiyyətlidir. Azərbaycan uzun illərdir məhz bu prinsipləri müdafiə edir və regionda sülhün möhkəmlənməsini qarşılıqlı etimadın, legitim maraqların nəzərə alınmasının vacib nəticəsi hesab edir. Böyük Britaniyanın iki ölkə arasında dialoq yolu ilə davamlı sülhə nail olunmasına dəstək verməsi normallaşma prosesinə beynəlxalq dəstəyi gücləndirir.

Regional sülhün iqtisadi əməkdaşlıqla tamamlanması Bəyannamənin digər mühüm məntiqidir. Sənəddə Orta Dəhlizin inkişafının, nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsi qanunauyğundur. Çünki təhlükəsiz və işlək bağlantılar region ölkələri arasında ticarəti genişləndirir, yeni investisiya imkanları yaradır və qarşılıqlı asılılığı əməkdaşlıq üstünlüyünə çevirir. Bu yanaşma Azərbaycanın irəli sürdüyü TRİP layihəsinin məqsədləri ilə də uzlaşır: maneəsiz və etibarlı nəqliyyat əlaqələri regionun iqtisadi potensialının açılmasına, Şərq-Qərb marşrutlarının şaxələndirilməsinə xidmət edə bilər. Böyük Britaniyanın bağlantıların inkişafına və Orta Dəhlizə dəstək ifadə etməsi ölkəmizin prioritetlərinin nəzərə alındığını göstərir.

Beləliklə, Dublin Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin yeni mərhələsini müəyyənləşdirmir, həm də Cənubi Qafqazda sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya arasında qarşılıqlı bağlılığı ön plana çıxarır. Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi regionun gələcəyinə dair müsbət gözləntiləri gücləndirir. Sənədin siyasi əhəmiyyəti də məhz ondadır ki, tərəflər sabitliyi ümumi bəyanatlarla deyil, dialoq, hüquqa hörmət və praktiki əməkdaşlıqla möhkəmləndirmək niyyətlərini ortaya qoyurlar.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşklilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью